ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton “Amerikanın Səsi” radiosu və “Turan” Agentliyinə müsahibəsində İrana qarşı sanksiyalar, orta və qısa mənzilli raket sazişi, Cənubi Qafqazda təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsi, insan hüquqlarından danışıb
Strateq.az saytı Con Boltonla geniş müsahibəni oxuculara təqdim edir:
– Sizin Azərbaycanda səfərdə olduğunuz gün, oktyabrın 24-da ABŞ Konqresinin “Azadlığı Dəstək Aktına 907-ci düzəliş”in qəbulundan 26-cı il ötür. Rusiya bir qayda olaraq bu düzəlişdən istifadə edərək Azərbaycanda Qərb dövlətləri ilə müqayisədə ticarət üstünlüyünü, o cümlədən hərbi texnika, silah, sursat satışında üstünlüyünü saxlamaqdadır. Sizcə, “907-ci düzəliş”in bütövlükdə aradan qaldırılmasının vaxtı çatıbmı?
– “907-ci düzəliş”dən danışarkən deyərdim ki, bu, sırf Konqres tərəfindən qəbul olunmuş bir düzəlişdir. Ümumiyyətlə, ABŞ-ın icra hakimiyyətinə aidiyyatı olmayan bir məsələdir və artıq biz bunun şahidi olmuşuq ki, ABŞ-ın bir neçə prezidenti tərəfindən sözügedən düzəlişin təsir müddəti saxlanılıb. Biz də vəziyyətlərə baxaraq bu düzəlişin mövcudluğunun nə qədər uyğun olub-olmaması məsələsini nəzərdən keçirmişik. Vaxtaşırı olaraq Amerika prezidentləri sözügedən düzəlişə müvəqqəti olsa da xitam veriblər. Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, Azərbaycana səfərim zamanı cənab prezident başda olmaqla münaqişə barədə fikirlərimizi bölüşmüşük. Ümumiyyətlə, bölgədə və beynəlxalq gündəmdə olan bir sıra əhəmiyyət kəsb edən məsələləri müzakirə etmişik.
– Ekspertlər orta və qısa mənzilli raket sazişi ilə bağlı bəyanatları yeni silahlanma yarışının başlanması kimi qiymətləndirirlər. Buna Rusiya prezidentinin bu il yeni nəsil Rusiya raketlərini nümayiş etdirməsi də bir nümunədir. Rusiyanın silahlanması şəraitində ABŞ postsovet ölkələrinin təhlükəsizliyini nəzərə alırmı?
– Cənubi Qafqaz ABŞ üçün hər zaman əhəmiyyət kəsb edən bölgə olub. Bu, Azərbaycana xüsusi qaydada şamil oluna bilər. Ona görə ki, Azərbaycan həm Rusiya, həm də İranla həmsərhəd dövlətdir. Bir də ABŞ-ın raketlərə dair olan sazişdən çıxmasının səbəbi ondan ibarətdir ki, Rusiya Federasiyası tərəfindən sözügedən sazişin pozulması nəzərə alınıb. Biz bilirik ki, Rusiya Federasiyası, ümumiyyətlə, bu sazişdən kənara çıxaraq elə silahlar hazırlayıb ki, ətrafda olan dövlətlərə bu silahlar vasitəsi ilə zərbələr endirə bilər. Mən belə demək istərdim ki, ümumiyyətlə, beynəlxalq müstəvidə olan təhlükəsizliyə və sabitliyə olan risklər ABŞ-ın bu sazişdən çıxmasından deyil, sadəcə olaraq, Rusiyanın sözüzgedən sazişə dair kobud rəftarı və onun pozulmasıdır.
– Tarixin nümunə dərsləri var. Rusiya və İranda vəziyyətin gərginləşməsi Cənubi Qafqaz ölkələrində təhlükələrin artmasına birbaşa təsir edən əsas amillərdir. Bu iki dövlətə qarşı sanksiyaların dairəsinin genişləndirilməsi şəraitində Cənubi Qafqazda yarana biləcək təhlükələrlə bağlı nə fikirdəsiniz?
– ABŞ-ın İranın nüvə prorqamına dair sazişdən çıxmasının müxtəlif səbəbləri var. Bu səbəblərdən biri ondan ibarətdir ki, ümumiyyətlə, İran tərəfindən hər hansı bir strateji nöqteyi-nəzərdən sözügedən sazişə sadiqlik göstərmək cəhdləri olmayıb. Biz İranın bu sazişdə iştirakını, sadəcə, qeyri-effektiv gördük.
Eyni zamanda biz bilirik ki, İranın uzaq mənzilli raketlərin istehsalı, beynəlxalq terrorçulara dəstək göstərməsi və digər halda İraqda, Suriyada, Yəməndə hərbi əməliyyatlara dəstək verməsi İranın həmin sazişdə iştirakını sual altında qoyub. Yenə də qeyd etmək istəyirəm ki, bölgəyə və beynəlxalq müstəvidə təhlükəsizliyə və sabitliyə yaranan təhlükələr İranın sözügedən sazişə öz yaxşı davranışını göstərməməsidir. Biz iqtisadi nöqteyi-nəzərdən təzyiqlər göstərmək vasitəsi ilə İranı öz davranış qaydalarını dəyişməyə vadar etmək istəyirik.– ABŞ-ın İrana sanksiyalarını genişləndirməsi,- beynəlxalq bank hesablaşmalarına, neft satışına qadağaların tətbiqi regionda Suriya və İraqdan sonra yeni gərginlik ocağının yaranmasına təkan verə bilər. Təbii ki, 10 miliyonlarla azərbaycanlının yaşadığı İranda gərginliyin yaranması regionda bu ölkə ilə ən çox quru sərhəddi olan Azərbaycanın milli və humanitar təhlükəsizliyinə birbaşa təsir edən amillər kimi qiymətləndirilir. Bu təhlükələr sizin Azərbaycan rəsmiləri ilə danışıqlarınız zamanı müzakirə mövzusu olubmu?
– Bəli, prezident Əliyevlə və xarici işlər naziri ilə bu kimi məsələləri danışmışıq və bəzi məsələləri müzakirə etmişik. Bizim məqsədimiz ondan ibarətdir ki, İrana maksimal qaydada təsirlərin tətbiqini həyata keçirək və bu zaman dostlarımıza, təbii ki, Azərbaycan da bu sıradadır, lazım olmayan zərər yetirməyək. Bəli, biz mövcud olan sanksiyaları daha da çox genişləndirməyi planlaşdırırıq. Eyni zamanda yeni sanksiyaların tətbiqi də nəzərdən keçirilir. Məqsədimiz İrana qarşı sanksiyaların təsirini maksimal artırmaqdır. Yəni, istəyirik ki, bu vəziyyətdə elə hərəkət edək ki, bizim ətrafda olan dostlarımıza lazım olmayan xələl yetirməsin.
– Səfəriniz zamanı Azərbaycanda insan hüquqları və demokratik islahatlarla bağlı məsələlər söhbət mövzusudurmu? “Amnesty İnternational” təşkilatı sizə müraciətində Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı məsələləri hökumətin qarşısında qaldırmağınızı xahiş edib. 2006-cı ildən bəri ABŞ-la Azərbaycan arasında 3 dəfə canlanan və səngiyən insan haqları və demokratiya dialoqu yenidən canlana bilərmi? Bir də “Azadlıq” radiosunun Bakı bürosunun fəaliyyətinin bərpası ilə bağlı məsələ gündəliyinizə daxildirmi?
– Bəli, biz cənab prezidentlə insan haqları məsələlərinə dair müəyyən məsələləri müzakirə etdik. Özəl qaydada bizim müzakirələrimiz oldu. Onu da qeyd etmək istərdim ki, ABŞ-ın insan haqlarına dair məsələləri nə qədər vacib hesab etməsi özlüyündə bir sirr deyil. Yenə cənab prezident Trampın dediyi sözlərə qayıtmaq istəridm ki, biz suverenliyə çox hörmətlə yanaşırıq və hər hansı bir ölkəyə bu baxımdan mühazirələr oxumaq niyyətində deyilik. Siz “Azadlıq” radisounun Azərbaycandakı ofisi barədə sual verdiniz. Yəni, bu məsələ barədə soruşduqmu. Yox, sırf bu barədə məsələ qaldırmamışıq. Yadıma salıram ki, mənim həyat yoldaşım müəyyən vaxt əvvəl məhz sözügedən radioda işləyib.
– Səfəriniz regiondakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına hansı yeni çalarlar gətirə bilər? Rusiyada Cənubi Qafqazdakı münaqişələrin nizamlanması məsələsi barədə fikir mübadiləsi aparmısınızmı?
– Azərbaycan prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsinə dair fikirlərimizi bölüşdük. Eyni zamanda Azərbaycana gəlməmişdən öncə Moskvada aidiyyatı olan Rusiya rəsmiləri ilə bölgədə olan vəziyyəti və bölgəyə dair məsələləri müzakirə etdik. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir və ona görə biz bölgənin strateji əhəmiyyətini nəzərə alaraq Azərbaycan və Ermənistan arasında daha yaxşı anlaşmanın əldə olunmasının tərəfdarıyıq. Bu sahədə çalışaraq Minsk Qrupu çərçivəsində fəaliyyətimizi davam etdirəcəyik.
– ABŞ keçmiş Yuqoslaviyada vətəndaş müharibəsinin aradan qaldırılmasını ehtiva edən Deyton sazişinin müəllifidir. Siz Dağlıq Qarabaş münaqişəsində Deyton sazişinin təcrübəsindən istifadə edərək tərəfləri sülhə məcbur etməyi düşünürsünüzmü?
– Dağlıq Qarabağ münaqişəsini özlüyündə bir unikal münaqişə kimi səciyyələndirmək istərdim. Ümumiyyətlə, hər bir münaqişənin özünəməxsus xüsusiyyətləri var. Hər bir münaqişə öz xüsusiyyəti ilə seçilən bir ssenaridir.
Ona görə mən özlüyündə müxtəlif münaqişə ssenarilərini uyğunlaşdırmaq istəmirəm. Sadəcə olaraq, Sovet İttifaqının dağılmasından sonra ABŞ illər boyudur ki, münaqişəyə daxil olan tərəflərin arasında sülh sazişinin əldə olunması, onların suverenliklərinin qorunması şərti ilə barışmasına təkan verən bir dövlətdir. Dağlıq Qarabaq münaqişəsi barədə danışarkən yenidən demək istərdim ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Mən bura ABŞ-ın siyasətini dəyişmək üçün yox, məsələləri daha yaxşı anlamaq üçün gəlmişəm.
MilliYol.Az