Ermənistanın keçmiş baş naziri Karen Karapetyan Rusiyanın “Zarubejneft” şirkətinin Direktorlar Şurasının üzvü olacaq
Bu barədə “Kommersant” qəzeti etibarlı mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, hazırda maliyyəçi Rayr Simonyanın tutduğu müstəqil direktor vəzifəsi Karapetyana verilə bilər. Bu addım həm Karapetyanın 2000-2010-cu illərdə Rusiyanın dövlət şirkətlərində uzun və etibarlı karyerasının nəticəsi, həm də Karapetyana edilən siyasi jest kimi qiymətləndirilib.
Qəzet yazıb ki, Ermənistanın yeni hökuməti ilə yaxşı münasibətlər qurmağa cəhd etməklə yanaşı, Rusiya rəhbərliyi Karapetyana vəzifə verməklə bir növ Yerevana və erməni elitasına siyasi mesaj da ötürür ki, Moskva əvvəlki siyasi liderləri unutmur.
Həmçinin, “Zarubejneft” böyük neft şirkəti olmamasına baxmayaraq, onun 6 nəfərdən ibarət Direktorlar Şurasının Rusiyanın sabiq iri məmurlarından formalaşması Karapetyanın hələ də Kremlin siyasi orbitində “faydalı” fiqur olduğunu göstərir.
Erməni KİV-ləri yazır ki, bu, Ermənistanın yeni hökuməti, xüsusən də, baş nazir Nikol Paşinyana ciddi xəbərdarlıq olacaq. Həm də sübut edəcək ki, Moskvanın Ermənistan hakimiyyəti üçün alternativləri çoxdur. Bu cür alternativlərə Putinlə şəxsi əlaqələrə malik Robert Koçaryan, həmçinin Rusiya ilə biznes bağları olan erməni milyonçu və parlamentin deputatı Qaqik Tsarukyan da daxildir.
Azvision.az xatırladır ki, Ermənistandakı "məxməri inqilab"dan sonra yaranan siyasi böhranda məhz Putinin zəngindən sonra Karapetyan Paşinyanla danışıqlardan imtina etmişdi.
MilliYol.Az