Elşən Musayev:" Din dövlətdən ayrıdır, dövlət dindən yox"
Son zamanlar daxili və xarici siyasətdə baş verən çox mühüm hadisələrlə bağlı suallarımıza cavab almaq üçün millət vəkili, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevə müraciət etdik. Onunla “Yeni Müsavat”ın redaksiyasında gerçəkləşən müsahibəni təqdim edirik.
- Elşən bəy, xoş gəlmisiniz.
- Xoş gününüz olsun.
- Başlayaq Qarabağ mövzusundan. Məlum kontekstdə abstrakt gedişat müşahidə olunur: Hakimiyyətə gəldikdən sonra Paşinyanın və ailəsinin verdiyi açıqlamalar, Beynəlxalq Təşkilatlarda təmsil olunan bəzi ermənipərəst deputatların qondarma rejimlə sıx təmasa keçməsi və s. Nə baş verir ya da verməkdədir?
- Paşinyan hakimiyyətə “Qarabağ klanı”nın dəstəyini qazanmadan gəlib, bu səbəbdən birinci etapda bütün cəhdlər ona hesablandı ki, həmin klan zərərsizləşdirilsin, ən azından neytrallaşsın. Eyni zamanda parlament. Hansı ki, 80 faiz etibarilə Sarkisyanın adamlarıdır. Düzdür, haqlı olaraq soruşa bilərsiniz, bəs hazırkı parlamentdən 3-də 2 çoxluqla səs necə alındı və hakimiyyət dəyişdi? Bu artıq mövcud şəraitin və qlobal təsirlərin nəticəsi idi. Böyük xalq ordusu, gözlənilməz təpki, fors-major durum və ən nəhayət, Rusiyanın seyrçi qalması Sarkisyan üçün alternativ qoymadı. Getdi. Fəqət, aydın məsələdir ki, qayıtmaq üçün getdi.
- Yəni, qayıtmaq şansı var.
- Qayıtmaq istəyi var.
- Rusiya niyə seyrçi qaldı?
- Çünki Sarkisyanın Qərblə açıq işbirliyi təsbit olundu.
- Amma Paşinyan da Qərbyönümlüdür.
- Tamamilə doğrudur. Sadəcə fərq ondadır ki, dünyanın böyük gücləri yönümü əvvəldən bəlli olanların yönümünü dəyişməyə çalışır, satqınları isə bitirir. Bəzən hətta susqunluqla. Müstəqil siyasət yürütməməyin, yürüdə bilməməyin bədəli budur.
- Paşinyan növbəti parlament seçkilərində özünə uyğun heyət formalaşdıra biləcəkmi?
- Çətin görünür. Çünki mövqeləri əhəmiyyətli dərəcədə sarsılıb. Amma bunu bacarsa, ardınca çox böyük həbs dalğası başlayacaq. Elə bir dalğa ki, erməni həbsxanaları həmin dalğanı qarşılayacaq qüdrətdə deyil. Hətta Paşinyan tərəfindən bunun işartıları da verilib - bir neçə siyasinin istintaqa cəlb edilməsi ilə. Sadəcə paralel xətdə cəmiyyətin impulsu da önəmlidir, nəzərə alınır. Ona görə tələsmir, götür-qoy edir və deyim ki, bəzən Azərbaycanla, Qarabağla bağlı səsləndirilən dəxilsiz açıqlamalar da Paşinyanın affekt durumda fikir yayındırma cəhdidir. Hərçənd qlobal baxışın ehtiva etdiyi mənzərə budur ki, mövcud durumda Qarabağ savaşının başlaması ən az Paşinyanın özünə sərf edir və bu bəlkə də hazırkı situasiyada onun sonu deməkdir. Ayrıca, nəzərə alaq ki, Rusiya ilə münasibətlər də son 30 ilin ən soyuq, aşağı dinamikaya yönələn etapındadır.
- Yəni, Rusiyadan qopmuş Ermənistan məhvə məhkumdur.
- Qarabağ münaqişəsində ədalətsiz tərəf kimi ad çıxarmış, minlərlə günahsız insanın qan haqqına girmiş, Xocalı boyda qətliamı törətməkdən çəkinməmiş Ermənistan bütün hallarda məhvə məhkumdur.
- Bir müddət öncə həmkarınız Qüdrət Həsənquliyev belə bir bəyanatla çıxış etdi ki, Qarabağ düyününün açarı Rusiyadır, danışıq onlarla getməlidir və media, sosial şəbəkələr bu haqda geniş müzakirələr açdı. Fikri müdafiə edənlər də tapıldı, təpki verənlər də.
- Qüdrət bəy bu ölkənin ən ləyaqətli, ən dövlətcil, ən dürüst insanlarından biridir. Məsələ ilə bağlı düşüncəm isə bundan ibarətdir ki, onun söylədiyi bəzi cümlələr həmin vaxt əsas kontekstdən çıxarılmışdı. Kimə necə sərf etmişdisə, elə də şərh vermişdi.
- Siz o fikirlə razısınız ki, Qarabağ düyününün açarı Rusiyanın əlindədir?
- Mən o fikirlə razıyam ki, Qarabağın işğal olunmuş əraziləri birmənalı şəkildə düşmən tapdağından, erməni separatçılarından azad olunmalı, ərazi bütövlüyümüz təmin edilməlidir.
- Ölkədə bir neçə ay öncə ciddi hadisələr baş verdi, icra başçısı güllələndi, 2 polis zabiti qətlə yetirildi. Bu həqiqətən terror idi, yoxsa dövlət məmuruna qarşı fərdi aqressiyadan doğan nəticə?
- İstənilən insana, ələlxüsus da dövlətin önəmli postunda oturan şəxsə qarşı qeyri-qanuni, silahlı addım cinayətdir. Lokal və ya qeyri-lokal səviyyədə. Fərq etməz. Mövzuya hansı rakursdan baxırsan bax, adını nə qoyursan qoy: terror, silahlı basqın, sui-qəsdə cəhd, qanlı cinayət – yenə dəyişən bir şey olmayacaq. Bu addım hüquqi dövlətin, müasir sivilizasiyanın məqbullar siyahısında ola, təqdir edilə bilməz.
- Gəncə hadisələrində din faktoru vardımı?
- Bu sualın cavabını məhkəmə istintaqı verəcək.
- Ümumən din faktorunun hüquqi dövlətdə qabardılması nə dərəcədə məqbul və düzgündür? Hətta əsas qanunumuz konstitusiyaya görə də din dövlətdən ayrıdır.
- Din dövlətdən ayrıdır, dövlət dindən yox.
- Mövzunun səmtini bir az dəyişək: son vaxtlar siyasi cəbhənin tanınmış, eyni zamanda yaşlı simaları öz müsahibələrində açıqca bildirdilər ki, gənclərin yeri parlament deyil, auditoriyalardır. Parlamentdə yaşlı nəsil təmsil olunmalıdır.
- Biz demokratik cəmiyyətdə yaşayırıq. Ona görə də hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma nəzərə alaq ki, parlamenti xalq seçir və son referendum aktında tövsiyə olunan və xalqın da dəstəklədiyi müddəalardan biri passiv seçki hüququnun – seçilmək hüququnun genişlənməsi, yaş həddinin azalması, daha konkret desək, parlamentə seçilmək üçün tələb olunan yaş imkanının 25-dən 18-ə endirilməsi idi. Bu isə o anlama gəlir ki, istedadlı gənclərə daha geniş meydanların açılması mövcud iqtidarın yürütdüyü siyasətin prioritetlərindən biridir. Biz bu prioritetin bariz nümunəsini Nazirlər Kabinetinin son tərkibində də müşahidə etdik.
- Parlament demişkən, Milli Məclisə növbədənkənar seçkilərin də keçiriləcəyi ilə bağlı davamlı fikirlər səslənir. Realdırmı?
- Növbədənkənar parlament seçkiləri növbədənkənar ehtimaldan savayı bir şey deyil. Ən azından indiki məqamda.
- Elşən bəy, mümkünsə sualıma tam səmimi cavab verin: Bizdə parlament demokratiyası varmı?
- Mənim düşüncəmə görə var. Üstəlik, yetərincə.
- Olubmu ki, hansısa tənqidi fikirlərinizə görə sonradan sizə irad tutulsun?
- Olmayıb. Mən pərdə arxasında, telefon zəngi ilə, mesajla heç bir irad eşitməmişəm. Üzbəüz kimsə, dostca nəsə münasibətini bildirə və ya alternativ fikir söyləyə bilər. Bu başqa. Amma bilirəm, parlament rəhbərliyini nəzərdə tutursunuz. Oqtay müəllim sözü, tövsiyəni, iradı iclasın gedişində deyir. Bu durumun özü də demokratiyanın və açıq polemikanın ən gözəl nümunələrindən biridir.
- Bu arada, dolların qiyməti də qalxır...
- Yaxşı edir, qoy qalxsın. Hər halda neft ölkəsi olaraq bu bizə sərfdir. Üstəlik, demək ki, böyük güclər arasında imitasiya xarakterli “soyuq müharibə” də bitməyə doğru gedir. Daha dəqiqi, bitmiş hesab oluna bilər.
- Bir az konkretləşdirsək...
- Yaşadığımız qərinənin adını “nüvə əsri” qoyublar. Əslində isə bu informasiya əsridir. Kimin informasiya mübadiləsi, əks-kəşfiyyatı, qorunma və məlumat mexanizmi daha möhkəmdirsə, güclü olan da odur. Kim Çen İnni sevdiyini deyən Qərb lideri əslində sətiraltı formada və bu timsalda informasiya zənginliyinə, real gücə olan ehtiramını necə ifadə edirsə, həmin hörmət yıxılmanın son nöqtəsində belə sinəsi yerə dəyməyən, inersiya formasında qalxan, güclənən Rusiyaya, Putinə də vardır. Sadəcə publik olmayan formada.
- Amma Rusiyaya tətbiq olunan sanksiyalar günü-gündən artır.
- Sanksiyalarla bərabər neftin qiyməti də artır. Hər sanksiyadan sonra təxminən 15 dollar . Yəni, neftin qiymətinin qalxması əslində bir kompensasiyadır.
- Sanksiyalar Rusiyadan nə aldı ki? Heç nə. Əksinə, Türkiyə kimi böyük bir müttəfiqi qazandırdı.
- Deməzdim. Həmin sanksiyalar Rusiyadan Beynəlxalq təşkilatlardakı böyük tribunaları, meydanları aldı. Böyük dövlətlər meydanları özləri yaradır, tribunaların yerini özləri ayarlayırlar. Bir az da loru desəm, dəvətnamə almırlar, dəvət göndərirlər. Fakt budur ki, məlum hadisələrdən sonra Putin Rusiyası bir az da gücləndi, Krım söhbəti də unuduldu getdi arxivdəki qovluqlardan birinə.
- Rusiya bizim dostumuzdurmu?
- Rusiya bizim strateji müttəfiqimizdir.
- O zaman Azərbaycan hakimiyyətini qınayan açıqlamalar niyə əsasən məhz Rusiya mediasından, siyasi kuluarlarından, parlamentindən gəlir? Məsələn, ən son Zatulin nümunəsi olsun. Söylədiyi fikirlərlə hətta Milli Məclisdə belə ciddi müzakirələrə yol açdı. Üstəlik, son zamanlar xaricdə yaşayan və ölkə rəhbərliyinə nifrinlər püskürən qruplaşmanın da rus kəşfiyyatının əlində alət olması haqda ciddi faktlar gündəmi zəbt edib.
- Biz əgər bütün mövzulara bənzər məntiqlə yanaşsaq, o zaman gərək həftə səkkiz-mən doqquz hansısa dövlətə savaş elan edək. Zatulin axı Rusiya demək deyil. Bir deputatın fikrinə elə bir deputatın fikri kimi də yanaşmaq lazımdır. Zamanında Azərbaycan parlamentində Jak Şiraka ölüm istənilmişdi. Nə olsun? Nəsə dəyişdi? Ölkələrin diplomatik bağı qopdu? Yox, təbii. Odur ki, belə mövzularda təzyiqi qaldırmaq deyil, aşağı salıb, daha səbrli olmaq lazımdır. Önəmli olan Putinin və Rusiyanın “açar” fiqurlarının fikirləridir, münasibətidir. Həmin münasibətlər də ən yüksək səviyyədədir. O ki qaldı, xaricdə yaşayan və ölkənin ən dəyərli insanlarına dil uzadan, hədyanlar yağdıran ünsürlərə...eyni adlı mövzu üzərindən o qədər danışmışıq, artıq söylənəcək nəsə qalmayıb. Bu haqda tək bir şey deyə bilərəm: siyasət söyüş sənəti deyil və millət dərdi çəkdiyini deyənlər öz çıxışlarını millətə yönəlik, millətə ünvanlanmış şəkildə qurmalıdırlar, şəxsi qisas zəminində yox.
- Sizcə, məlum qrup hansı mənbələrdən maliyyələşir?
- Bu haqda səhih məlumatım yoxdur. Amma təbii, pulları haradansa gəlir. Çünki təyyarəni televizorda görən, öz ölkəsində ikən Biləcəridən o yananı tanımayan adamlar bir anın içində bütün Avropanı, Amerikanı su yoluna döndərə bilməzdilər.
- Məqsəd nədir?
- “Məqsəd nə idi?” – desək, daha doğru olar. Oktyabrda keçirilməsi gözlənən prezident seçkiləri. Həmin seçki ertələndi və plan fiaskoya uğradı. İndiki aqressiya da nəticəsizlikdən doğan məsələdir.
- Plan nə idi bəs?
- İctimai rəydə çaşqınlıq yaratmaq.
- Çaşqınlıqla hakimiyyət dəyişəcəkdilər?
- Yox, təbii. Proses martdan başlayıb artan dinamika ilə oktyabr boyunca davam etməli, növbəti mərhələdə isə naməlum etapa dövr almalı idi. Hətta bir ara belə bir məlumat da gəldi ki, seçkilər oktyabrda reallaşsaydı, son anda 9-10 diplomatın müşayiəti ilə sərhəd bölgələrimizdən birindən ölkəyə girişi nəzərdə tutubmuş, məlum qrup. Qarışıqlıq yaratmaq üçün. Amma müraciət etdikləri diplomatların hamısı məsələyə öncədən “yox” deyib. Bir fiasko da belə yaşanıb. Təşkilatçı və təşviqatçı isə keçmiş səfir Arif Məmmədov olub. O Arif ki, bütün həyatını və karyerasını mövcud iqtidara borcludur.
- Dövlət bu insanlara qarşı hüquq çərçivəsində hər hansı bir addım atmağı düşünürmü?
Bildiyim qədər, onların bir neçəsinə heç cinayət işi də açılmayıb. Niyə? Səbəbi məlum deyil. Hətta İnterpola müraciət üçün də ilkin mərhələni – qiyabi ittiham mərhələsini keçmək mütləqdir.
Ya da olmasın heç bizim qanunvericilik, harda yaşayırlar, həmin dövlətin qanunları girsin dövriyyəyə. Ortada yetərincə faktlar, video-sübutlar var. Hüquqi prosedurlar intensivləşsə, tərəfimizdən ardıcıl rəsmi sorğular göndərilsə, ekstradisiya müqavilələrinin tələbləri sərt formada ortaya qoyulsa həmin dövlətlərin hüquq mühafizə orqanları nə deyəcək? Deyəcək, yaxşı edirlər? Yox, təbii. Uzaq başı məsələyə siyasi çalar qatıb, yüz don geyindirib təhvil verməkdən - ekstradisiyadan imtina edərlər. Amma hüquqi nihilizmə də yol açmazlar. Belə bir lüksları yoxdur.
- Keçmiş səfir Arif Məmmədovdan söhbət açdınız. Xatırladım ki, yaxınlarda xalq şairi Bəxtiyar Vahabzadənin də oğlu mediada hakimiyyət mənsublarına yönəlik ciddi ittihamlar səsləndirdi. Yeni “səfir ənənəsi”mi yaranır?
- Bəxtiyar müəllim böyük və dahi şair olub. Ona Tanrıdan qəni-qəni rəhmət, oğluna isə diplomat korrektəsi, həssaslığı arzu edirəm. Heç bir ənənədən də söhbət gedə bilməz. Azərbaycanının yetərli sayda ləyaqətli səfirləri var və onlar öz işlərinin başında, dövlətçiliyimizin, dövlət maraqlarımızın keşiyindədirlər.
- “Məmur ənənəsi” necə, odamı yoxdur? Əsas da sabiqləri, öz korrupsiya qalmaqalları ilə Avropa mediasının manşetlərini bəzəyənləri nəzərdə tuturam: Rüfət Aslanlı, Beynəlxalq Bankın keçmiş rəhbərinin xanımı Zamirə Hacıyeva və sair, ilaxır...
(davamı növbəti sayımızda...)
MilliYol.Az