Tarix mistikanı sevir,deyirlər
30 il öncə Parisin İnterkontinental hotelində Sovetlər Birliyinin sonuncu imperatoru Mixail Qorbaçovun baş iqtisadi vəziri Abel Aqanbekyanın milli icmalar qarşısında dilə gətirdiyi kəlamlar Qərbdə böyük təşkilati güc halına gəlmiş erməni mərkəzlərinin əlində bayrağa çevriləndə nəhəng kommunist dövlətini çökdürməyə qalxan anqlosaks dünyası ilə bir ovuc repatriant xalqın xəstə təxəyyülünün üst-üstə düşərək hansı fəlakətlərə yol açacağını çoxları ağıllarına belə gətirmirdilər.
Fransa kommunistləri qarşısında verilən bəyanat əslində SSRİ-ni təşkil edən 15 müttəfiq respublikadan birinə qarşı rəsmi ərazi iddiası və müharibə elan olunması anlamına gəlirdi, digər tərəfdən həm də görkəmli akademiki yüksək elmi-siyasi rütbəyə çatdıran, indi də onu Avropaya mühüm tapşırıqlar dalınca göndərən bir ölkəyə xəyanəti sayılmalıydı.
Lakin yenidənqurma hərəkatının ideoloqlarından biri olan erməni iqtisadçı harada nə danışdğını yaxşı bilirdi. Parisdə yüksək siyasi gücə çevrilərək Yelisey sarayında mühüm mövqeləri ələ götürən, mətbuat və maliyyə dünyasında xüsusi çəkiyə sahib olan ermənilər hər cür avantürüst plana dəstək verməyə hazır idilər. Bəli, hətta Aqanbekyanın mənsub olduğu dövlətin yer üzündən silinməsi hesabına olsa belə...
ABEL 1.jpg (90 KB)
Əgər Mixail Qorbaçovun yaxın dairəsinə daxil olan adamlar Fransada Qarabağı Ermənistana birləşdirməyin iqtisadi səmərəliliyindən danışmağa cəsarət edirsə, bu avtomatik birinci şəxsdən alınan razılıq siqnalı kimi qəbul olunurdu və beləliklə, pandora yeşiyindən çıxan işğal ideyasının Humanite jurnalı ilə bütün dünyaya, o cümlədən, Azərbaycana yayılması 70 il əvvəl söndürülmüş bir ocağın alovlanmasını qaçılmaz etdi. Sonrakı qanlı hadisələr hər kəsə bəllidir. Lakin Fransa hakimiyyətləri tarixində Mitterandan bu yana bütün yeni prezidentlər dövründə Paris Qarabağa açdığı açıq-gizli koridoru heç zaman daraltmadı, əksinə onu daha da genişləndirdi və üstündən 30 il keçəndən sonra böyük yazıçı Aleksandr Dümanın çox yaxşı tanıdığı Azərbaycanın işğal altındakı bölgələri ilə “qardaşlaşma hərəkatı”nın yeni dalğasının vüsət alması da həmin xəyanət karvanının növbəti partiyalarıdır..
İlk baxışda, burada heç bir qanun pozuntusu yoxdur. Məgər erməni xalqının tarixin müxtəlif mərhələlərində özünə sığınacaq tapdığı Marselin, yaxud Lionun rəsmi idarəçiləri bir vaxtlar sonuncu Kilikiya çarı 6-cı Levon taxtdan salınarkən-hər halda rəsmi erməni təbliğatı bunu İncil ayəsi kimi qəbul edir-arxa durması ilə əsrlər sonra Qafqazlarda Alban çarlığının irsini öz adlarına çıxanların varislərinə yardım əlini uzatması arasında hansı fərqlər var ki? Hər iki paraleldə tarixin dərinliyindən keçib gələn vahid bir siyasi xətti görürsən. Yəni, yüksək dövlət kürsülərindən deyildiyi kimi, söhbət fransız və erməni xaqları arasında mədəni-ruhi yaxınlıqdan, mental xüsusiyyətlərinin və ənənələrin eyniyyətindən getmir, məhz Yeliseyin sirli və qaranlıq hücrələrində Qafqazın arxitekturasında bir millətin yerini və boyunu süni şəkildə uzatmaq ssenarisi qoca qitənin nəhəng bir dövlətinin baş məqsədinə çevrilib.
Yoxsa, Fransada 30-a qədər küçənin erməni adı ilə rəsmiləşdirilməsi, 18-dən artıq bələdiyyə dairəsində onların xüsusi üstünlüyə malik olması, onlarla kilsə və dini birliklərin, assosiasiyaların aktiv fəaliyyət göstərmələri, müxtəlif iri şəhərlərin merinin mənşəcə erməni olması qətiyyən bir kimsəni narahat eləmir. Qoy Parisdə yayımlanan Radio Armeniyanın, yaxud Radio A-nın lirik dalğalarından “İsa Məsihin qətlə yetirlidiyi əsləhənin saxlandığı qədim bir yurd”un oğullarının əski mədəniyyyətləri və “titullu keçmişləri” haqqında hər gün sarsıntı-nisgil dolu reportajları yayımlanmaqda davam eləsin, yaxud dünya şöhrətli şansonye Şarl Aznavurun melodiyası ilə səhərlərini açan minlərlə beynəlmiləl, kosmopolit ,yaxud millətçi vətəndaşı məşhur müğənninin ölümünə kədərlənib gəlib onun nəşi qarşısında müntəzir dayansın, bundan kiminsə əndişəsi yoxdur. Çünki heç bir xalqın həyat yaşantıları başqası üçün həsəd və böyümə nümunəsi kimi qəbul oluna bilməz.
Lakin nə yazıqlar ki, dünyaya krallıq və monarxiya quruluşlarına böyük inqilablarla son qoyan, millətlərə ədalətli cəmiyyət idealları bəxş edən bir xalqın elitası öz azadlığı uğrunda canını verən digər toplumların, o cümlədən, azərbaycanlıların rəsmi Parisin dilində, mətbuatında, televiziyasında yaxud ədəbiyyatında, kinosunda, bir sözlə obrazqurma sənətinə aid olan təbliğatında demək olar özünə yer tapmır, tam əksinə həmin xalqın dogma torpaqlarının üstündə Şuşa və Sent-Etyen şəhərlərinin merləri arasında tamtəraqlı ittifaq müqavilələri və “dostluq xartiyaları” imzalanır.
Əcəba, böyük fransız mütəfəkkiri Şarl Mönteskyönün qələmindən çıxan Konstitusiya və qanunların ruhu ilə onun hazırki varislərinin əyləşdikləri əzəmətli binalardan yayımlanan direktivlər, separatizm və qanlı savaş aktları nə dərəcədə uyuşur? Gerçəkdənmi, Napoleon Bonapartın qurduğu imperiyanı respublikaya çevirən böyük bir xalqın dünyaya “birlik, bərabərlik, qardaşlıq” şüarlarını gətirən övladları Qarabağ torpaqlarının həqiqi sahiblərini tanımırlar, azadlıq və müstəqillik ideallarının sərhədsizliyi, sonsuzluğu haqda səfsəfəyə uyublar və milyonların qəlbində onların qurucu atalarının qazandıqları yeri darmadağın etməyə hazırdılar.
Axı Parisin cəmi yüz kilometrliyində bir zamanlar çarizmdən və imperiya Rusiyasının müstəmləkəçiliyindən qopan bir dövləti tanıtdırmaq üçün böyük arzularla Fransaya “əbədi ezamiyyətə” gedən Əlimərdan bəy Topçubaşovun, yaxud böyük dünya musiqiçisi, Avropa və Şərq xalqları arasında ilahi bağlar yaradan əsərlərin müəllifi Üzeyir Hacıbəyovun istiqlalçı qardaşı Ceyhun Hacıbəylinin dəfn edildiyi Sent-Klu qəbristanlığında dolaşan ruhları istənilən Yelisey hökmdarına əsil həqiqətləri deyə bilərdilər.
Onların mütləqiyyət əleyhinə vuruşan və Bastiliya qalasını qanları hesabına alaraq oranı müqəddəs məbədə çevirən fransız inqilabçıları ilə ruh qardaşları olduğuna heç kəsin şübhəsi olmamalıdır. Bəli, 100 il əvvəl böyük məhrumiyyətlər içərisində mübarizə apararaq müstəqilliyinə qovuşan bir xalqın fədakar oğulları o zaman dünyanın taleyini həll edən Paris Sülh konfransına can atırdılar. İndi Fransa hökumətinin arxivlərində həmin tarixi görüşlərin hər biri haqqında silinməz izləri yatır və bir millətin qürur hissi keçirəcəyi əzəmətli əlyazmalar orada hələ də qalır.
Lionun, Nantin və digər onlarla şəhərin meriya idarələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etməzdən öncə öz şanlı paytaxtlarının qala divarları arasında qorunub saxlanan bir əsrlik qovluqlara baş vursalar, daha faydalı olardı. Axı bir qitənin demokratiya və ədalət normalarını, millətlərarası barış və sülh deklarasiyalarını Strasburqun baş binasından 47 dövlətə diqtə etmək üçün birinci növbədə gərək özün həmin tələblərə əməl edəsən.
Yoxsa, məşhur Fransa-2 televiziyasının ekranından Bakının harada yerləşdiyini bilməyən adamlara Azərbaycanı vurmaq və elitasını ləkələmək əmrini verərkən, sonra da haqlı şərəf davasına qalxan bir hakimiyyətin üzərinə Fransa küçələrində demokratiya dilənən bir ovuc iskəndərlilər, yunuslar və elşadlarla çıxarkən hamını Fəxri Legionun yalnız ləyaqətli sinələrə taxıldığına inandıra bilməzsən. Uzun illər bir ölkəyə qarşı açıq-aşkar siyasi ekstremizmi təşfiq edən və nəinki sosial simasını itirən, eləcə də bütün bəşəri normaları ayaqlar altına ataraq öz xalqına qarşı vuruşmağa hazır olanları himayə edəndə fransız parlamentarilər və regional meriya quruluşları mənsub olduqları ölkənin mənafeyinə zərbə vurmuş olurlar.
Məgər, günün günorta çağı “Şarli hebdo” nəşrinin böyük bir kollektivini gülləbaran etməyə qalxan əlcəzairli terrorçu Səid Kauşi ilə ağzıköpüklü Vidadi İskəndərlinin arasında hansı fərq var? Hər ikisi bütün həyatını və perspektivini əldən verərək, yalnız qətliamlarla tarixdə qalmağa ümid bəsləyirlər. Demokratiyanı Parisdən Azərbaycana tank və toplarla gətirməyə hazır olan belə işidçi zehniyyəti Parisin azadlıq mühitində yetişən Kuaşi qardaşlarının İraqa, Suriyaya yola saldıqları “cənnət yolçuları”nın ixracı ilə eyni bir dəzgahdan çıxan məhsullardır.
Əgər, 2-ci dünya müharibəsi zamanı faşizmə qarşı cəbhədə Şarl de Qolla çiyin-çiyinə vuruşan Əhmədiyyə Cəbrayılovları bu gün öz ölkəsini fransız səfirinin maşının baqajında tərk edən yunus cütlükləri, yaxud prokurorluqdan cinayət işlərini oğurlayıb satan-bəli, belə ticarət növü də bizdə mövcud olub-sonralar dələduzluq əməlləri üstündə həbsə atılan və İslah düşərgəsindən çıxandan sonra hüquq müdafiəçisi çətiri altında Gürcüstanda yarımgizli agentura-donosçuluq fəaliyyətinə atılan İskəndərli kimi parazitlər əvəzləyibsə, onda həqiqətən də böyük Müqavimət Hərəkatı liderinin qəbirdə çevrildiyinə əmin olursan.
Axı “erməni soyqırımını”nı tanımayanlara qarşı cəza qanununu yalnız son anda Konstitusiya Şurasının hakimlərinin əliylə durdurmaq mümkün oldusa, dünən Şuşaya, Laçına, Martuniyə qardaşlıq səfərləri təşkil edən və Qarabağ müharibəsinin qurbanlarının üzərinə qoyulan gül çələngləri fransız merlərinin İrəvan səngərindən Azərbaycana qarşı döyüşü sayılmalıdır.
Hər halda Fransa Xarici siyasət idarəsinin növbətçi bəyanatlarına baxmayaraq, Mais Mailyanın dediyi kimi, Dağlıq Qarabağ özünü beynəlxalq aləmdə tanıtdırmaq üçün əvvəlcə Avropanın aşağı hakimiyyət orqanlarından başlayıb üzüyuxarı daha böyük iddiaların arxasınca gedirlər. Xatırladaq ki, Mailyan separatçı qurumun xarici işlərinə başçılıq edir.İndi siz təsəvvürünüzə gətirin ki, Krım hadisələri üzündən Rusiyaya çoxmilyardlıq müqavilələrindən imtina edən, ona Mistral gəmisini satmaqdan boyun qaçıran bir dövlətin yerli məmurları gəlib Xankəndində soyuqdan büzüşən və sosial ehtiyacların əldən saldığı qoca erməni döyüşçüləri ilə həmrəylik cərgəsində dururlar. Halbuki tədqiq etmək istədikləri torpağın üstündəki tarix büsbütün bir başqa xalqa məxsusdur.
Bəlkə elə buna görə də iki əsr əvvəlki hadisələri dahiyana qələmi ilə ədəbiyyatın daş abidəsinə çevirən Axundovun qəhrəmanları indi də yada düşür və Hətəmxan ağanın mülkündə ayaq saxlayan müsyö Jordanın dili ilə Şuşanın hər qarışı barəsində bu günkü fransalı icra başçılarına Napoleonun dərsini keçmək olardı.
Qarabağın və bütövlükdə Qafqazın həyatında qoca bir millətin-türk xalqlarının oynadıqları rolu nə qədər inkar etsən də, onlar danılmazdır, bitib-tükənməzdir. Elə Fransa-Azərbaycan arasında dostluq münasibətlərini qurmağın zərurətini dərk edən sabiq prezident Fransua Olandın Yelisey sarayında yüksək dövlət ərkanı ilə qəbul etdiyi Prezident İlham Əliyevə dediyi sözləri xatırlatmaq yerinə düşər.
Fransız dövlət başçısı görün diplomatik münasibətlərin 25 illiyi ilə bağlı nə söyləyirdi: “Bizim əlaqələrin ilk izlərinə IX və X əsrlərdən başlayaraq, Azərbaycandan keçən tarixi İpək Yolunda rast gəlmək olar. XIII əsrdən isə bu yolu fransız səyyahları da keçməyə başlamışlar.
Daha sonra Bartelemi Derblo 1700-cü ildə işıq üzü görmüş məşhur “Şərq kitabxanası” əsərində sizin ədəbiyyatınızı ilk dəfə olaraq ölkəmizə tanıtmışdır. Amma ölkənizi fransızlara ən çox tanıdan 1858-1859-cu illərdə Qafqaza səfər etmiş və öz əsərində Bakını təsvir edən Aleksandr Düma olmuşdur”.
Diqqət edirsinizsə, burada Parisin inkarçı tribunalarında,yaxud Pənahəli xanın əsasını qoyduğu və hər zaman türklərin rəhbərlik elədiyi Şuşanın hazırki erməni merlərinin leksikonu ilə daban-dabana zidd olan faktlardan bəhs olunur. Məgər hazırki Fransa elitasının coşqunluqla qəbul etdiyi inqilabi Paşinyan hökuməti sələflərinin süngüsü və hərbi diqtəsi ilə formalaşan hazırki Qarabağ “hakimiyyət mənsubları”nı tanıyır ki, onun əvəzindən kimsə daha çox katoliklik edib gəlib onlarla çiyin-çiyinə dayanır?
Yoxsa, kimi inandırmaq mümkündür ki, erməni maliyyə dünyası ilə ittifaq bağlayan sabiq deputat Fransua Roşbluan bütöv bir dövlətin Qafqazlardakı maraqlarını ayaqlar altına atıb tapdalaya bilər. Axı təkcə “Total” imperiyasının Bakı buxtalarından çıxardığı mazutun qiyməti ilə Qarabağda imzalanan sazişlərinin mürəkkəbini qurutmaq olar. Bəlkə fransalı ermənilərin məqsədi Paris-Bakı münasibətlərinə bu yolla zərbə vurmaqdır, yoxsa, Nantın, Sent-Eytenin meri gedib Şuşada Gövhərağa məscidini kilsə kimi ziyarət etməklə Azərbaycanda çalışan Fransa şirkətlərindən bac-xərac tələb edirlər? Yəni, görün biz sizin planlarınızı necə əngəlləyə bilərik amacıyla qarşı vitrindən özlərini satışa çıxarırlar. Axı hər kəsə bəllidir ki, rəsmi Bakı kənardan gəlib Xankəndində dövlət quran heç kəsi bağışlaya bilməz.
Kim unutsa da, Azərbaycan xalqı özünün böyük oğlu Heydər Əliyevin Sovetlər Birliyinin çöküşündən sonra Qafqaza can atan Fransa dövlətinə hansı şərtlə mandat yazılmasına razılıq verdiyini qətiyyən yadından çıxara bilməz. Ona görə də fransalı meriya institutları Bakının qərarı olmadan Laçın dağlarının arxasına yollanıb separatizm paradında iştirak edirsə, bu, cinayətdir və onun ayrı adı ola bilməz.
Buna Fransa torpağında uyuyan oğullarımız, onların şəhid övladları və ən nəhayət, Azərbaycan dövləti, onun səngərində keşik çəkən əsgəri razı olmaz.
Parisin güllərini Azərbaycana güllə atanların qarşısına qoyanda onun dünya şöhrətli ətri barıt qoxuyur!(Zahid Oruc)
MilliYol.Az