Bu gün İlahiyyat İnstitutunda mətbuat konfransı keçirilib
Yenicag.az xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov mətbuat konfransı barədə məlumat verərək bildirib ki, tədbirin mahiyyəti institutun fəaliyyəti, görülən işlərin hesabatıdır.
Ceyhun Məmmədov qeyd edib ki, instituta yarandığı gündən ən böyük dəstək mediadan gəlib.
Daha sonra rektor institut və görülən işlərlə bağlı danışıb:
“İnstitut Bakı Dövlət Universitetinin bazasında yaradılıb. Hazırda institutun yerləşdiyi bina da BDU-nun İlahiyyət fakültəsinin binasıdır. Müvəqqəti olaraq burada yerləşmişik. İnstitut üçün bina ayrılıb və növbəti il oraya köçəcəyik.
Azərbaycanda din sahəsində 2 təhsil müəssəsi fəaliyyət göstərirdi. Onlardan biri Bakı İslam Universiteti idi, digəri də BDU-nun İlahiyyət fakültəsi, hansıki bazasında Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. Hədəf və məqsədlərimizdən biri o idi ki, həm dinşünaslıq, həm də islamşünaslıq üzrə mütəxəssislər yetişdirilsin.
Hazırda institutda 1 fakültə, 3 kafedra fəaliyyət göstərir. Əsas məqsədimiz Azərbaycanda mövcud olan yüksək mədəni, dini mühitin qorunması, tolerantlığın möhkəmləndirilməsidir”.
Rektor qeyd edib ki, institutda təhsil tamamilə ödənişsizdir.
Rektordan sonra söz alan Mətbuat Şurasının rəhbəri, millət vəkili Əflatun Amaşov bildirib ki, Azərbaycanda yaşayan insanların tam əksəriyyəti türklərdir:
“Bizim milli mənəvi dəyərlərimizin iki qanadı var. Onlardan biri türkçülükdür, digəri isə islami dəyərlərdir. Biz çalışmalıyıq ki, hər iki qanad sağlam olsun və bir biri ilə təmasda olsun.
Milli Məclisdə uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı qanun müzakirə olunarkən təklif etdim ki, o qanuna xurafat anlayışını da salaq. Bəzi ailələrdə bilərəkdən və ya bilməyərəkdən xurafat uşaqlara aşılanır. Misal üçün, Aşura günü uşaqların o ayini icra etməsi və digərləri buna aiddir. Məqsədimiz nəinki İslam dini ilə bağlı, digər dinlərlə bağlı da vətəndaşlarımızın geniş bilgiyə malik olmalasına çalışmaqdır”.
Nardaranda baş verən olaylara toxunan Əflatun Amaşov vurğulayıb ki, qonşu ölkələrdə təhsil alan ilahiyyatçılar həmin yerin dinlə bağlı adət-ənənələrini, düşüncələrini də ölkəmizə gətirirlər:
“Əslində bu, müəyyən təzadlar yaradır. Xarici ölkələrdə dini təhsil pullu idi, Azərbaycanda İslam Universiteti və BDU-nun İlahiyyat fakültəsi müəyyən ballardan aşağı yığıldıqda pullu idi. Ona görə də, xaricdə təhsilə maraq var idi. İlahiyyat İnstitutunun yaradılması və təhsilin tamamilə pulsuz olması atılmış çox vacib addımdır”.
Tədbirdə daha sonra digər mətbuat nümayəndələri də çıxışlar ediblər. İnstitutla tanışlıq olub. Qonaqlar dərs prosesi ilə yaxından tanış olublar.
MilliYol.Az