Paytaxtın Bakıdan başqa bir yerə köçürülməsinə və ya yeni paytaxt şəhərinin salınmasına heç bir ehtiyac yoxdur
Bakıya axının qarşısının alınması üçün bu, məqbul variant sayıla bilməz və köçürülmə yönündə fikirlərlə razı deyiləm. Pulumuzu, vəsaitimizi iqtisadiyyatın, qeyri-neft sektorunun, sənayenin inkişafına yönəltsək, daha yaxşı olar.
Eyni zamanda, bu gün ölkə iqtisadiyyatı, büdcə neftin üzərində oturub, ondan asılı vəziyyətdədir və bu baxımdan, büdcənin, iqtisadiyyatın neftdən asılılığını qurtarmaq lazımdır.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev deyib.
“Bildiyiniz kimi, bir neçə il öncə dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi ilə bağlı Azərbaycan iqtisadiyyatında da bəzi problemlər yarandı, xüsusilə, bank sektorunda böyük çöküş əmələ gəldi, iki dəfə sarsıdıcı devalvasiya baş verdi.
Bu zaman hökumət büdcənin, iqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün bir sıra addımlara getdi və bunun müsbət nəticələri də görünməyə başladı, qeyri-neft sektorunda canlanma oldu” -deyən millət vəkilinin sözlərinə görə, amma neftin qiyməti qalxan kimi, yenə hər şey unudulmağa başladı:
“Bu, düzgün deyil. Qeyri-neft sektorunun, sənayenin, aqrar sahənin inkişafına daha ciddi diqqət yetirmək lazımdır”.
Bakıya axına gəlincə, millət vəkili deyib ki, çox təəssüflər olsun ki, burada da vəziyyət ürəkaçan deyil, hər kəs regionlardan Bakıya üz tutmağa həvəs göstərir:
“Hətta, bölgələrdə, iş, biznes qurub az-çox uğur qazanan, belə deyək, 30-40 min manat və ya dollar həcmində vəsait əldə edən iş adamlarımız da Bakıya üz tuturlar. Burada işlərini, bizneslərini davam etdirməyə çalışırlar.
Açıq etiraf etmək lazımdır ki, bölgələrlə müqayisədə də Bakıda qanunlara, qanun aliliyinə daha çox riayət olunur, burada hüquqları qorumaq nisbətən daha asandır. Eyni zamanda, bütün strukturlar, nazirliklər, hökumət, Prezident Administrasiyası, media burada cəmləşib. Səfirliklər, diplomatik nümayəndəliklərin hamısı paytaxtdadır.
Odur ki, nəticədə bölgələrimiz boşalır, insanlarımız, az-çox uğur əldə edən iş adamlarımız Bakıya axışır. Həm də açıq şəkildə etiraf etmək lazımdır ki, bölgələrdə məmur özbaşınalığı yaşanır, hamısına aid etmək düzgün olmazdı, amma bölgələrimizin bir çoxunda icra qurumları, icra başçıları insanlarla yaxşı davranmırlar. İnsanlar da hüquqlarını qorumaq, yaşayışlarını daha yaxşı təmin etmək üçün Bakıya axın etmək məcburiyyətində qalırlar.
Ona görə də məmurlarla, icra başçıları ilə bağlı ciddi ölçülər götürülməlidir. İcra başçılarının, icra hakimiyyətlərinin səlahiyyətlərinin 90 faizi onların əllərindən alınmalı, bələdiyyələrə verilməlidir. Bələdiyyələrin həm səlahiyyətləri, həm də məsuliyyətləri artırılmalıdır. Həmçinin, insanların bölgələrə üz tutması, Bakıya axının önlənməsi üçün ciddi iqtisadi və hüquqi islahatlar aparılmalıdır, qanunların işləkliyinə nail olunmalıdır, vergi sahəsində çox böyük dəyişikliklər, güzəştlər nəzərdə tutulmalıdır, stimullaşdırcı addımlar atılmalıdır.
Artıq dövlət hər şeyi öz üzərinə götürməməli, hər şeyi özündə cəmləşdirməməlidir. Dövlət bizneslə məşğul ola bilməz və olmamalıdır. Dövlət biznes qurumu deyil”.
MilliYol.Az