Ağ evin milli təhlükəsizlik müşaviri Con Bolton Moskvanın aparıcı rəsmilərinə deyib ki, Rusiyanın ABŞ-da seçkiyə müdaxiləsi əks-təsir göstərib və bu, Kremlə dərs olmalıdır
“Amerikada seçkilərə qarışmayın”
Bolton oktyabrın 23-də Rusiya Prezidenti Vladimir Putin və digər aparıcı rəsmilərlə görüşlərindən sonra danışıb. O deyib ki, Birləşmiş Ştatların azı 20 rusiyalıya irəli sürdüyü ittihamlarda sadalandığı kimi, Rusiyanın seçkiyə iddia olunan müdaxiləsinin 2016-cı il prezident seçkisinin nəticəsinə təsir göstərməsinə dəlil yoxdur. Amma o, bu ittihamların Vaşinqtonda Rusiyaya qarşı dərin inamsızlıq yaratdığını vurğulayıb:
“Fakt odur ki, nəticə dəyişməyəcəkdi. Amma bu müdaxilə Birləşmiş Ştatlarda inamsızlıq və ədavət yaratdı, iki il ərzində ABŞ və Rusiyanın hər hansı irəliləyiş əldə etməsini mümkünsüz etdi. Bu, hər iki ölkə, özəlliklə də Rusiya üçün böyük itkidir. Ona görə də, məncə, bundan dərs almaq lazımdır: Amerikada seçkilərə qarışmayın”.
Təhlükəsizlik müşavirinin sözlərinə görə, Rusiyanın iddia olunan müdaxiləsi “özəlliklə Rusiya-Amerika münasibətlərinə ziyan vurub”.
Rusiya ABŞ-da seçkiyə müdaxilə etmədiyini dəfələrlə inkar edib, amma Putin onu da deyib ki, ola bilsin, bəzi vətənpərvər hakerlər bu işə girişiblər.
ABŞ-da prokurorlar Rusiyanın GRU hərbi kəşfiyyat agentliyinin bir qrup agentini 2016-cı ilin seçki kampaniyasının ortasında Demokratik Milli Komitəyə haker hücumunda, demokratların daxili yazışmalarını “Wikileaks” saytına ötürməkdə suçlayıb. Demokratlar bu insidentin onların namizədi Hillari Klintonun seçilmə perspektivinə ziyan vurduğunu deyirlər.
Başqa bir ittihamnamədə isə xüsusi prokuror Robert Müller 13 rusiyalını Sankt Peterburqdakı İnternet Araşdırmaları agentliyi adlı troll fabriki üçün çalışmaqda suçlayıb. Həmin agentlik dezinformasiya yaymaqda, seçki kampaniyası zamanı “Facebook” və digər sosial şəbəkələrdə amerikalı seçicilərə təsir göstərmək cəhdində ittiham olunur.
Bolton oktyabrın 22-də Rusiyanın “Exo Moskva” radiostansiyasına deyib ki, seçkiyə müdaxilə Vaşinqton və Moskvanın birgə maraqları daxilində olan məsələlər üzrə razılaşma əldə etməsinə böyük əngəl törədib.
Onun sözlərinə görə, Kremlə deyib ki, “bizim seçkilərə müdaxilə etməməliydiniz, çünki bu, Rusiyanın maraqlarına xidmət etmir”.
Bu arada “The New York Times” yazıb ki, noyabrın 6-na planlaşdırılan konqres seçkiləri öncəsi rusiyalı əməliyyatçıların mümkün dezinformasiya yaymaq cəhdlərini önləmək məqsədilə Birləşmiş Ştatlar kiberkampaniya başladıb.
(Azadlıq radiosu)
MilliYol.Az