Sərdar Cəlaloğlu: “Şairin bu günə qədər heç tükü də qalmayıb ki, DNK analizi aparılsın”
Artıq bir neçə gündür ki, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli simalarından biri olan Mikayıl Müşfiqin qalıqlarının tapılması məsələsi müzakirə olunmaqdadır. Məlum olduğu kimi, bu vaxta qədər şairin cəsədinin dənizə atıldığı ehtimal olunurdu.
İş adamı Fərhad Əhmədov Göyçayda kombinat direktoru olmuş və 1970-ci illərdə güllələnmiş atası Teymur Əhmədovun qalıqlarının axtarışını edərkən, hüquq-mühafizə orqanlarının məhkəmə hökmlərini və edam cəzalarını icra etmiş keçmiş əməkdaşları ona Azərbaycanın rəhbəri olmuş və 26 may 1956-cı ildə güllələnmiş Mircəfər Bağırovun, eləcə də 1937-ci ildə cəzalandırılmış şair Mikayıl Muşfiqin basdırıldıqları yerləri də göstəriblər. Beləliklə şairin qalılarının Qaradağ rayonu Puta kəndində olduğu iddia edilir.
Məsələyə artıq mədəniyyət naziri Əbülfəz Qarayev də öz münasibətini bildirib. Nazir mətbuata açıqlamasında bildirib ki, alimlər mərhum şair Mikayıl Müşfiqin cəsədinə aid olduğu ehtimal edilən qalıqları tədqiq edirlər.
Nazirin sözlərinə görə, bu barədə məlumatlar nazirliyə daxil olduqdan sonra sözügedən qalıqların tədqiqi üçün Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyatı qurumlarla birgə araşdırmalar aparmağa qərar verilib: “Biz bu məsələni nazirlikdə müzakirə etdik. Mən ictimaiyyətə bu kimi xəbərlərdə sensasiya axtarmamağı və təsdiq olunmamış məlumatlara istinad etməməyi məsləhət görərdim. Mikayıl Müşfiqin adı Azərbaycan üçün müqəddəsdir. O, Azərbaycan ədəbiyyatı tarixində böyük iz qoymuş şəxsiyyətdir. Azərbaycan dövləti ona hörmətlə yanaşır. Prezidentin müvafiq sərəncamı ilə bu il şairin yubileyi keçirilir”.
Bəs tapılan qalıqların məhz Mikayıl Müşfiqə aid olub-olmaması necə müəyyən edilə bilər? Ümumiyyətlə, bunu müəyyənləşdirmək mümkündürmü?
İxtisasca məhkəmə tibb eksperti olan Sərdar Cəlaloğlu mövzu ilə bağlı musavat.com-a danışıb: “Mikayıl Müşfiqin ölümündən uzun illər keçib. DNK analizi keçirmək üçün onun ailəsinin ən yaxın üzvləri, ana-atası, bacı-qardaşı olmalıdır. Eyni zamanda hansısa qalığın kiməsə aid olduğunu müəyyən etmək üçün əvvəlcədən onun DNK analizi olmalı, sonra həmin analiz yaxınları ilə tutuşdurulmalı, yalnız bundan sonra qərar verilməlidir. Bu baxımdan yayılan məlumatların əsassız olduğunu düşünürəm. Çünki şairin bu günə qədər tükü də qalmayıb ki, DNK analizi edilsin. Yəni, yayılan məlumatın heç bir elmi əsası yoxdur. Məlumatı yayan şəxs hansı əsasla qalıqların şairə aid olduğunu iddia edə bilər? Bu cür məlumatlara son qoymaq, şairin ruhuna hörmətlə yanaşmaq lazımdır”.
Xatırladaq ki, 1937-ci il iyul ayının 5-də SSRİ Ali Məhkəməsinin 20 dəqiqəlik məhkəmə iclasının qərarı ilə Mikayıl Müşfiqin barəsində güllələnmə hökmü verilib. Hökm 1939-cu il martın 12-də Nargin adasında yerinə yetirilib.
Bəzi iddialara görə, şair güllələndikdən sonra Xəzər dənizinə atılıb. Digər iddialara görə isə onun cəsədi kimsəsizlər qəbiristanlığında dəfn olunub.
MilliYol.Az