Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun apardığı monitorinqin nəticəsinə əsasən, ölkədəki müğənnilərin əksəriyyəti ifalarında ədəbi dil normalarını pozurlar
“Report” siyahıda adları olan bir neçə müğənniyə müraciət edərək məsələ ilə bağlı onların fikirlərini öyrənib.
Əməkdar artist Abbas Bağırov açıqlamasında adının siyahıya salınması ilə razılaşmadığını bildirib: “Mənim adımı siyahıya salan, mahnılarımda nöqsanlar tutan insanlara demək lazımdır ki, vaxtilə mən oxuduğum mahnıların 80-90 faizi 30-40 il bundan əvvəl öz sözünü demiş bəstəkarlar və şairlər tərəfindən yazılmış mahnılardır. O vaxtlar ümumiyyətlə məzəli mahnılar var idi. Həmin mahnılarda sözlərdə müəyyən şivələr də olurdu. Başa düşmürəm, artıq belə şeylərdə səhv tutmağa başlayıblar? Yəni işləri-gücləri yoxdur? Ümumiyyətlə, yəqin onların musiqidən, şeirdən anlayışları yoxdur. Musiqini dərindən qavrasınlar, yaxşı araşdırsınlar. Musiqi nədir, ona yazılan sözlər necə olmalıdır, nə kimi sözlər yazıla bilər. Oxuduğum mahnılara, yaxud ona yazılmış sözlərə irad tuta bilərlər. Desələr burada bu sözü dəyiş mən qəbul edərəm. Mən bacardığım qədər şeiri diqqətlə oxuyuram. O adamlara demək lazımdır ki, bu gün dillərində, oxumaqlarında qüsur olan o qədər adam var ki, onların heç biri siyahıya sığmaz. Onlardan danışsınlar, məni o siyahıya qatmaq lazım deyil”.
Əməkdar artist Elnarə Abdullayeva “Report”a bildirib ki, müğənnilərin bəziləri yox, hamısı bu qaydaları pozur: “İşləri gücləri guya nəsə demək, nəsə işləməkdir. Nə olacaq? Mən kiməmsə, haradan gəlmişəmsə ora da gedirəm. Kiməsə görə, xarakter dəyişən adam deyləm. Mən heykəlləşmiş bir insanam. Belə gəlib, belə də gedirəm. Dəyişmirəm”.
Müğənni İlqar Sail “Report”a açıqlamasında SSRİ zamanında rus məktəbində təhsil aldını deyib: “Mən rusdilliyəm. Dilçilərlə mübahisə etmərəm. Ola bilsin ki, bəzi sözləri dərindən bilmirəm. Səhv olanda da gərək bizə kimsə desin ki, bu belə düz deyil, bunu düzəltmək lazımdır. Belə olsa yaxşı olar”.
Mövzu ilə bağlı “Report”a açıqlama verən Aşıq Əli qeyd edib ki, əslində aşığın ləhcəsi olmasa onun şirinliyi də olmaz: “Biz bəstəkar mahnıları oxumuruq ki, sözlərə dəqiq fikir verək. Ancaq ən çətin dildə, ən çətin şeirlər də aşıqdadır. Sənəti xalqın dili ilə sevdirmişik, xalqın dili ilə də ifa etməliyik. Dilçilik İnstitutunda oturanlar tez-tez efirlərə çıxsalar, onların da qüsurlarını taparıq. Biz bütün gün efirlərdəyik deyə, həm elm adamlarının, həm jurnalistlərin qınaq obyektinə çevrilmişik”.
Xalq artisti Brilliant Dadaşova ilə əlaqə saxlamaq istəsək də telefonuna başqası cavab verdi və bununla bağlı sənətçinin prodüserləri ilə əlaqə saxlamağımızı məsləhət gördü. Prodüseri isə sənətçinin açıqlama verməsini lazımsız hesab etdiyini bildirdi.
Danışıq tərzi və musiqiləri ilə ən çox normaları pozanlardan olan Aşıq Telli Borçalının telefonunu cavablandıran şəxs isə telefonda aşğın yox, onun bacısı olduğu iddia etdi və kobud şəkildə cavab verməkdən imtina etdi.
Əməkdar artist Röya Ayxanın prodüseri isə sənətçinin xaricdə olduğunu və bu barədə danışa bilməyəcəyini bildirdi.
MilliYol.Az