“Yeni Şafak”,
Türkiyə, 20 oktyabr 2018-ci il
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz biri Kral Şurasının katibi, 4-ü isə kəşfiyyatçı olmaqla, yüksək vəzifəli 5 şəxsi vəzifədən azad edib. Vəzifədən azad edilənlər arasında diqqəti daha çox öncə vəliəhd-şahzadə Məhəmməd bin Salmanın müşaviri olan “tətikçi” Səud Qəhtani və Yəməndə qanuni hökuməti dəstəkləmək məqsədilə Səudiyyə Ərəbistanı liderliyində husilərə qarşı qurulan ərəb koalisiyasının sözçüsü olan Əhməd Əsiri cəlb edir.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi olan SPA-nın verdiyi məlumata əsasən, Kral Salman bin Əbdüləziz əl-Səud verdiyi fərmanla jurnalist Camal Xaşuqcinin ölkəsinin İstanbuldakı Baş konsulluğunda öldürülməsilə bağlı yüksək vəzifəli beş şəxsi vəzifədən azad edib.
Kral Salman eyni zamanda Baş Kəşfiyyat İdarəsinin yenidən qurulması üçün vəliəhd-şahzadə Məhəmməd bin Salmanın rəhbərliyində nazirlik komitəsinin yaradılması haqqında təlimat verib.
Ayrıca, Kral Şurasının katibi Səud bin Abdullah əl-Qəhtani və Səudiyyə Ərəbistanı Baş Kəşfiyyat İdarəsi rəisinin müavini Əhməd Əsirinin vəzifədən azad edildiyini bildirən kral fərmanında Baş Kəşfiyyat İdarəsi rəisinin müavini Məhəmməd bin Salih ər-Rumeyh, Baş Kəşfiyyat İdarəsi rəisinin insan ehtiyatlarına görə məsul olan müavini Abdullah bin Halif əş-Şayi və Baş Kəşfiyyat İdarəsi Mühafizə İdarəsinin rəisi Rəfad bin Həmid əl-Mihmadinin də vəzifədən azad edildiyi qeyd edilib.
Fərmanda eyni zamanda Səudiyyə Ərəbistanı Baş Prokurorluğunun cinayət işinin istintaqını davam etdirdiyi və bu hadisə ilə əlaqəli olan 18 Səudiyyə Ərəbistanı vətəndaşının həbs edildiyi bildirilib, ancaq həmin şəxslərin şəxsiyyətləri – kimlikləri haqqında məlumata yer verilməyib.
Səud Qəhtani kimdir?
Kral Səud Universitetinin hüquq fakültəsinin məzunu olan Səud Qəhtani, magistr diplomu almağa Ərəb Təhlükəsizlik Elmləri Nayif Universitetində haqq qazanıb.
Səudiyyə Ərəbistanı Kral Şurasında nazir səviyyəsində vəzifədə olan 40 yaşlı Qəhtani, daha öncə də Kral Şurasında Mətbuat işləri və Araşdırma mərkəzi Baş direktoru, Kral Abdullah dövründə isə vəliəhd-şahzadə Məhəmməd bin Salmanın ofisində müşavir vəzifələrini yerinə yetirib.
Səud Qəhtani Səudiyyə Ərəbistanının, xüsusilə vəliəhd-şahzadə Məhəmməd bin Salmanın vəzifəyə təyin olunmasından sonra formalaşan, yeni siyasətlərini mənimsəyən önəmli şəxslərdən biri olaraq tanınır.
Əhməd Əsiri kimdir?
1959-cu ildə Səudiyyə Ərəbistanının Əsir şəhərində dünyaya göz açan Əhməd Əsiri, Fransada hərbi mütəxəssis məktəbindən məzun olduqdan sonra Səudiyyə Ərəbistanının Silahlı Qüvvələrinə bağlı olan hərbi məktəbdə magistr diplomu alıb.
Şahzadə Xalid bin Sultanın ofisində müdir olaraq xidmət edən general-mayor Əsiri, 2014-cü ildə Səudiyyə Ərəbistanı Müdafiə nazirinin hərbi müşaviri olub, 2015-ci ildə də Yəməndə qanuni hökuməti dəstəkləmək məqsədilə Səudiyyə Ərəbistanı liderliyində husilərə qarşı qurulan ərəb koalisiyasında sözçü vəzifəsinə təyin olunub.(Tərcümə Strateq.az)
MilliYol.Az