Bir neçə il öncə Azərbaycan ana və uşaq ölümünə görə dünyada kifayət qədər ciddi rəqəmlərlə müşayət olunan ön sıralarda yer alırdı
Sözsüz ki, bu amil dövləti narahat eməyə bilməzdi. Məhz bu məqsədlə ana və uşaq ölümlərinin faiz dərəcəsinin azaldılması istiqamətində ölkə rəhbərliyi aidiyyatı dövlət strukturlarına ciddi tapşırıqlar verdi. Ədalət naminə deyək ki, ötən müddətdə bu məsələ öz müsbət nəticələrini verməkdədir. Artıq mövcud problemlərlə bağlı Azərbaycanın adı SOS siqnallı ölkələr sırasında deyil. Lakin təəssüflər olsun ki, hətta ölkə rəhbərliyinin bu istiqamətdə aidiyyatı dövlət strukturları qarşısında qoyduğu tələblərə biganə yanaşan xəstəxana rəhbərliyi və həkimlər hələ də var.
Ötən gün Conflict.az-a İmşlidəki mənbədən daxil olan məlumatda bildirilir ki, 3 oktyabr 2018-ci il tarixdə, rayon sakini, 2000-ci il təvəllüdlü Şahbazlı Nərmin Saleh qızı doğuş sancıları ilə Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xatırladaq ki, qadının təbii üsullarla ana olması üçün bir neçə amil mövcud olmalıdır. N.Şahbazlının təbii üsulla ana olmasını şərtləndirən amllər olmadığı üçün bir müddət əvvəl onun məhz qeysəriyyə əməlliyyatı ilə ana olmasının mümkünlüyü ilə bağlı rəsmi həkim təyinatı olub. Lakin mənbənin iddiasına görə İmişli MRX-nın şöbə müdiri, mama-ginekoloq Əzizə Məmmədova özündən əvvəlki həkim təyinatını bir kənara ataraq, dünya səhiyyə elmində yeni “ixtira” etmək iddiasına düşüb. İmişli MRX-nın mama-ginekoloqu Əzizə Məmmədova qadının təbii usulla ana olmasının mümkünlüyünə, hamilə qadının valideyinlərini inandırmağı bacarıb. Onun iddiasına tabe olan valideyinlərin və hamilə övladlarının da əsl faciəsi bundan sonra başlayıb. 3 gün öncə doğuş sancıları ilə MRX-ya daxil olan hamilə qadını 3 gündə xəstəxanada saxlayan Əzizə Məmmədova 6 saatlıq “fəaliyyətdən” sonra nəhayət hamilə qadının qeysəriyyə əməliyyatı edilməsinə icazə verib.
Mənbə əlavə olaraq onu da bildirdi ki, artıq bu cərrahhiyə müdaxilə məhz ananın həyatını qurtarmaq məqsədi daşıyıb. Çünki uşaq uzun müddətli “fəaliyyətin” nəticəsində ölümə səbəb olacaq ciddi travmalardan artıq dünyasını dəyişibmiş. Oxucuların nəzərinə onu çatdıraq ki, ana və ya uşaq ölümü Əzizə Məmmədovanın həkimlik fəaliyyəti dönəmində ilk hadisə deyil. Bu xanımın adı illərdir ki, ana və uşaq ölümündə hallanır. Məsələnin ən qəribə, hətta şok edəcək tərəfi isə rayonun hüquq-mühafizə orqanları, konkret rayon prokurorluğu hər dəfə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlayır və qısa müddət sonra naməlum səbəblərdən xitam verir. Nəticədə Əzizə Məmmədova bir ailənin faciəsinə səbəb olduğu ölüm faktından bir “izahatla” qurtulmağı nəinki bacarır, “fəaliyyətini” heç nə olmamış kimi davam etdirir.
İmişli Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyi isə hadisəyə sıradan bir, sanki çürümüş dişin çıxarılması proseduru kimi baxır. Unudurlar ki, bir körpə bir ailənin daha sıx bağlanmasında, bəlkə də iki nəsil arası münasibətlərin qurulmasında körpu rolunu oynayır. Nədən bir həkimin özbaşınalığı artıq neçənci dəfədir ki, cəzasız qalır. Nə qədər ki, Əzizə Məmmədova və onun kimilər səbəb olduqları ölüm faktlarına görə cəzasız qalacaqlar, o qədər də dövlətin dünya dövlətləri arasında imici zədələnəcək. Əzizə Məmmədovanın səbəb olduğu ölüm faktları yalnız regional problem deyil, ümumdövlət problemidir.
Çünki Dünya Səhiyyə Təşkilatı və ya digər beynəlxalq qurumlar hesabat verərkən İmişli ilə bağlı vermirlər, məhz Azərbaycanla bağlı verirlər. İmişli MRX-nın rəhbərliyi və ya Səhiyyə nazirliyi illərdir ki, az qala ölüm makinasına çevrilən bu xanımda görəsən nə görüblər? Görəsən rayonun hüquq-mühafizə orqanları Əzizə Məmmədovanın hansı hərəkətlərinə görə onun uzun illərdən bəri törətdiyi əməllərinin cəzasız qalmasına göz yumurlar? Axı sizləri idarə edən qanunlardır cənablar, Əzizə Məmmədova yox.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.
MilliYol.Az