Məlum olduğu kimi, keçmiş deputat, iş adamı Nazim Bəydəmirli İranda şirkət açıb
Azərbaycanda fəaliyyətinə imkan verilmədiyi üçün N.Bəydəmirli İranda armatur istehsalı ilə məşğul olmağa başlayıb. Ancaq indi də sabiq deputatın İranda istehsal etdiyi məhsulu ölkəyə buraxmırlar.
“AzPolitika.info”nun məlumatına görə, bu barədə N.Bəydəmirli öz “facebook” səhifəsində yazıb. O bildirib ki, “Baku Steel” şirkəti olkə daxilində özünün keyfiyyəti daha aşağı olan məhsulunu baha qiymətə satmaq üçün xaricdən Azərbaycana keyfiyyətli və ucuz məhsul daxil olmasına imkan vermir.
“Monopoliya imkan vermir ki, Azərbaycana İrandan daha keyfiyyətli, daha ucuz armatur, katanka idxal olunsun. Təsəvvür edin ki, “Baku Steel” deyilən şirkət “metallom”dan hazırlanan malını daxili bazara 78O dollar ekvivalentində manata satır. İranın dəmir filizindən istehsal olunan malını biz Gürcüstan bazarına yol xərci daxil 385 dollara satırıq. O da ƏDV-sini ödəyib inşaata başlayanda maya dəyəri 454 dollara başa gəlir. Həm də keyfiyyətli mal… Aradakı 326 dollar fərq Gürcüstanda evləri ucuz edir, Bakıda isə bahalaşdırır. Baxın, Azərbaycanda bahalığın daha bir səbəbinə…” - sabiq deputat “Facebook”da yazır.
N.Bəydəmirli daha sonra qeyd edib ki, xaricdən Azərbaycana hətta gömrük rüsumunu ödəməklə armatur buraxılarsa, bazarda “Baku Steel”-in malından daha ucuz qiymətə satılar: “Bizdə Gürcüstandan fərqli olaraq “monopolistə” xidmət etmək üçün 15%-lik idxal gömrük rüsumu da var. Hətta onu da alıcı ödəmiş olsa, hal-hazırda Azərbaycan bazarına daha keyfiyyətli və “Baku Steel”-in malından 250 dollar ucuz mal idxal etmək olar. Ancaq imkan verilmir!”
Qeyd edək ki, bir neçə il əvvəl N.Bəydəmirlinin rəhbərlik etdiyi “Atahan Dəmir Sənaye” metallurgiya müəssisəsinin fəaliyyəti iflic olub. Belə ki, mətbuatda yayılan məlumata görə, müəssisəyə gələn üç nəfər hədə yolu ilə işi dayandırmağa məcbur ediblər. N.Bəydəmirli bildirmişdi ki, hücumçular Rasim Məmmədovun – “Baku Steel Company” MMC Müşahidə Şurası sədrinin “reket qrupunun” üzvləri olublar. Bu əməllər mətbuatda geniş əksini tapsa da, faktlar üzrə cinayət işləri açılmayıb. Bununla da “Baku Steel Company” inşaat armaturu və digər metal məhsulların istehsalında tam inhisar yaradıb.
Təəccüblü deyil ki, sabiq deputatın başına gətirilənlər hazırda armatur istehsalı ilə məşğul olan digər şirkətlərə qarşı da həyata keçirilir. Rasim Məmmədova yaxın bəzi media orqanlarında armatur istehsalı ilə məşğul olan müəssisələrin guya qeyri-leqal (?-red) fəaliyyət göstərdiyi, onların havanı çirkləndirdiyi, bağlanmasının zəruri olduğu bildirilib. Bundan az sonra isə həmin müəssisələrin bağlanılmasına başlanıb.
Sabiq deputat fəaliyyətini dayandırarkən bunun səbəbini belə izah etmişdi: “Günlərin bir günü ”Baku Steel Company”nin rəhbəri Rasim Məmmədov və ya ona oxşar birisi “qoçu dəstəsi” vasitəsi ilə istehsalımızı dayandıra bilər və dövlət onlara heç nə edə bilməz”.
Doğrudanmı, Azərbaycanda kimlərsə öz maraqlarını reallaşdırmaq üçün “qoçu dəstələri” saxlaya, hətta bütün dövlət orqanlarını onun tələblərini yerinə yetirməyə məcbur edə bilir. İnanmaq çətindir, ancaq ortada olan faktlar belə “fövqəlgüclərin” olduğunu göstərir.
MilliYol.Az