Səudiyyə Ərəbistanı hökuməti yerli jurnalist Camal Qaşıqçının Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edib
Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş bağlı Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb
Bu barədə ölkənin baş prokurorunun dövlət televiziyası ilə yayımlanan bəyanatına istinadən "Reuters" məlumat yayıb.
Həmçinin bildirilir ki, Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş bağlı Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb.
Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz əs-Səud ölkənn Ümumi Kəşfiyyat Xidməti rəhbərinin müavini general Əhməd Əsirini vəzifəsindən azad edib. Bu barədə də Səudiyyə xəbər agentliyi məlumat yayıb.
Agentliyin digər məlumatına görə, kral müşaviri Səud ibn Abdulla əl-Kaxtanini də vəzifəsindən kənarlaşdırıb.
Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz əs-Səud şahzadə Məhəmməd ibn Salman əs-Səuda Ümumi Kəşfiyyat Xidmətini yenidən təşkil etmək tapşırığı verib. Bildirilir ki, bunun üçün şahzadənin rəhbərliyi altında komitə yaradılıb.
Buna baxmayaraq Qaşıqçı cinayətində çoxlu açıq suallar qalmaqdadır. Qaşıqçının ölümümünün təsdiq olunmasına baxmayaraq Səudiyyənin baş prokuroru qətlin motivləri ilə bağlı heç bir açıqlama vürməyib. Həmçinin qətlin hansı şəraitdə baş verməsi ilə bağlı baş prokuror susub. Səudiyyənin baş prokuroru araşdırmanın davam etdiyini bildirib.
Bundan başqa Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının meyitinin hazırda harada olduğu da məlum deyil.
"Reuters"in məlumatına görə, konsulluğun sürücüsü jurnalistin meyitinin "yerli əməkdaş"a təhvil verilməsi prosesində iştirak edib.
"Reuters"in həmsöhbəti bildirib ki, Səudiyyə Ərəbistanı hakimiyyəti mərhum jurnalistin qətlə yetirilməsi və ya oğurlanması barədə göstəriş verməyib.
Onun sözlərinə görə, Qaşıqçı ilə bağlı ilkin təlimatlar yanlış izah edilib, əlavə tapşırıqlar isə "daha çox qeyri-müəyyən olub" ki, bu da sonda onun ölümünə və cinayətin gizlədilməsinə gətirib çıxarıb.
Mənbənin məlumatına görə, Krallıqda rejim tənqidçilərinin Səudiyyə Ərəbistanına gətirilməsi ilə bağlı təlimat var, lakin vəliəhd şahzadə Məhəmməd ibn Salman "bu konkret əməliyyatdan xəbərsiz olub".
Daha əvvəl vəlihəd şahzadənin təmizə çıxarılması məqsədi ilə qətlin general Əhməd Əsirinin üzərinə qoyulacağı barədə mətbuatda məlumatlar yayılmağa başlamışdı. Bundan sonra isə Krallığın baş prokuroru yerli jurnalist Camal Qaşıqçının İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib.
Xatırladaq ki, bundan əvvəl Türkiyə və Qərb KİV-ləri Qaşıqçının konsulluqda necə öldürüldüyü haqda dəhşətli təfərrüatları açıqlayıblar. Bu təfərrüatlara əsasən jurnalist sənəd almaq üçün konsulluğa girən kimi xüsusi olaraq Ər-Riyaddan göndərilmiş cəllad qrupu ona hücum çəkib. Jurnalisti konsul Muhammed əl-Üteybinin otağına apararaq orada işgəncə ilə öldürüblər. Qrupda yer alan pataloji anatomiya mütəxəssisi Qaşıqçının cəsədini 15 dəqiqə ərzində doğrayıb. Ehtimal edilir ki, cəsəd parçaları diplomatik nömrə nişanlı avtomobillə konsulluqdan çıxarılıb və naməlum istiqamətə aparılıb.
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının Qaşıqçının öldürüldüyünü etiraf etməsinə münasibət bildirib və bu bəyanatı “inandırıcı” adlandırıb. Lakin Tramp bildirib ki, araşdırma hələ bitməyib və Səudiyyə hökumətinə bəzi suallar qalır. “Bu məsələdə Konqreslə birlikdə işləyəcəyik”-Tramp bildirib. (Məlumat reportun yaydığı xəbərlər əsasında hazırlanıb).
MilliYol.Az