“Aqrar və sənaye sektorlarının ümumi kredit portfelində payı hətta 10 faizdən aşağıdır”
Ötən bir neçə il bank sektorunun ümumi durumu, həmçinin kredit və əmanət porteli ilə bağlı mənfi göstəricilərlə yadda qaldı. Lakin 2018-ci ilin əvvəlindən etibarən bu sektorda müsbətə doğru bir irəliləyiş sezilməkdədir.
Həm kommersiya banklarının kapitalının qismən artması, həm də depozit və kredit porfelində müəyyən qədər irəliləyişlərin olması bank sektoru üçün kritik dönəmin geridə qaldığını deməyə əsas verir. Bəzi banklarda vəziyyət ağır olaraq qalsa da, sistem əhəmiyyətli bankların əksəriyyəti bu il kredit təkliflərini artırdı. Həmçinin manatın məzənnəsinin uzun müddət sabit qalması əhalinin milli valyutaya olan inamının artmasına və əmanət qoyuluşunun da qismən artmasına gətirib çıxartdı.
Bəs görəsən, hazırda banklar kredit verməkdə nə dərəcədə maraqlıdırlar? Kredit şərtləri və faizləri ilə bağlı ötn illərdəki səhvlər təkrarlanırmı? Banklar real sektoru maliyyələşdirməkdə maraqlıdırlarmı?
“Yeni Müsavat”ın bu suallarını cavablandıran İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Vüqar Bayramov bildirdi ki, hazırda banklar daha çox istehlak kreditləri verməkdə maraqlıdırlar: “Bütövlükdə, bank sektorunu, eləcə də bankların kredit portfelini qiymətləndirsək, 2018-ci ilin ötən 9 ayında vətəndaşlara verilən kreditlərin həcmində artım olduğunu qeyd edə bilərik. Ancaq bütövlükdə kreditin strukturuna, eləcə də, kredit faizlərinə diqqət yetirsək, burada bir neçə məqamda problem olduğunu qeyd edə bilərik. Kredit portfelində artımların olmasına baxmayaraq, yenə də istehlak kreditlərinə yönəldilən vəsaitlərin həcmi yüksəkdir. Ümumi kredit portfelinin 40 faizdən çoxunu istehlak kreditləri təşkil edir. Digər tərəfdən, aqrar və sənaye sektorlarının ümumi kredit portfelində payı hətta 10 faizdən aşağıdır. Nəticə etibarilə bu sektorda çalışanların bank kreditlərinə çıxış imkanları məhdud olaraq qalmaqdadır”.
İqtisadçının sözlərinə görə, istehlak kreditlərinin payının yüksək olması kommersiya banklarının hələ də bu növ kreditləşmədə maraqlı olması ilə bağlıdır: “Banklar daha çox istehlak kreditləri verərək, daha qısa zamanda gəlir əldə etmək və təbii ki, risklərini sığortalamağa çalışırlar. Bu da bankların istehlak kreditlərinə marağının artmasına səbəb olur. Ancaq bizim üçün əsas olan bankların real sektoru maliyyələşdirməkdə maraqlı olmasıdır. Bununla bağlı, dəfələrlə banklara ən yüksək səviyyələrdə tövsiyələr verilib. Ancaq yenə də onlar istehlak kreditləşməsində maraqlıdırlar”.
V.Bayramov həmçini bankları çox aşağı faizlə əmanət götürüb ondan dəfələrlə yüksək faizlə kredit verməkdə tənqid etdi: “İkinci vacib məqam kredit faizləri ilə depozit faizləri arasındakı fərqlə bağlıdır. Azərbaycanda manat üzrə qorunan əmanət faizləri 5 faiz, xarici valyuta üzrə isə 3 faizdir. Bizim apardığımız monitorinqlər göstərir ki, sistem əhəmiyyətli banklarda depozit faizi orta hesabla manat üzrə illik olaraq 7 faizdir, xarici valyuta üzrə olan əmanətlərdə isə bəzi hallarda 0,1 faizə qədər enib. Sistem əhəmiyyətli banklarda orta hesabla xarici valyuta üzrə əmanətləri faiz dərəcəsi 1 faiz ətrafında dəyişir. Yəni, dollarla cəlb edilən depozitlərə banklar çox cüzi, simvolik faizlər təklif edirlər. Buna rəğmən, banklarda həm xarici valyuta ilə olan kreditlər, həm də manatla olan kreditlər üzrə faiz dərəcələri çox yüksəkdir. Elə bankların internet səhifələrinə baxmaqla da bunu müəyyənləşdirmək olar. Manat üzrə istehlak kreditlərinin faizləri bəzi hallarda 29 faizə qədər yüksəlir. Söhbət sistem əhəmiyyətli bankların təklif etdiyi kreditlərdən gedir. Halbuki , bu banklar həm vətəndaşlara, həm də real sektora daha aşağı faizlə kreditlər təklif etməli idi. Çox təəssüf ki, banklar bir vətəndaşdan aldıqları pulu digər vətəndaşa bir çox hallarda 7 dəfə baha qiymətə satırlar. Bu kommersiya qurumları hazırda ucuz qiymətə depozit cəlb edib onu baha qiymətə kredit verməklə öz fəaliyyətlərini davam etdirirlər”.
Vüqar Bayramovun sözlərinə görə, kredit portfelində əmanətlərin payının çox olması əslində kredit faizlərinin aşağı salınması üçün bir əsasdır: “Hazırda banklarda ümumi kredit portfelində depozit portfelinin payı 60 faizə bərabərdir. Bu da çox ciddi bir rəqəm hesab oluna bilər və nəticə etibarilə kredit faizlərinin aşağı düşməsinə gətirib çıxarmalıdır. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan işlərin nəticəsi, xüsusən 2018-ci ildə daha çox özünü büruzə verir. Çünki 2018-ci ildə həm kredit, həm də depozit portfelində artımlar müşahidə olunur. Əvvəlki illərdə isə bu göstəricilərdə azalmalar müşahidə olunurdu. Bu həm də Palatada idarəetmənin çevikliyi ilə bağlıdır. Ötən il Palatada idarəetmə qaydalarının dəyişdiyini və nizamnaməyə dəyişikliklər edildiyini nəzərə alsaq, bundan sonra bu qurumla bankların əməkdaşlığı daha səmərəli ola bilər.
Etiraf etmək lazımdır ki, əvvəlki dövrlərdə Palata ilə banklar arasındakı əməkdaşlıq daha çox diqtə prinsipinə əsaslanırdı. Kommersiya banklarının rəhbərləri belə Palata ilə əməkdaşlıqdan bəhrələnə bilmirdilər. Sevindirici haldır ki, təxminən son 1 il ərzində Palata kommersiya bankları ilə bərabərtərəfli əməkdaşlıq edir. O baxımdan güman olunur ki, bu əməkdaşlıq və Palatanın idarəetməsində çevikliyin təmin olunması, hər hansı xarici şoklar baş verməzsə, 2019-cu ildə bank sektorunda, xüsusən də kredit və depozit portfelində artımlara gətirib çıxara bilər. Palatanın əsas işi faizlərin tənzimlənməsi və kreditlərin daha çox real sektora yönəldilməsinə nail olmaqdan ibarət olmalıdır".
MilliYol.Az