“Hər şey Moskvanın PKK-PYD məsələsində Ankaraya nə dərəcədə dəstək verməsindən asılıdır”
Bu fikirləri Rusiya-Türkiyə münasibətlərinin yaxın perspektivini dəyərləndirən Türkiyəli politoloq Salih Yılmaz deyib.
Salih Yılmazın sözlərinə görə, Moskva ilə Ankaranın PKK-PYD məsələsində razılığa gəlib-gəlməmələri Suriyanın gələcəyinə də ciddi təsir göstərəcək:
“Əgər Rusiya Türkiyənin yalnız onun razılığı əsasında Suriyada təsir imkanları qazana biləcəyini göstərərsə, bu, Moskva-Ankara münasibətlərində böhrana səbəb ola bilər. Hazırda ikitərəfli münasibətlərin ən yüksək səviyyədə qəbul edilmiş mühüm elementi Türkiyənin öz sərhədlərinin təhlükəsizliyini təmin etməklə bağlı beynəlxalq hüququn Rusiya tərəfindən tanınmasıdır.
Əgər Moskva ABŞ-la münasibət və PKK-PYD-yə yanaşmada Ankara ilə sövdələşməyə başlamaq istəsə, bu, Türkiyənin narazılığına səbəb olacaq. Əksinə, əgər Moskva PKK-PYD məsələsində Ankaranı dəstəkləsə, qarşılıqlı etimadı gücləndirəcək və Yaxın Şərqdə birgə siyasət yürütmək imkanlarını genişləndirəcək.
Eyni zamanda, Moskvanın Vaşinqtonla aparacağı danışıqlarda PKK-PYD məsələsində Türkiyənin mövqeyini nə dərəcədə dəstəkləməsi Suriyanın gələcəyi baxımından böyük əhəmiyyət daşıyır. Türkiyə Rusiyanın PKK-PYD ilə anlaşmaq üçün hələ də yollar axtarmasından çox narahatdır. Əgər Moskva PKK-PYD-ni Əsəd rejiminin nəzarətində qalmağa razı sala bilməsə, o halda Rusiya ABŞ-ın analoji siyasətini qəbul etməli olacaq.
Digər tərəfdən, Rusiyanın Suriyaya S-300 raket kopmleksləri göndərməsi Moskvanın həmin ölkədə hüdudları konkret olaraq hələ müəyyən olunmayan uçuş üçün qadağan edilmiş ərazilərin yaradılması anlamına gəlir. O baxımdan, Rusiyanın S-300-lərlə Türkiyənin Mənbicdə və Fərat çayının sağ sahilində həyəta keçirəcəyi əməliyyatlara mane olmağa çalışması isə Suriya böhranın dinc yollarla həllinə dair Rusiya-Türkiyə planının reallaşmasına imkan verməyəcək”.(Yenicag.az)
MilliYol.Az