Pompeonun səfəri Amerikanın Ankaranı Suriyada Vaşinqtonla əməkdaşlığa getməyə vadar etmək istədiyini göstərir...
Oktyabrın 17-də ABŞ dövlət katibi Maykl Pompeo Türkiyəyə səfər edib. Daha əvvəl Səudiyyə Ərəbistanına gedən Pompeonun səfərinin əsas məqsədi jurnalist Camal Qaşıqçının istintaqı olub. Ancaq təbii ki, görüşdə regional məsələlər, o cümlədən ABŞ-Türkiyə münasibətləri də müzakirə olunub.
Ankaraya gələn Pompeo burada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və eləcə də xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə Qaşıqçı məsələsi ilə yanaşı ikitərəfli əlaqələrə toxunulub. Məlum olduğu kimi, hazırda Türkiyə və ABŞ arasında əsas problem iqtisadi sanksiyalar və Suriya kürdləri, daha doğrusu, PYD/YPG mövzusudur. Pompeo Türkiyədə bildirib ki, keşiş Bransonun azad edilməsindən sonra ABŞ Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilib-edilməməsi ilə bağlı yaxın vaxtlarda qərar verəcək. “Necə deyərlər, top indi Vaşinqtondadır. Ancaq belə görünür ki, Vaşinqton təmkinlidir. Dövlət katibi Pompeo sanksiyalar mövzusuna baxıla biləcəyini deyib.
ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Cefri Pompeo ilə eyni vaxtda Türkiyəyə səfər edərək yerli rəsmilərlə görüşüb. Yerli mediaya müsahibəsində xüsusi təmsilçi deyib ki, Türkiyə hökuməti ABŞ prezidentinin BMT-də elan etdiyi Suriya hədəfləri ilə bağlı Vaşinqtonla həmrəydir. Onun sözlərinə görə, bu hədəflər sırasında İranın Suriyadan tamamilə çıxarılması, toqquşmaların dayanması və siyasi həll prosesinin yenidən canlandırılmasıdır. Eyni zamanda deyib ki, Ankaranın Tehran sammiti və ondan sonrakı davranışları, hərbi və siyasi sahədə atdığı addımlar atmaqla qarşısına qoyduğu hədəflərdən imtina etməyəcəyini göstərdi.
Pompeo ilə bərabər Cefrinin Ankaraya gəlməsi onu göstərir ki, ABŞ hakimiyyəti təkcə Bransonun azad edilməsini məqbul saymır. Eyni zamanda Suriya münaqişəsi ilə bağlı Ankaranın dəstəyini almaqda qərarlıdır. Çünki Ankaranın Rusiya-İran tandeminə qoşulması Amerikanın Suriyada əl-qolunu bağlayır. Bu səbəbdən də Vaşinqton üçün Suriyada Türkiyə ilə əməkdaşlıq etmək lazımdır. Ancaq hazırkı şərtlərdə Türkiyə və Vaşinqtonun maraqları üst-üstə düşmür. Türkiyənin Vaşinqtonun qaydaları ilə razılaşmasına isə əlavə təsir vasitəsi olmalıdır. Görünür, indi Vaşinqton sanksiyaların ləğv etmək qarşılığında Ankaradan Suriya məsələsində dəstək və ya əməkdaşlıq tələb edəcək. Elə Ərdoğan-Pompeo dialoqundan mətbuata sızan kiçik məlumatdan da görünür ki, görüşün əsas səbəbi Qaşıqçı göstərilsə də, danışıqların mərkəzində sanksiyalar və Suriya olub.
Cefri onu da bildirib ki, Menbicin azad edilməsi istiqamətində Ankara ilə yaxından əməkdaşlıq edirlər. Onun sözlərinə görə, bir ərəb rayonu olan Menbicdə ABŞ YPG ilə əməkdaşlıq edib. Ancaq xarici işlər naziri Çavuşoğlu və dövlət katibi Pompeo arasında 4 iyunda əldə olunmuş razılaşmaya əsasən, Menbic tədricən YPG silahlılarından təmizlənəcək və dekabrda Türkiyə ilə ABŞ silahlı qüvvələrinin birgə nəzarətinə veriləcək. C.Cefri bu razılaşmanın hələ də qüvvədə olduğunu və fəaliyyətinin bu istiqamətdə getdiyini bildirib.
Sitat: “Menbicdə birgə patrul həyata keçirəcəyimiz qüvvələr hazırda Türkiyədə təlim keçir. Burada məqsəd Türkiyəyə çox yaxın olduğu üçün türkləri razı salacaq bir təhlükəsizlik bölgəsinin yaradılması, bizim də razı qalacağımız, yerli xalqın təhlükəsizlikdə olacağı plan. Bu plana əsasən YPG yenidən Fəratın şərqinə çəkiləcək”.
ABŞ prezidentinin xüsusi təmsilçisi bir daha qeyd edib ki, Amerika Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Və Suriyanın şimalında yeni bir xalq düzəltmək istəmir. Əlavə edib ki, Vaşinqtonun siyasi deyil, hərbi maraqları var.
Xatırladaq ki, Türkiyə mətbuatının yazdığına görə, dövlət katibi Pompeo ilə görüş zamanı prezident Ərdoğan bildirib ki, Vaşinqton üçün çətinlik yaradırsa, Ankara özü Menbicdə təkbaşına antiterror əməliyyatı keçirməyə hazırdır. Sitat: “Sizin burada çətinlikləriniz varsa, biz oranı terrorçulardan təmizləyə bilərik, həm də çox asan şəkildə”.
Xarici işlər naziri M.Çavuşoğlu isə bildirib ki, Pompeo ilə görüş zamanı Menbic mövzusunda razılaşdırılmış planın icrasında müəyyən ləngimələr olsa da, plan qüvvədədir və həyata keçirilməkdə davam edir. Hər iki tərəf, Türkiyə və ABŞ hökumətləri əldə olunmuş razılaşmanın qüvvədə qalmasında həmfikir olduqlarını bildiriblər.
Sanksiyalar məsələsinə gəlincə, Çavuşoğlu deyib ki, embarqo qərarları ağılsızcasınadır. Və hər iki tərəf ikitərəfli əlaqələrdə bunların olmamasını vurğulayıb: “Bu cür neqativ halların olması durumunda əlaqələr davam edə bilməz”.
Göründüyü kimi, bütün əlamətlərə görə, Türkiyəyə qarşı sanksiyaların ləğvi Bransonun azad edilməsi deyil, Suriya məsələsində anlaşmadan asılı olacaq. Vaşinqton işi məhz bu istiqamətə çəkmək istəyir. Ankara isə Menbicdə daha qərarlı ola biləcəyini, yəni əlavə şərtlərə razı olmaq istəmədiyini nümayiş etdirir. Görünən odur ki, Türkiyə və ABŞ-ın tamamilə barışması daha çox Suriyadakı əməkdaşlıqdan asılı olacaq.(“Yeni Müsavat”)
MilliYol.Az