Xəbər verdiyimiz kimi, Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun kürəkəni, türkiyəli iş adamı Mustafa Erkin Karamana silahlı hücuma məruz qalıb
Belə ki, iş adamı İstanbulda Beykoz ərazisində maşınında atəşə tutulub. Naməlum şəxs tərəfindən Karamanın cipinə atılan 5 güllədən 2-si ona dəyib. Məlumata görə, biznesmen ərazidən yaralı halda uzaqlaşıb, daha sonra təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Əraziyə xeyli sayda polis cəlb edilib və araşdırmalara başlanılıb.
Unikal.org Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun kimliyini araşdırıb.
Məlum olub ki, Azərbaycan Respublikası Prezidentinin Müvəkkili Musa Salam oğlu Məmmədov 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib. Musa Məmmədov həmçinin kənd təsərrüfatı naziri vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Respublikanın əməkdar aqronomu, iqtisad elmləri doktoru, Dövlət mükafatı laureatı, ölkədə aqrar sənaye sahəsində və kənd təsərrüfatının inkişafında böyük xidmətləri olan əmək veteranıdır.
İnam Kərimov Kənd Təsərrüfatı Naziri vəzifəsinə təyin edildikdən sonra onun xahişi ilə təcrübəsindən yararlanmaq qərarı verib. 87 yaşlı Musa Məmmədov hazırda nazirlikdə bitkiçilik və pambıqçılıq sahəsində mütəxəssis kimi çalışır.
Yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, son on ildə Musa Məmmədov iki oğlunu itirib. Bir qızı isə Türkiyədə ailəlidir. Musa Məmmədov müalicələri üçün mütəmadi olaraq Türkiyəyə gedir. Hazırki hadisədən isə xəbəri yoxdur.
MilliYol.Az