Cəmi 10 il əvvəl qazla zəngin olan Türkmənistanda “qızıl əsr” yaşanırdı. Bəs 10 il əvvəl özünün “qızıl əsr”ini yaşayan Türkmənistanda indi nə baş verir?...
Ekspert: “Türkmənistan investorlar üçün kifayət qədər qapalı ölkədir. Burada qanunlar çox sərt olduğuna, azad məhkəmə sistemi olmadığına və ümumiyyətlə bizneslə məşğul olmaq üçün şəffaf oyun qaydalarının olmaması xarici və daxili investorları uzaqlaşmağa məcbur edir”.
“Türkmənistanda qazdan əldə edilən gəlirlər daha çox imic layihələrinə sərf olunur... Yüz milyonlarla vəsait hesabına tikilən kurort şəhərinə vizanın çətinliklə verilməsi çox məntiqsizdir”.
Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Türkmənistanda yaşanan aclıq həddi ilə bağlı vəziyyəti şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.
Rusiya mətbuatının “Xronika Turkmenistana” nəşrinə əsasən yazdığına görə, Türkmənistanda əhali aclıq həddinə çatıb. Ehtiyac içində olan insanlar ölkəni tərk etməyə başlayıblar. Belə ki, Türkmənistaının bir sıra əyalətlərində əhalinin un və çörəklə təminatında yararnan prolemlərə görə insanlar insanlar ölkəni tərk etməyə başlayıblar.
“Xronika Turkmenistana” nəşri qeyd edir ki, artıq Türkmənistanın bir sıra rayonlarında böşalmış evlərə çox tez-tez rast gəlinir. Bəziləri birdəfəlik Türkmənistanı tərk edir, bəziləri müvəqqət iş dalınca ölkədən çıxırlar. Onlar əsasənMDB ölkələrinə üz tuturlar. Qeyd olunur ki, un və çörək qıtlığı insanların səbr kasasını doldurub və onlar artıq Türkmənisdtanda qalmaq istəmirlər.
Türkmənistanda adambaşına bir dəfəyə 6 kiloqramdan artıq un satılmır. Bəzən isə insanların bu 6 kiloqram unu almaq üçün pulu olmur. Hazırda Qazaxıstandan gətirilən birinci növ unun kisəsi 300 manata (145 AZN), yerli un isə 220 manata (106 AZN) satılır. İnsanlar bu qiymətə un və çörək ala bilmədiklərinə görə qara un almağa məcbur olurlar. Türkmənistanda, xüsusən də kənd rayonlarında işsizlik kütləvi xarakter alıb. Bu üzdən də insanlar çörək almağa belə pul tapa bilmirlər. Nəşr yazır ki, hazırda Türkmənistanda çörək pulu tapanların bir qayda olaraq ailə üzvlərindən biri Türkmənistandan kənarda çalışır və onun yolladığı pulla ailənin digər üzvləri keçinirlər.
Dövlət mağazalarında demək olar ki, un tapılmır. Çörək dükanlarının qarşısında isə hər zaman 200-dən artıq adam növbədə gözləyir.
Son illər digər qida məhsullarının qiymətində isə 70-100% artım olub. Sentyabr ayında isə hökümət 2019-cu il yanvarın 1-dən əhaliyə pulsuz kommunal xidmətin ləğv olunacağını açıqlayıb. Qeyd edək ki, müstəqillik əldə olunduqdan sonra Türkmənistanda elektrik, qaz, içməli su və süfrə duzu əhaliyə pulsuz verilirdi. Bundan başqa avtomobli olan hər kəs ay ərzində 120 litr pulsuz benzin ala bilir. Gələn ilin ilk günündən isə Türkmənistan əhalisi bütün bunlardan məhrum olacaq və bu da təbii ki, Türkmənistandakı sosial-iqtisadi vəziyyəti daha da pisləşdirəcək.
BMT-nin məlumatına görə isə Orta Asiyanın bütün respublikaları keçən il üçün yarıaclıqdan əziyyət çəkən ölkələr kateqoriyasına aid edilib. Mövcud vəziyyətdə isə bu yarıaclıq Orta Asiya ölkələrində, xüsusən də Türkmənistanda yaşam səviyyəsinin həddindən artıq aşağı düşməsi ilə müşahidə olunur.
Onu da qeyd edək ki, Türkmənistanda özəlləşdirmə çox məhdud çərçivədə, o da əsasən xidmət sektorunda aparılıb. Sənaye, kənd təsərrüaftı, energetika, nəqliyyat və rabitə hələ də əsasən dövlət sektorunun əlində cəmləşib.
Xatırladaq cəmi 10 il əvvəl qazla zəngin olan Türkmənistanda “qızıl əsr” yaşanırdı. Türkmənistanın birinci prezidenti Saparmurad Türkmənbaşı bu “qızıl əsr”in əbədi olacağını iddia edirdi. Bəs 10 il əvvəl özünün “qızıl əsr”ini yaşayan Türkmənistanda indi nə baş verir və bu qədər iqtisadi tənəzzülə uğramasının səbəbi nədir? Ümumiyyətlə, Türkmənistanın qazdan əldə etdiyi böyük gəlirlər hara sərf olunur?
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.
Natiq Cəfərli: “Türkmənistanda qanunlar çox sərt olduğuna, azad məhkəmə sistemi olmadığına və ümumiyyətlə bizneslə məşğul olmaq üçün şəffaf oyun qaydalarının olmaması xarici və daxili investorları uzaqlaşmağa məcbur edir”.
İdarəetmənin yanlış formalaşması fonunda Türkmənistanda iqtisadi böhranın yaşandığını qeyd edən iqtisadçı Natiq Cəfərliyə görə, ölkədə azad bazar münasibətlərinin olmaması vəziyyəti daha da dərinləşdirib:
“Türkmənistanda mövcud vəziyyətin yaşanmasına bir sıra amillər təsir edib. Birincisi, Türkmənistan enerji daşıyıclarından kifayət qədər asılı bir vəziyyətdədir. Əsasən Şərqə, Çinə, Hindistana və Rusiya üzərindən Avropaya qaz satır. Qazın qiymətləri neftin qiymətlərindən asılı olduğuna və 6 aydan bir dəyişdiyinə görə hələlik bahalaşan neft qiymətləri qaz qiymətlərinin üzərinə gəlməyib. Yəni, Türkmənistan hələlik kifayət qədər aşağı qiymətə qaz satmağa məcburdur. Büdcə və ÜDM-in formalaşmasında bu enerji faktoru həlledici rol oynayır. Bu isə o deməkdir ki, iqtisadiyyatda qazdan kifayət qədər böyük asılılıq var.
İkincisi, Türkmənistan investorlar üçün kifayət qədər qapalı ölkədir. Burada qanunlar çox sərt olduğuna, azad məhkəmə sistemi olmadığına və ümumiyyətlə bizneslə məşğul olmaq üçün şəffaf oyun qaydalarının olmaması xarici və daxili investorları uzaqlaşmağa məcbur edir. Tikintidən başqa, bir çox sahələrdə xarici investorları görməmək mümkün deyil. Tikintidə isə əsasən türk şirkətləri dövlət büdcəsi hesabına bəzi iri layihələr həyata keçirir.
Üçüncü səbəb ondan ibarətdir ki, əvvəllər hökümət kommunal xərclər, əhalinin böyük bir qisminə pulsuz benzin verilməsi ilə bağlı öz üzərinə kifayət qədər böyük yük götürmüşdü. Ay ərzində hər bir vətəndaş 120 litr pulsuz benzin ala bilərdi, kommunal xərclər pulsuz idi. Hətta bu yaxınlara qədər çörəyin pulsuz paylanması da nəzərdə tutulmuşdu. Böyük sosial xərcləri dövlət öz üzərinə götürsə də, bu yükün altından çıxa bilmədi. Dövlətin gəlirləri zəiflədikcə, bu öhdəlikləri yerinə yetirə bilmir və ciddi problemlər yaranır.
Natiq Cəfərli: “Böyük sosial xərcləri dövlət öz üzərinə götürsə də, bu yükün altından çıxa bilmədi. Dövlətin gəlirləri zəiflədikcə, bu öhdəlikləri yerinə yetirə bilmir və ciddi problemlər yaranır”.
Digər tərəfdən, azad bazar münasibətləri olmadığına görə Türkmənistan manatı rəsmi məzənnəsi ilə qara bazar məzənnəsi arasında təxminən iki dəfədən çox fərq yaradır. Rəsmi məzənnə çox aşağı olduğu halda qara bazarda dollar 2-3 dəfə yüksək qiymətə satılır. Daxili oyun qaydalarında şəffaflığın olmaması isə xaricdən gətirilən ərzaq və digər məhsulları baxımından iş adamlarına sərf etmir. Çünki dövlət hesabat apararkən rəsmi məzənnə ilə hesablaşır, amma iş adamları satdıqları malın əvəzinə valyutanı qara bazardan almağa məcbur olurlar.
Sadaladığım bu səbəblərin nəticəsi olaraq, Türkmənistanda çox ağır iqtisadi durum yaranıb. Doğrudan da əhalinin böyük bir qismi qonşu ölkələrə köç etmək məcburiyyətində qalıb. Türkmənlərin daha çox Rusiyaya köç etdikləri müşahidə olunur, amma Azərbaycana da gələnlərin sayında artım hiss olunur. Ümumiləşdirsək, idarəetmənin qeyri-şəffaf olması, normal oyun qaydalarının tətbiq edilməməsi Türkmənistanın indiki vəziyyətə düşməsinə səbəb olub.
Türkmənistanda qazdan əldə edilən gəlirlər daha çox imic layihələrinə sərf olunur. Məsələn, Xəzər sahilində böyük və çox bahalı kurort şəhəri tikilib, amma Türkmənistan qapalı ölkə olduğuna görə vizasız gediş-gəliş mümkün deyil. Hətta MDB ölkələrindən belə Türkmənistana gediş-gəliş çox çətindir. Yüz milyonlarla vəsait hesabına tikilən kurort şəhərinə vizanın çətinliklə verilməsi çox məntiqsizdir. Bu baxımdan Türkmənistanda turizm demək olar ki, inkişaf etməyib.
Böyük imic layihələri, böyük tikintilər dövlət büdcəsinin zəifləməsində əsas rol oynadı. Bununla yanaşı, Türkmənistanda böyük idman oyunları keçirildi. Bəzi hesablamalara görə, bu oyunlara 2 milyard dollar yaxın əlavə vəsait xərcləndi. Bu cür düşüncəsiz addımlar iqtisadi böhranın dərinləşməsinə şərait yaratdı”.
MilliYol.Az