Lora Rozen
“Əl-Monitor”
Səudiyyə Ərəbistanı ilə münasibətləri saxlamaq üçün ABŞ dövlət katibi Mayk Pompeonun yalnız gülümsəməsi tənqid olunmur. O, jurnalist Camal Xaşuqcinin qətlə yetirilməsinə dair Səudiyyə təhqiqatına etibar etdiyini bildirib və əlavə edib ki, administrasiya ABŞ-Səudiyyə əlaqələrinin zərər görməsini istəmir.
Daha sonra Pompeo jurnalistlərlə söhbətində bildirib: “Bu barədə çox söhbətlərimiz olub, prezident Tramp da məsələyə ciddi yanaşır”.
Türk səlahiyyətliləri ilə görüşlərdən sonra Pompeo deyib: “ABŞ-ın verəcəyi cavablara gəldikdə, bunun üçün əvvəlcə faktları bilməliyik”.
“Bizim çox mühüm münasibətlərimiz var, o cümlədən ABŞ və Səudiyyə şirkətləri arasında maliyyə münasibətləri, hökumət münasibətləri. Birləşmiş Ştatlar üçün riskləri azaltmaq naminə səylər dünyanın ən böyük terror sponsoru olan İrana qarşı yönəlib. Səudiyyə Ərəbistanı bu məsələlərdə böyük tərəfdaşlardan biridir”.
Pompeo Riyadda Səudiyyə Ərəbistanı kralı Salman və şahzadə Məhəmməd bin Salmanla (MBS) “dostyana” görüşlər keçirib. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təxminən 40 dəqiqəlik təmasda olub. Sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ünsiyyətə girib. Nə Pompeo, nə də türk tərəfdaşları görüşlərdən sonra jurnalistlərə açıqlama verməyib və Pompeonun təyyarəsi Ankaraya enişdən üç saat sonra yenidən havaya qalxıb.
Dövlət katibinin Türkiyədən ayrılmasından bir neçə saat sonra “New York Times” anonim türk səlahiyyətlisi və hökumətyönlü “Yeni Şafak” qəzetinə istinadən, Xaşuqcinin oktyabrın 2-də İstanbuldakı Səudiyyə konsulluğunda işgəncə ilə öldürüldüyü iddia edilən bir səs yazısını dərc edib.
Pompeo Brüsseldə jurnalistlərlə söhbət edərkən, səs yazısı ilə bağlı şərh verməkdən imtina edib.
ABŞ prezidenti Donald Tramp səs yazının Türkiyədən istənildiyini deyib: “Bəli, biz bunu istəmişik… varsa… Həftənin sonuna qədər ehtimal olunanları biləcəyik”.
“Washington Post”-un köşə yazarı David İqnatius MBS-in müttəfiqi, Səudiyyə kəşfiyyat şefinin müavini general Əhməd əl-Asirin Xaşuqcinin qətlində iştirakını iddia edib. Əl-Asir Yəməndə koalisiya təmsilçisi olub və onun indiki vəzifəyə irəli çəkilməsi şahzadə tərəfindən dəstəklənib.
Milli Təhlükəsizlik Şurası və CIA-nın sabiq zabiti Bryus Ridel bildirib ki, “administrasiya İstanbul siyasətçiləri tərəfindən təhdid edilən İran əleyhinə kampaniyanı ümidsiz şəkildə qorumağa çalışır”. Ridel əlavə edib ki, “eybəcər rejimləri qara örtüklə gizləmək cəhdləri artıq mümkün deyil”.
Tramp administrasiyası ABŞ-Səudiyyə əlaqələrində pozuntuya gətirib çıxaran Xaşuqci iddiasından yarana biləcək fəlakətlə bərabər, Konqresin təzyiqinə məruz qalır.
İranın neft və qaz ixracı ilə bağlı ABŞ sanksiyaları gələn ay qüvvəyə minir, Tramp administrasiyası isə səudiyyəlilərin daha çox neft nəql etməkdən imtinasından qorxur. Bu, qaz qiymətlərinin artması ilə Trampın potensial seçki qələbəsi şansını təhdid edə bilər.
Xaşuqci cinayəti Yəməndə Səudiyyə Ərəbistanı və BƏƏ-nin hərbi kampaniyasına ABŞ tərəfindən dəstəyi də Konqresdə sual altına qoyur.
“Konqres Yəmən müharibəsinə şübhə ilə yanaşacaq və Səudiyyə əleyhinə möhtəşəm bir fırtına yarada bilər, – anonim mənbə “əl-Monitor”-a bildirib. – Konqresin yeni silah satışını təsdiqləyəcəyini düşünmürəm. Xaşuqci cinayəti ilə əlaqədar hiddətlənən senatorlar canilərə qarşı Maqnitski Aktına əsasən sanksiyaların tətbiqinə çağırır. Onlar əsla zarafat etmir”.
Tərcümə: Strateq.az
MilliYol.Az