Yılmaz Özdil: “Mustafa Kamal evlənəcəyi qızın adını Azərbaycanın Ankara səfirliyində açıqlayacaq qədər Azərbaycanı özünə doğma bilirdi”
İlk tirajı 1.7 milyon olan "Mustafa Kamal" kitabının müəllifi, Türkiyənin tanınmış yazarı Yılmaz Özdil Turan agentliyinə müsahibə verdi
- "Xoş gəlişlər ola,Mustafa Kamal paşa" mahnısı təxminən 1920-ci ildə Azərbaycanda yaranıb, sonra Karsa gəlib.Kitabınızla o mahnı arasında paralellik qursanız, nə demək istərdiniz? Bu gün kitabınızın Azərbaycanda çap edilməsiylə bağlı müqaviləni də imzaladınız...
- Həqiqətən çox xoşbəxtəm.Kitabım Türkiyədə nəşriyyatdan çıxanda özümü nə qədər həyəcan hiss etmişdimsə, Azərbaycan Türkcəsinə tərcümə ediləcəyinə görə də eyni xoşbəxtliyi və həyəcanı hiss edirəm.Bütün səmimiyyətimlə deyirəm ki,Azərbaycan bizim qəlbimizin yarısıdır. "Bir millət iki dövlət" sözünün sadəcə siyasi şüardan ibarət olmaması üçün Kırmızı kedi və TEAS Press nəşriyyatları arasında imzalanan bu müqavilə ilə bizim aramızdakı mədəniyyət körpüsünün bir həmləsinin "Mustafa Kamal" kitabımın olması mənə böyük şərəf verir.Ona görə başda Kırmızı kedi və TEAS Press nəşriyyatları olmaq üzrə, bu işdə zəhməti olan hamıya təşəkkür edirəm.
- Kitabınızı yazarkən 2000-dən çox əsər və sənəd oxuduğunuzu demişdiniz.Falih Rıfkı Ataydan üzü bəri Atatürk haqqında çox kitab yazılıb.Yanaşma və üslub baxımından sizin kitabınız hamısından fərqlənir.Bu fərqi Azərbaycan oxucusu üçün izah edərsinizmi?
- Kitabı yazmaq barədə niyyətim 2008-ci ildə yarandı.Təəssüf ki, Türkiyədəki siyasi iqlimdən istifadə etməyə çalışan bir qism fürsətçilər Mustafa Kamal Atatürkü cəmiyyətə, xüsusilə, gənclərə və uşaqlara öz düşündükləri kimi təqdim edə bilmək üçün yalanlarla-böhtanlarla dolu kitabları bazara çıxardılar.Mustafa Kamal Atatürkün bioqrafiyası o həyatda olarkən yazılan bir neçə kitabdan ibarətdir.Bəlkə dünyada haqqında ən çox kitab yazılan adamlardan biri Mustafa Kamaldır ancaq onun bioqrafiyası yaxşı bilinmir və yazılmırdı.Ona görə mən Atatürkün "Gəncliyə müraciət"indən aldığım səlahiyyət ilə bu kitabı yazmağın lazım olduğunu düşündüm.Yəni əli qələm tutan bir insan kimi özümü bu kitabı yazmağa borclu bildim.10 illik zaman kəsiyində Mustafa Kamalın şəxsi həyatına dair mövcud olan bütün yerli və əcnəbi kitabları, sənədləri, əsərləri, universitetlərdə yazılan dissertasiyaları,raportları, onun həyatına şahid olanların xatirələrini oxuyaraq 7 min səhifəlik qeyd çıxardım.
Son 2 ildə bunu yazaraq 520 səhifəlik kitab şəklində çap etdirdim.Buradakı əsas məqsədimiz-Mustafa Kamal Atatürkün həyatını heç bir avtosenzura qoymadan, təhrif etmədən, bütün çılpaqlığı ilə həm bu günkü həm də bundan sonrakı nəsillərin oxuması və referans kimi qəbul etməsidir.Kitab təxminən 10 gün əvvəl çıxdı.Cəmiyyətdən gələn reaksiyalar gördüyümüz bu işin düz olduğunu göstərir.Buna görə özümü çox xoşbəxt hiss edirəm.- Türkiyənin dünyəvilikdən və müasirlikdən uzaqlaşması Azərbaycanı da ən çox narahat edən məsələlərdən biri olardı.Bu baxımdan kitabınızı necə dəyərləndirərdiniz?
- Azərbaycan Türkləri ilə Türkiyə Türklərinin arasında doğuşdan bir qardaşlıq var.Biz uzun illər bir-birimizi görməsək də həmişə özümüzü qardaş hiss etmişik.Biz görürük ki, Azərbaycanın ürəyini yandıran hər hansı məsələ bizim də ürəyimizi yandırır.Və ya Türkiyədə Mustafa Kamal Atatürkün əleyhinə deyilən sözlər Azərbaycan Türklərinin də ürəyini ən azı bizim qədər yandırır.Mustafa Kamal Atatürk "Bir millət iki dövlət"in müştərək nöqtəsi və bizi bir-birimizə birləşdirən müştərək sementdir.Ona görə də çağdaşlığın əleyhinə edilən hər bir həmlə Türkiyə Cümhuriyyətinin vətəndaşlarının nə qədər əleyhinədirsə, əlbəttə, Azərbaycan xalqının da o qədər əleyhinədir.Biz daim Azərbaycan xalqının nə qədər yaxşı olmasını istəyiriksə,bilirik ki, Azərbaycan xalqı da bizim o qədər yaxşı vəziyyətdə olmağımızı istəyir.Həmişə bunu deyirəm: ürəyimizin yarısısınız.
- Mustafa Kamal paşa Azərbaycanın Ankaradakı səfirliyinin açılışında iştirak etmiş və səfir İbrahim Əbilovla həmişə yaxın münasibətdə olmuşdu.1933-cü ildə isə bir gün sovet imperiyasının da dağıla biləcəyini, ona görə sovet əsarəti olan qardaş xalqlarla əlaqəni itirməməyi tövsiyyə etmişdi.Kitabınıza Rusiyadan gələn marağın səbəbi nədir?
- Rusiyanın Atatürkə göstərdiyi marağın əsas səbəbi-Çanaqqala savaşlarından başlayır.Milli mübarizə və Qurtuluş savaşı dönəmlərində imperialist qüvvələrə qarşı Rusiyanın Türk vətənpərvərlərinə verdiyi dəstək əsla unudulmaz.Azərbaycanın Mustafa Kamal ilə münasibətlərinə nəzər salsaq, görərik ki, Mustafa Kamal evlənəcəyi qızın adını belə ilk dəfə Azərbaycanın Ankaradakı səfirinin evində elan edəcək qədər özünü Azərbaycana yaxın hiss edib(gülür).Atatürk o insanları öz ailəsinin üzvləri kimi görürdü.Bəzi konkret yardımların və dəstəklərin mahiyyəti tarix boyu dəyişmir.Kitabıma Rusiyadan gələn marağın səbəbini bu dialektikada görürəm."Mustafa Kamal" kitabımın yaxın gələcəkdə rus, çin, ərəb,alman,ingilis dilinə tərcümə ediləcək.Buna görə dünya oxucularının qabağında da xüsusi məsuliyyətimin olduğuna inanıram.
MilliYol.az