Amberin Zaman
“Əl-Monitor”
Riyadda Səudiyyə kralı Salman və oğlu şahzadə Məhəmməd bin Salman əl-Səudla görüşlərdən sonra ABŞ dövlət katibi Mayk Pompeonun oktyabrın 17-də Türkiyəyə gəlməsi gözlənilir. Türkiyə XİN-in bəyanatında qeyd edilir ki, Pompeo xarici işlər naziri Mövlud Çavuşoğlu ilə regional və beynəlxalq məsələləri müzakirə edəcək, lakin detallar açıqlanmır. ABŞ-ın Ankaradakı səfirliyi də səfər barədə şərh verməkdən imtina edib.
Pompeonun Ankaraya gəlişi oktyabrın 2-də İstanbulda Səudiyyə Baş Konsulluğuna girdikdən sonra itkin düşmüş səudiyyəli jurnalist Camal Xaşuqcinun qətli iddiası ilə bağlı yeni proseslər fonunda baş verəcək.
Pompeo, ehtimal ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da qlobal böhrana səbəb olan və həllinə səy göstərilən məsələ ilə əlaqədar Səudiyyə liderləri ilə aparılan danışıqlar barədə qısa məlumat verəcək.
Ərdoğan bildirib ki, Bazar ertəsi günü konsulluqda doqquz saatlıq təhqiqat aparmış türk səlahiyyətlilərinin gəldiyi nəticəni açıqlayacaq. Səudiyyə taxtının varisi haqqında tənqidi məqalələr yazan “Washington Post” əməkdaşının dipmissiyada iddia edilən qətlinin izlərini axtaran türk müstəntiqlərin araşdırması hələ ki gizli saxlanılır.
Jurnalistlərə açıqlamasında Ərdoğan deyib ki, “qısa müddətdə müəyyən qənaətə gələ biləcəyimizə ümid edirəm. Təhqiqatda zəhərli maddələr də daxil olmaqla, bir sıra şeylər nəzərdən keçirilir”.
Türk müstəntiqlərin Səudiyyə baş konsulunun yaşadığı məkanda axtarış aparması gözlənilirdi. Lakin konsul Məhəmməd əl-Utəybi oktyabrın 16-da, günortadan sonra ölkəsinə dönüb, Türkiyənin yarırəsmi “Anadolu” agentliyi xəbəri təsdiqləyib.
Səudiyyə rəhbərliyi BMT-nin insan haqları üzrə müvəkkili Mişel Başeletin İstanbuldakı missiyadan, Vyana Konvensiyasına əsasən, diplomatik toxunulmazlığı qaldırmaq tələbini şərh etməyib. Başelet bildirmişdi ki, “beynəlxalq qanuna görə, zorakılıq, məhkəməsiz qətl çox ciddi cinayətlərdir və toxunulmazlıq hüququ araşdırmalara mane olmaq üçün istifadə edilməməlidir”.
Bu həftəyə qədər Səudiyyə Ərəbistanı Xaşuqcinun öldürüldüyünü inkar və konsulluqdan sağ-salamat çıxdığına təkid edib. Lakin səudiyyəlilər onun konsulluğu tərk etməsinə dair kamera görüntüsünü təqdim edə bilməyib. Xaşuqcinin türk nişanlısı Xədicə Cengizlə evlənməyə imkan verəcək sənədlərlə təmin olunduğunun da sübutu yoxdur.
Bazar ertəsi günü CNN səudiyyəlilərin Xaşuqcinin uğursuz istintaq zamanı qətlə yetirildiyini qəbul edəcəyinə dair xəbər yayıb. Lakin cəsədin harada olduğu barədə heç bir məlumat yoxdur. Adı açıqlanmayan türk səlahiyyətlilərinin iddia etdiyinə görə, İstanbula göndərilən 15 nəfərlik qrup üzvləri cəsədi parçalayıb və konsulluqdan çıxarıb. Səudiyyə şahzadəsi Əbdüləziz bin Səud bin Naifin rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin məhkəmə-tibb bölməsinin rəhbəri Salah Məhəmməd əl-Tubaiqinin də Xaşuqcinun ehtimal olunan qətli ilə əlaqədar 15 nəfərlik qrupla Türkiyəyə gəlməsi açıqlanıb.
Tacdar şahzadə ilə görüşündə Pompeo gülümsəyirdi və bu, “Twitter”-də qəzəbli təpkiyə səbəb olub. “İyrənc”, – CNN telekanalının əməkdaşı Ana Navarro belə “tweet” atıb.
Kral Salman hakim ailədə çoxlu düşmən qazanıb. Ən azı 11 şahzadənin həbs olunduğu 2017-ci ilin noyabr ayında baş verənlər buna sübutdur.
Cənubi Karolinanı təmsil edən respublikaçı senator Lindsi Qraham “Fox and Friends”-ə müsahibəsində şahzadəni tənqid edib, onu “Türkiyədəki konsulluqda adam öldürən” adlandırıb.
Qraham, prezident Donald Trampı “Səudiyyə Ərəbistanındakı cəhənnəmi cəzalandırmağa” çağırıb və şahzadənin “hakimiyyətdən getməsi”nə təkid edib.
Türkiyə də şahzadə üçün daha göz yaşları axıtmır. Məlumdur ki, MBS türk hökumətini İran və müxtəlif islamçı qruplarla birlikdə “şər üçbucağı” kimi səciyyələndirib. Misirin “əl-Şuruk” qəzetinə müsahibəsində o, Ərdoğanı təxminən bir əsr əvvəl dağılmış Osmanlı İmperiyasını bərpa etməyə çalışdığını bildirib.
Səudiyyə Ərəbistanının Suriyanın şimal-şərqindəki kürd üsyançılara yönəlik son açıqlamaları Türkiyə ilə köhnə Osmanlı təbəəsi arasında münasibətləri daha çox zəhərləyib.
Türkiyə hələ Xaşuqcininin qətlini sübuta yetirən iddiaları açıqlamayıb. O, bundan Səudiyyədən güzəşt qoparmaq üçün istifadə edə bilər. Pompeonun səfəri də Türkiyənin mövqeyini möhkəmləndirəcək.
Tərcümə: Strateq.az
MilliYol.Az