Bizim dünyamızda ölkənin qüdrəti təkcə onun hərbi imkanlarına söykənə bilməz. XXI əsrdə, dərin enerji və texnoloji yenilənmələr dövründə ölkənin qüdrəti onun güclü iqtisadiyyatı ilə ölçülür və əslində bu yanaşma heç də yeni bir şey deyil
Ölkənin qüdrəti zirehli tank diviziyalarının və nüvə başlıqlarının sayı ilə yanaşı, iqtisadiyyatın və valyutanın gücü ilə də ölçülür.
Rusiya geosiyasi və hərbi fövqəldövlət rolunu oynamağa can atır. Bu qüdrəti üzunmüddətli perspektivdə möhkəmləndirmək üçün onun iqtisadi imkanları varmı? Bəs, onun valyutasının vəziyyəti necədir? Rublun vəziyyəti son illər və xüsusən də Vladimir Putin hakimiyyətə gələndən sonra necə dəyişib?
- Rubl 2000-ci ildən sonra…
Vladimir Putin hakimiyyətə gələndə bir rubl 3,5 Amerikan sentinə bərabər idi. 2000-2014-cü illər arasında neftin qymətinin altı dəfə qalxmasına baxmayaraq, Rusiya valyutasının məzənnəsi düşməkdə davam edib.
Nəzərə alsaq ki, söhbət əsas etibarıyla xammal və neft-qaz iqtisadiyyatından gedir, onda gözləmək olardı ki, neftin qiymətinin qalxması rublun məzənnəsinin yaxşılaşmasına və ya onun hissediləcək yüksəlişinə gətirib çıxaracaq. Аmma hər şey tamamilə əksinə olub: bu müddət ərzində rubl 15 faiz dəyər itirib.
Bir neçə illik sabitlik dövründən sonra, Rusiya valyutası ilk mənfi meylini neftin qiymətinin 2014-cü ilin sentyabrında düşüşə keçməsindən sonra deyil, bundan təxminən bir il əvvəl – 2013-cü ilin iyul ayından, yəni Vladimir Putinin Ukraynanın ünvanına ilk təhdidləri zamanı nümayiş etdirməyə başladı.
Ukrayna Avropa Birliyi ilə yaxınlaşmaq qərarına gəldiyindən, Rusiyadan cavab tədbiri gələcəyini gözləmək olardı. Onda rubl beş ay ərzində 10 faiz dəyər itirərək, 3 sentə qədər düşdü. Bu, neftin qiymətinin kəskin düşüşündən on ay əvvəl baş verdi. İqtisadçılar maliyyə bazarları təhlükəsindən və bununla bağlı olan qeyri-müəyyənliklərdən qorxurlar. Bu qorxular risk göstəricilərində və valyuta mübadiləsi məzənnəsinin düşməsində öz əksini tapır.
Vladimir Putin dönəmində neftin qiyməti necə dəyişib? 15 il ərzində, 1999-cu ildən 2013-cü ilədək, yəni onun prezident seçildiyi dövrdən qara qızılın qiymətinin çöküşünün başlamasına qədər qiymət 18 dollardan (1999) 108 dollaradək (2013) qalxdı.
Başqa cür desək, Putin/Medvedyev hakimiyyətinin ilk 14 ili ərzində neftin bir barelinin qiyməti orta hesabla altı dəfə yüksəlib!
Digər yandan həmin bu müddət ərzində Rusiyadakı neft hasilatı gündəlik 6 milyon bareldən 10,5 milyon barelədək artıb. Nəticədə neft satışından əldə olunan gəlir on dəfə çoxalıb. Gəlirlərin inanılmaz artışı və Rusiya dövləti üçün 14 şanlı gəlirlər ili! Çünki ölkə gəlirlərinin üçdə ikisi neft və qaz satışından ələ olunub.
Beləliklə, bu müddət ərzində rubl əhəmiyyətli dərəcədə möhkəmlənməliydi. Amma buna baxmayaraq, “neft ağacı” iqtisadi reallıqlar “meşəsini” gizlədə bilmədi. Bu müddət ərzində rublun dəyəri 3,5 sentdən 3 sentədək düşdü, yəni 15 faiz gerilədi. Göründüyü kimi, Rusiya valyutası neft gəlirlərinin on qat artışı fonunda dəyər itirdi. Belə bir perspektivdə neftin qiymətinin düşməsinin rublun məzənnəsinə olan təsiri daha anlaşılan olur.
- Neftin qiymətinin düşmə dövrü
Bu cür əlverişli dövrdən sonra ABŞ-da şist inqilabı başladı. Neftin yeni tip hasilatı sayəsində 2012-ci ildən ABŞ hər il gündəlik neft istehsalını bir milyon barel artırdı. Hasilatın artması Amerikanın dünya bazarından neft alışını aşağı saldı və bunun nəticəsində izafi təklif əmələ gəldi ki, nəticədə 2014-cü ilin sentyabrında neftin qiyməti sürətlə aşağı yuvarlandı.
Həmin müddətdən 2017-ci ilin yayına qədər, yəni demək olar ki, üç il ərzində rublun məzənnəsindəki dəyişilmə ilə neftin qiymətinin dəyişilməsi praktik olaraq paralel gedib. Lakin 2017-ci ilin yayından bu meyl dəyişməyə başlayıb. Neftin qiymətinin yüksəlməsinə baxmayaraq, rublun məzənnəsi aşağı düşüb.
Bəs neftin qiymətinin sabit şəkildə yüksəldiyi halda rublun məzənnəsinin artmaması nəylə əlaqədardır?
2017-ci ilin yayında ABŞ “Rosoboroneksport”, ”Kalaşnikov”, ”Suxoy” və “Tupolev” kimi müdafiə müəssisələrini hədəfə götürərək, Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək qərarına gəldi.
Bu tədbirlər ona görə çox ciddidir ki, sanksiyalar təkcə həmin müəssisələrin özünə yox, eyni zamanda da onların ABŞ ilə əlaqəsi olan müştərilərinə qarşı yönəlib.
“Amerikanın rəqiblərinə qarşı sanksiyalar vasitəsilə tədbir görmək” qanunu, adları çəkilən Rusiya müəssisələri ilə işləyən və həm də ABŞ firmları ilə əlaqəsi olan və ya maliyyələşməni dollarla təmin edən istənilən xarici şirkətə qarşı tədbir görülməsini nəzərdə tutur.
Onu da deyək ki, Rusiya üçün Hərbi Sənaye Kompleksinin məhsulları öz əhəmiyyətinə görə neft ixracından sonra gəlir. Həmçinin əlavə etmək lazımdır ki, rublun məzənnəsi 2016-2018-ci illərdə hökumət üçün prioritet məsələ olmayıb. Rusiya hökumətinin qarşısında dayanan bir nömrəli tapşırıq, faiz dərəcələrinin azaldılması yoluyla iqtisadiyyatın yüksəlməsi üçün şərait yaratmaqdır. İki il ərzində Mərkəzi Bank yenidən maliyyələşmənin faiz dərəcəsini 11 faizdən 7,25 faizədək aşağı salıb. Bu cür strategiya valyuta gəlirliyini azaldır, yəni rublun alınması və saxlanılmasına gətirib çıxarmır.
- Dəyişimin səbəbləri
Yeni faza 2018-ci ildə başlayıb. Neftin qiymətinin qalxmasına baxmayaraq, rubl düşməkdə davam edib ki, belə vəziyyət heç vaxt qeydə alınmayıb.
İqtisadiyyatın zəif böyüməsinin (2017-ci ildə 1,7 %) üstünə Rusiya-Amerika və Rusiya-Britaniya siyasi böhranları da gəlib. Söhbət Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsindən və Böyük Britaniyada keçmiş casus Sergey Skripala qarşı törədilən qəsddən gedir.
Britaniyanın İcmalar palatasının xarici məsələlər üzrə komissiyasının məruzəsində Rusiyaya qarşı milli və beynəlxalq sanksiyaların gücləndirilməsinin vacibliyindən və London maliyyə bazarlarının Rusiya investorları üçün necə əhəmiyyət kəsb etməsindən və elə bu səbəbdən də Böyük Britaniyanın Kremlə qarşı ciddi təzyiq mexanizmi əldə etməsindən danışılır. Belə bəyanatlar rubla təsirsiz ötüşə bilməz.
O ki qaldı neft sferasına, ”Exon Mobil” 1 mart tarixində “Rosneft”lə müştərək həyata keçirməyi nəzərdə tutduğu layihələrdən çəkildiyini bildirib. “Exon Mobil” şirkəti 2011-ci ildə “Rosneft”lə strateji əməkdaşlıq barədə müqavilə imzalayıb və o vaxtdan indiyədək bir çox müştərək layihələr həyata keçiriblər.
“Exon Mobil” bu qərarın səbəbini 2016-cı il Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilədə günahlandırma fonunda Amerika sanksiyalarının gücləndirilməsi ilə izah edir. Digər yandan, “Rosneft”in rəhbəri İqor Seçin Vladimir Putinin yaxın ətrafına daxildir.
Ən ciddi zərbə isə aprelin əvvəlində baş verdi. Kremlə qarşı münasibətdə zəiflik göstərməsinə görə ittiham olunan ABŞ prezidenti 6 apreldə 14 Rusiya müəssisəsinə, 24 sahibkara və rəsmi şəxsə qarşı xüsusi sanksiya tədbirləri gördü. Ən çox ziyan çəkən “Rusal” (dünya alüminium istehsalının 7 faizi) rəhbəri Oleq Deripaska oldu. “Rusal” şirkəti birja kapitalının 50%-ni və ya 3,5 milyard dollar itirdi. Növbəti həftədə isə Moskva birjası 11% gerilədi. Nəticədə rubl xeyi dəyərsizləşdi.
- Belə vəziyyətin yaratdığı nəticə
Yenidən maliyyələşdirmə faizinin azaldılmasından sonra Mərkəzi Bank yarım illik pauza götürdü, rublun sentyabr düşüşündən sonra onu 7,5 faizə yüksəltdi. Hərçənd, bu addım bazarlara Mərkəzi Bankın milli valyutanı qorumaq üçün tədbir görməyə hazır olduğunu göstərmək məqsədi daşıyır, amma o, hər halda investisiyaların yüngülləşdirilməsi siyasətinə qarşı gedir.
Başqa yandan rublun 2018-ci ildəki geriləməsi xarici malların inflyasiyasına gətirib çıxarır, indi bu göstərici 4 faizdir. İqtisadi çətinlik sentyabr ayında hökuməti 2019-cu il üçün iqtisadi böyümə proqnozunu azaltmağa məcbur etdi. 2019-cu il üçün böyümə proqnozu 1,3% nəzərdə tutulub.
Bu cür mənzərə Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyaların effektsizliyi barədəki bir çox şərhçilərin sözlərinə ayrı cür baxılmasına imkan verir. Əgər ilin əvvəlindən neftin sabit artan qiymətini diqqətə alsaq, onda Rusiya iqtisadiyyatının vəziyyəti həm indiki baxımdan, həm də perspektiv üçün tutqun görünür.
Hətta neftin bir barelinin qiyməti Amerikanın İrana qarşı sanksiyaları nəticəsində 80 dolları da ötüb keçdi. Bu Rusiya iqtisadiyyatına və rubla nəfəs almağa imkan verəcəkmi? Bir ölkəyə tətbiq edilən sanksiya digərinin işinə yarayacaqmı?(azpolitika.info)
(“La Tribune”-Fransa)
MilliYol.Az