Jurnalist Camal Kaşıkçının itkin düşməsi ilə əlaqədar təhqiqat aparılması üçün yaradılan Türkiyə-Səudiyyə Ərəbistanı işçi qrupu oktyabrın 16-da səhər saatlarında Krallığın İstanbuldakı baş konsulluğuna baxışı başa çatdırıb
Təhqiqat çərçivəsində konsulluğa baxış tədbirləri 9 saata yaxın davam edib. Təhqiqatçılar yerli kriminalistlərin sərəncamında olan müxtəlif qurğu və vasitələrdən, o cümlədən qan izlərini aşkarlamağa imkan verən infraqırmızı lampalardan istifadə ediblər. İşçi qrupu binanın çardağına və baş konsulluğun ərazisindəki bağçaya da baxış keçirib.
Təhqiqat tədbirində Türkiyə tərəfindən İstanbul prokurorluğunun və polisinin əməkdaşları iştirak edib. Baxışın nəticələrinə dair məlumat verilməyib.
Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda daxil olmuş və itkin düşmüşdü. Oktyabrın 6-da Türkiyə polisi jurnalistin diplomatik nümayəndəliyin binasında öldürülməsi versiyasını nəzərdən keçirdiyini bildirmişdi. Üç gün sonra Ər-Riyad baş konsulluğun binasında təhqiqat prosedurası aparmaq üçün Ankaraya icazə vermişdi.
Camal Kaşıkçı Ər-Riyadın siyasətinə qarşı tənqidi münasibəti ilə məşhurdur. 2017-ci ildə vətənini tərk edərək ABŞ-a köçən jurnalist “The Washington Post” qəzetində Səudiyyə Ərəbistandakı vəziyyətə dair analitik yazılarla çıxış edirdi.(azərtac)
MilliYol.Az