CNN telekanalının son dəqiqə xəbərinə görə Səudiyyə Ərəbistanı rejimi müxalif jurnalist Camal Haşoginin (Camal Kaşıkçı) bu ölkənin İstanbuldakı konsulluğunda öldürüldüyünü etiraf etməyə hazırlaşır
Telekanal bunu Ankaradakı mənbələrə istinadən bildirir.
Məlumata görə Səudiyyə rejimi jurnalistin “konsulluq binasında dindirmə zamanı təsadüfən öldürüldüyünü” bəyan etməklə vəziyyətdən çıxmağa çalışacaq. Və bu hadisəyə görə konsulluq əməkdaşlarından bəziləri günahkar elan ediləcək. Mənbə bildirir ki, Səudiyyə Ərəbistanı hökumətinin rəsmi bəyanatı üzərində hazırda iş gedir və bəzi detallar yenidən nəzərdən keçirilir.
Camal Xaşogi oktyabrın 1-də sənəd almaq üçün konsulluğa daxil olub və orada “yoxa çıxıb”. Onun konsulluğa daxil olmasından bir neçə saat əvvəl Səudiyyə Ərəbistanından iki “Gulfstream” təyyarəsi ilə 15 nəfərlik qrup gəlib. Qrupun üzvlərinin xüsusi xidmət əməkdaşlarından və jurnalisti öldürmək üçün gələn cəlladlardan, o cümlədən elektrikli mişarla silahlanmış patalloji anatomiya mütəxəssisindən ibarət olduğu təsbit edilib. Türkiyə qaynaqları jurnalistin konsulluqda işgəncə verilərək öldürüldüyünü, cəsədinin doğranılaraq mikroavtobusla binadan çıxarılıb naməlum istiqamətə aparıldığını bildirir. Səudiyyə tərəfi isə bu ittihamları rədd edidi, jurnalistin konsulluğa girəndən qısa müddət sonra oranı tərk etdiyini bildirirdi.
Ötən axşam nəhayət Türkiyə polisinin və kriminalistlərinin konsulluq binasında axtarış aparmasına icazə verilib. Çoxsaylı kriminalistlərin və təhqiqatçıların iştirakı ilə aparılan araşdırma gecə səhərə qədər davam edib. Jurnalistlər içəri buraxılmayıb. Binanın bütün işıqları söndürülüb və pəncərədən mavi işıq görünüb. Mavi işıq taktikası cinayət yerinin araşdırılması üçün tətbiq edilir. Əvvəlcə hadisə yerində əşyaların üzərinə luminal adlanan maddə püskürdülür. Daha sonra həmin maddənin üzərinə mavi-yaşıl işıq salınır və həmin maddə işıqla reaksiyaya girir, nəticədə silinmiş qan izlərini aşkarlamaq mümkün olur.
***
Türkiyə və Səudiyyə Ərəbistanından olan birgə istintaq qrupu jurnalist Camal Kasıkçının yoxa çıxması ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda təhqiqata başlayıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, türk polisinin konsulluğa daxil olması barədə dünyanın əksər agentlikləri və TV-ləri xəbərləri canlı yayımda təqdim ediblər. Lakin jurnalistlərin konsulluğa daxil olmasına imkan verilməyib.
Yeri gəlmişkən, bundan bir az əvvəl yayılan xəbərdə bildirilirdi Türkiyə polisi İstanbulda yoxa çıxmış müxalif səudiyyəli jurnalist Camal Kasıkçının meyitinin turşuda əridilməsi versiyasını yoxlayır.
Qeyd olunurdu ki, öncə bu versiya Türkiyə hüquq-mühafizə orqanlarına inandırıcı gəlməyib. Lakin istintaq irəlilədikcə, polis və kəşfiyyat bu ehtimalı istisna etmir.
Xatırladaq ki, jurnalist Camal Kasıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra ondan xəbər tutmaq mümkün olmayıb.
MilliYol.Az