Azərbaycanın yüksək vəzifəli məmurları işdən çıxarılandan sonra korrupsiya və rüşvət yolu ilə əldə etdikləri dəyəri milyonlarla hesablanan daşınar və daşınmaz əmlakları, ölkədə və ölkə xaricindəki biznesləri ilə bağlı faktlar ictimailəşdirilir. Amma həmin məmurların əksəriyyəti vəzifədə olduqları zaman büdcə oğurluğu hesabına qurduqları “iqtisadi imperiya”ları bu qədər qabarıq şəkildə ortaya çıxmır
Bəs necə olur ki, xalqın qəzəbinə səbəb olan vəzifəli şəxslər, dövlət məmurları bu qədər vəsaiti toplaya, hətta bunu ölkə xaricinə də çıxara bilirlər? Keçmiş nazirlər - Eldar Mahmudov, Ziya Məmmədov, Səlim Müslümov, Heydər Əsədov, Fazil Məmmədov və digərlərinin sərvətləri ilə bağlı yayılan məlumatlar haqlı olaraq geniş ictimaiyyət tərəfindən qəzəblə qarşılanır, sosial şəbəkə istifadəçilərinin hədəfinə çevrilir.
Bir neçə gündür ki, ölkə gündəmini zəbt edən mövzulardan biri də Beynəlxalq Bankın sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşının Londondakı sərvəti barədə yazılanlardır. Amma deyəsən, oğurlanan pulları sonadək xərcləmək C. Hacıyevin ailəsinə nəsib olmayacaq.
Belə ki, "The Telegraph” qəzetinin yazdığına görə, Britaniya Cinayətkarlığa qarşı Mübarizə Agentliyinin rəhbəri etiraf edib ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin dəbdəbəli “Harrods” Ticarət Mərkəzində sağa-sola pul xərcləyən arvadından müsadirə olunan sərvət Azərbaycan dövlətinə verilə bilər.
Agentliyin iqtisadi cinayətlər üzrə direktoru Donald Toon bildirib ki, Ali Məhkəmə Zamirə Hacıyevanın maliyyə fırıldağına əl atdığını isbata yetirərsə, ondan müsadirə olunan sərvətin Azərbaycana qaytarılması mümkündür.
Cənab Toon izah edib ki, məhz buna görə Britaniyanın "İzahedilməz Sərvətə dair Qanunu”nun ilk dəfə tətbiq edilməsi müsadirə olunmuş vəsaitin "siyasi və beynəlxalq” məsələyə çevrilməsi ilə nəticələnə bilər.(Azadlıq radiosu)
"The Telegraph” isə yazır ki, hazırda 55 yaşlı xanım Hacıyevanın "əri tərəfindən oğurlanmış vəsaitlərlə özünə dəbdəbəli həyat qurduğuna dair” iddialar araşdırılır.
Məqalədə qeyd olunur ki, Azərbaycan vətəndaşı Hacıyeva Londonun bahalı Knightsbridge rayonunda yaşadığı on il ərzində təkcə “Harrods” mağazasında 21 milyon funt sterlinq (27 milyon dollar) xərcləyib.
Onun beş yataq otağı olan evinin qiyməti 15 milyon funt strelinqdir (19 milyon dollar) və o, həmçinin Askotdakı Mill Ride qolf klubunu 10,5 milyon funt sterlinqə alıb.
"The Telegraph” xatırladır ki, Zamirə Hacıyevanın əri, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev vaxtilə rəhbərlik etdiyi bankda 2,2 milyard funt sterlinqlik (2,9 milyard dollar) fırıldaqda ittiham edildikdən sonra 2016-cı ildə 15 il müddətinə azadlıqdan məhrum olunub.
Britaniya Cinayətkarlığa qarşı Mübarizə Agentliyi iddia edir ki, xanım Hacıyeva Birləşmiş Krallıqda daşınmaz əmlak almaq üçün fırıldaq yolu ilə əldə olunmuş vəsaitlərdən istifadə edib.
Hakim Supperstone Zamirə Hacıyevadan istifadə etdiyi sərvəti necə qazanması barədə izahat verməsini tələb edib.
Lakin Haciyevanın vəkilləri iddia edirlər ki, sözügedən qanun onların müştərisinə tətbiq oluna bilməz, çünki o "legitim biznesmenin arvadıdır”.
"BBC Radio 4” kanalına müsahibə verən cənab Toon deyib ki, onun rəhbərlik etdiyi agentlik məhkəməni udarsa, Hacıyevanın bir sıra əmlakı müsadirə oluna bilər. Bu sərvətin kimə veriləcəyi barədə sualı cavablandırarkən cənab Toon bildirib ki, bu artıq siyasi və beynəlxalq məsələyə çevriləcək: "Bundan sonra sözügedən əmlakın dəyəri Birləşmiş Krallıq hökumətinin ixtiyarına veriləcək və bunun ardınca Britaniya və pulun mənbəyi olan ölkə arasında qaytarılacaq məbləğ barəsində birbaşa danışıqlar gedəcək”.
"The Telegraph” yazır ki, Cahangir Hacıyev Azərbaycan dövlətinə məxsus bankda işləyib və buna görə də həmin ölkənin hökuməti müsadirə olunan pulun ona qaytarılmasını tələb edə bilər.
Toon bildirib ki, onun agentliyi "İzaholunmaz Sərvət Qanunu” əsasında Afrika, Cənubi Asiya və keçmiş Sovet İttifaqından olan daha 8 nəfərə qarşı məhkəmə iddiası qaldırıb.
Mərkəzi Bank talana şərait yaradıb
Bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Reytinq”ə deyib ki, bank sektorunda mənimsəmə, qeyri-qanuni yolla pulların ölkədən çıxarılması elə də sadə məsələ deyil. Onun sözlərinə görə, Beynəlxalq Bankda baş verənlər bu sahədə ciddi boşluqların və qanunsuzluqların olduğunu bir daha sübut edir:
“Cahangir Hacıyev bank sahibi olmayıb, sadəcə, bankda rəhbər vəzifədə çalışıb. Onun əməkhaqqı elə də yüksək olmayıb. Onun əldə etdiyi, arvadının Londonda xərclədiyi vəsaitlər qeyri-qanuni yolla qazanılıb. Bu gün Britaniyada həmin vəsaitləri özlərinin hesabına müsadirə edirlər. Çünki bu vəsaitlərin mənbəyi məlum deyil və qeyri-qanuni vəsait kimi görünür. Azərbaycan tərəfi gərək sübut etsin ki, o vəsaitlər qeyri-qanuni yollarla buradan aparılıb. Bu sübut edildiyi təqdirdə Britaniya o pulları Azərbaycana qaytara bilər. Bu da asan olmayacaq. Çünki Britaniya hökuməti Azərbaycan məhkəmələrinin qərarlarına etimad göstərmir. Həm də nəzərə almaq lazımdır ki, Zamirə Hacıyevadan müsadirə edilən pulların hamısının oğurluq olduğunu iddia etmək mümkünsüzdür. Hər halda, indidən bir söz demək çətindir”.
Ekspert nəzərə çatdırıb ki, heç bir bank rəhbəri uzun müddət qeyri-qanuni yolla böyük məbləğdə vəsaiti mənimsəyə bilməz. Çünki nəzarətedici orqanların bu qanunsuzluğu üzə çıxarması mümkündür:
“Təbii ki, bank sektorunda pulların qeyri-qanuni yolla mənimsənilməsinə nəzarət mexanizmi mövcuddur. Qanunvericilikdə bununla bağlı müəyyən olunmuş məqamlar var. Beynəlxalq Bank məsələsi ortaya çıxandan sonra məlum oldu ki, Mərkəzi Bank uzun illər banklara nəzarət funksiyasını normal şəkildə yerinə yetirməyib. Özü də bu məsələ yalnız Beynəlxanq Bankla bağlı deyil, müflisləşmiş digər banklarda da bunun şahidi olduq. İndi üzə çıxır ki, həmin banklarda da xeyli pozuntular baş verib. Mərkəzi Bankın öz işinin öhdəsindən gələ bilmədiyi ortadadır.
Əslində, Mərkəzi Bank istəsəydi belə, Beynəlxalq Bankla bağlı nəsə edə bilməzdi, çünki onun arxasında MTN rəhbəri Eldar Mahmudov kimi qüvvə dayanmışdı. Hər halda, nəzarət Mərkəzi Bank tərəfindən icra olunurdu və buna görə həmin qurumun məsuliyyəti var”.
Ekspert diqqətə çatdırıb ki, 2016-cı ildən sonra bu səlahiyyət Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib. Bank nəzarəti funksiyasını yerinə yetirən orqan düzgün işləsəydi, belə problemlər yaranmazdı.
Məmurlar dövlət üçün problemə çevrilib
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, araşdırmaçı hüquqşünas İlqar Altay isə “Reytinq”in əməkdaşına deyib ki, bu tendensiya təkcə Beynəlxalq Bank məsələsində deyil, ümumilikdə məmur korpusunda var. Onun sözlərinə görə, məmur vicdansızlığı və içində də korrupsiyası bu saat ölkənin ən böyük problemlərindən biridir:
“Əvvəllər məmur yaramazlığı problemi yalnız rüşvət almaqla xalqa problem yaradırdısa, indi dövlətə, onun sosial-iqtisadi siyasətinə, büdcəsinə, konstitusional əsasları üçün problemə çevrilib. Hətta təmsil olunduğu hakimiyyətin özünə, idarəçiliyinə və nüfuzuna da problem yaradır”.
Səbəblərə gəlincə, İ. Altay qeyd edib ki, bu problem birinci növbədə dövlət strukturlarına kadrların seçimindən qaynaqlanır: “Burada əsas meyar olan vicdan və vətənə sədaqət, savad və bacarıq yox, kimin və hansı qruplaşmanın adamı olmaq və o adama, o dairəyə xidmət əsas götürülür. Nəticədə isə, onun fəaliyyətində vicdan da, vətən də, dövlətə, xalqa xidmət də qalır kənarda, şəxsi və qrup mənafeyi hökmranlıq edir. Həmin məmura verilmiş çox böyük səlahiyyətdən, göstərilən etimaddan milyon və milyardların talanı üçün istifadə olunur. Və bir qayda olaraq bu yeyinti, oğurluq və korrupsiya əməlləri onlar vəzifədən çıxarılandan sonra bəlli olur. Niyə? Çünki, onun mənsub olduğu dairələr ona vaxtında nəzarəti, qanunla təftiş yoxlamaları mümkünsüz edir. Bu oğurluq pulların xaricə daşınmasının qarşısını almaq imkanlarını heçə endirir”.
Hüquqşünas hesab edir ki, bu pulların dövlətə qaytarılması, əvvəla müşkül məsələdir, ikincisi isə çox az miqdar təşkil edir. Onun qənaətincə, oğurluq pullar ölkədə və xaricdə havayı əldə olunmuş pul kimi sağa-sola xərclənir: “Necə deyərlər havaya sovrulur, çölə tökülür. Və zəhmətsiz, qabiliyyətsiz insan oğurluq edib göyə sovurduğu milyonu, milyardı hansı zəhmət və qabiliyyətlə qazanıb, əldə edib geri qaytara bilər? İstəyirsən ömürlük cəza ver, ya öldür onu. Gərək təzə bir vəzifə verəsən ki, həmin miqdarı yenidən oğurlayıb qaytarsın. O da ki, bu əyri vicdanla qaytarsa, qaçıb aradan çıxmasa...
İkincisi, oğru məmur bilir ki, qanunlara görə oğurluğu 1 milyon ya 100 milyon olsun, cəza eynidir - külli miqdar. Bu halda 1 milyonu qaytarır, 99 milyonu gizlədir, gedib “sroku” yatır - pulla təşkil etdiyi rahat həbs şəraitində. Və müddət keçir, hər şey unudulur, yollar tapıb həbs müddətini azaltdırır, budur, bir də görürsən həbsdən çıxır və öz milyonları ilə həyatına davam edir. Ziyan isə, dövlətə və xalqa dəyir. Ancaq sovetlər dövründəki kimi, 20 min rubla, yəni 10 min dollara görə güllələnmə cəzası olsa, ya da bu saat Çindəki kimi korrusiyaya görə kütləvi edam cəzası tətbiq edilsə, korrupsiya əməlinə yol verməzlər, ya da oğurladıqlarını tam qaytararlar”.
İ. Altay qeyd edib ki, belə problemlərin aradan qalxması üçün ölkədə köklü sistem, struktur və kadr islahatları aparılmalıdır. Əks halda bu yırtıcılıq və buna imkan yaradan siyasətlə dövlət də, xalq da böyük ziyanla üzləşməkdə davam edəcək.
Nazirlər milyardlıq sərvətə sahiblənib
AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov isə “Reytinq”ə bildirib ki, Azərbaycanda məmurların dövlət büdcəsi və xalqın sərvətləri hesabına varlanması hamının gözü qarşısında baş verir, ölkə kiçik olduğundan bir müddət sonra gizlinlər üzə çıxır: “Mətbuatda məmurların çirkli pullarla böyük “biznes imperiyaları” qurmaları, onların dəbdəbəli həyat sürmələri barədə dəfələrlə yazılıb. Hamı da bilir ki, dövlətin verdiyi maaşla hasısa məmur milyonlarla dəyəri olan mülklər, avtomobillər, daşınar və daşınmaz əmlaka sahib ola bilməz. Bu pullar oğurluq və rüşvət yolu ilə qazanılır. Ölkədə dövlət məmurlarının oğurluğu və korrupsiya əməlləri zəncirvari və piramida şəkilli olduğundan demək olar ki, çoxları bu çirkabın içindədir. Hər bir məmur öz çapına, çevrəsinə və himayədarına uyğun olaraq dövlət əmlakını talayır, xalqın sərvətlərini oğurlayır. Balaca məmur balaca, yekə məmur yekə, lap yekəsi isə lap yekə oğurluq və talançılıq edir. Özü də bunu təkbaşına etmir. Bu, yuxarların himayəsi və “xeyir duası” ilə baş verir. Siz görmüsünüzmü korrupsiya və rüşvət yolu ilə dövlət vəsaitini talan edən hansısa məmur cəzalandırılsın? Belə hal olmayıb, olmayacaq da. Sadə bir misal. Lift-təmir İdarəsinin keçmiş rəisinin qızına yenidən 400 minlik dəbdəbəli toy etməsi barədə mətbuat günlərlə yazdı. Niyə müvafiq qurumlar Qüdrət Şükürovu cəzalandırmadı? Heç soruşmadılar ki, bu pul hardandır? Hələ bu, kiçik ranqlı məmurdur. Ona görə soruşan olmadı kı, ipin ucu ali hakimiyyət orqanlarına gedıb çıxacaqdı. Məsələ beynəlxalq miqyas alandan sonra “ipi” Qüdrət Şükürovda kəsməyə məcbur oldular. O qədər pulu qüdrətlər tək yeyə bilməzdi.
İndi düşüblər Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın üzərinə. Bu gün nazirlərin əksəriyyətinin həyat şəraiti və əldə etdikləri Zamirə Hacıyevanın xərclədiyi vəsaitdən qat-qat çoxdur. 20 ildən çox nazir işləyənlər var ki, bəlkə də milyardlarla sərvətə sahibdirlər. Azərbaycanda bütün hakimiyyət qolları, hətta özəl adlandırılan sahə daxil, talançılıqda, mənimsəmədə, rüşvətdə, korrupsiyada və çirkli pulların yuyulmasında öz səlahiyyətləri və imkanları daxilində fəal iştirakçıdır. Bunun da günahkarı təkcə mövcud siyasi sistem deyil, həm də xalqdır. Xalq öz sərvətinə və dövlətinə sahib çıxmayanadək oğrular, talançılar, yalançılar qorxub çəkinmədən fəaliyyətini davam etdirəcək”.
Məmur korpusunun imkanı məhdudlaşdırılaçaq
Adının çəkilməsini istəməyən hakimiyyət mənsublarından biri isə iddia edir ki, artıq yuxarı dairələr idarəetmə mexanizmini dəyişmək istəyirlər. Çünki uzun illər məmurların oliqarxa çevrilməsi və siyasi hakimiyyət üçün təhlükə mənbəyi sayılan böyük vəsaitlər qazanması mövcud iqtidarı da təhdid edir. Ona görə də artıq məmurların böyük sərvətə sahib olmaq imkanlarını məhdudlaşdırmaq istəyirlər. Məlumatda bildirilir ki, artıq bu məsələ üzərində müəyyən planlar cızılır, mexanizmlər hazırlanır. Bu mexanizmin necə olacağına tam aydınlıq gətirməyən şəxs bildirib ki, böyük sərvətə sahib olan məmurlardan bir neçəsi artıq bu imkanlarını qismən itiriblər. “Mümkündür ki, böyük maddi imkana və geniş biznes şəbəkələrinə sahib olan daha bir neçə məmur da yaxın müddət üçün zərərsizləşdirilsin. Vəzifəyə yeni təyin olunan məmurlara isə əvvəlkilər kimi böyük pullar qazanmaq imkanı verilməyəcək. Bu tələblərə qarşı çıxanlar, korrupsiya və qanunsuz yollarla milyonlara sahib olmaq istəyənlər vəzifəsindən asılı olmayaraq sərt şəkildə cəzalandırılacaqlar. Hələlik bu mexanizmin necə hazırlanması və tətbiq olunması üzərində planlar qurulur. Çünki ölkə daxilində və ölkədən xaricə çıxarılan milyardlar dövlət xəzinəsinin boşalması ilə yanaşı mövcud iqtidar üçün də təhlükə mənbəyidir. Heç kim təminat vermir ki, həmin vəsaitlər ölkədəki müəyyən qruplaşmalar tərəfindən siyasi dəyişikliklər üçün istifadə olunmayacaq ”, – deyə mənbə fikrini tamamlayıb.
MilliYol.Az