Xəbər verildiyi kimi, Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirov mədə kiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişib
Mərhumun ailəsi baş verən hadisəyə görə əməliyyatı həyata keçirən “Modern Hospital” klinikasının həkimi Taryel Ömərovu günahlandırır.
Minval.info qalmaqallı məsələ ilə bağlı sözügedən xəstəxanayla əlaqə saxlayıb. Klinikanin ictimaiyyətlə əlaqələr şöbəsindən iddiaların əsassız olduğu bildirilib:
“Hazırda məsələ ilə bağlı araşdırma gedir. İş istintaqdadır. İddiaçı şəxs heç bir əsası olmadan həkimdən müəyyən məbləğ tələb edib. Buna nail olmadığı üçün başlayıb mətbuatda yalan məlumatlar yaymağa”.
Hospitaldandan həmçinin bildirilib ki, klinikanın rəyini almadan sözügedən informasıyanı dərc edən saytlar hamısı məhkəməyə veriləcək.
“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb. Buna əminik. Sadəcə, ekspertizanın rəyindən sonra ictiamiyyətə məsələ ilə bağlı açıqlama veriləcək”, – klinikadan bildirilib.
Bu zaman biz hospitala Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyi ilə tanış etdik. Belə ki, qurumun yaydığı məlumata görə, ölümün bilavasitə səbəbi orqanizmin ümumi intoksikasiyası (zəhərlənmə) olub:
“Yaranın tikişi açılıb, mədə və bağırsaq möhtəviyyatı qarın boşluğuna tökülüb. Orqanizm bundan intoksikasiya verib və nəticədə şəxs ölüb. Orqanizmin ümumi intoksikasiyası ölümün bilavasitə səbəbidir”.
Klinikadan isə qeyd edildi ki, əməliyyatdan sonra pasientə xüsusi pəhriz proqramı verildi və buna riayət olunması tapşırıldı.
“Lakin o, istədiyi kimi qidalandığından tikişin açılması da böyük ehtimal bundan qaynaqlanır. Amma həmin ailə dediklərimizlə razılaşmır. Taryel həkim yüzlərlə insan üzərində mədə kiçiltmə əməliyyatını həyata keçirib, işində çox məsuliyyətlidir. Hətta onların arasında tanınmış şəxslər də yer alıb. Hər biri sağlamlıqlarına qovuşublar”.
Hospitaldan eyni zamanda bildirildi ki, həkim Taryel Ömərov prokurorluğa dəvət olunub: “Lakin hansısa qərarla bağlı konkret açıqlama verilməyib”.
MilliYol.Az