Milli.Az-ın "Düzünə qalsa" rubrikasının budəfəki məşhur siması az danışmağa üstünlük verən, qalmaqalı təbiətinə yad hesab edən müğənni Talıb Tale oldu
Özünü şanslı müğənnilərdən hesab edən Talıbla müsahibəmizi təqdim edirik:
Vaxtı ilə səni qəbul etməyənlərin bir gün konsertinə bilet alıb gələcəklərinə inanırdınmı?
- Bəli, inanırdım! Çünki öz səhvlərimi, çatışmayan cəhətlərimi bilirəm. Hal-hazırda da onları yavaş-yavaş aradan qaldırmağa çalışıram. Mən əvvəlki işlərimə baxıram, görürəm ki, həqiqətən, çatışmayan şeylər çoxdur. Heç kimi də qınamaq lazım deyil. O şəxsləri qınayıram ki, bilə-bilə, qərəzli şəkildə, yaradıcılığımla tanış olmadan müxtəlif cür don geyindirirlər, ad qoyurlar.
Talıbın uğur sirri nədir?
- Düşünürəm ki, səs fərqliliyi var. Mahnılarımı da özüm yazdığım üçün düşünürəm ki, bir-birinə bağlıdır. Səs, mahnılar bir-birini tamamlamalıdır ki, uğur əldə edə biləsən.
Əks cinsdən səni "Bir qadın da kişiyə belə təklif edər?" dedirdəcək təklif almısan?
- Çox olub elə təkliflər. Konkret faktlar barədə danışmaq istəmirəm. Başa düşmüşəm o qızı, amma, həqiqətən, özüm-özümə təəccüblənmişəm ki, "Axı bu qız məndə nə görüb?"
Şəxsi həyatını mediadan gizlətməyə çalışırsan. Ailə qurmağı planlaşdırdığın xanım varmı?
- Gecikibsə də, var! Artıq sosial şəbəkələrə də özüm istəməsəm də müəyyən fotolar sızdı. Yəni, yaxın zamanlarda toy gözlənilir.
Gələcək həyat yoldaşına sosial şəbəkə qadağası qoyacaqsanmı?
- Hər şeyin həddi var, norması var. Deyim ki, istifadəsinə tamamiylə qadağa qoyacam, yox, yalan olar. Çərçivəsində olmaqla, müasir dövrlə də ayaqlaşmaq lazımdır.
Düşdüyün hansı situasiyadan sonra düşündün ki, "Mən Azərbaycanda, həqiqətən də, çox məşhuram"?
- İlk dəfə mən onu Azərbaycandan kənarda hiss etdim. 2016-2017-ci illər arası Rusiya şəhərlərində çox konsertlər oldu. Onda, həqiqətən, orada mənə münasibəti, reaksiyanı gördüm. Ardınca, "Maşın" şounun özündə onu hiss etdim.
"Maşın" şounu yaradıcılığında sıçrayış dönəmi adlandırmaq olar?
- Yox, deməzdim. Yaradıcılığım elə öz axarında davam edirdi. Ona qədər də mən çalışırdım. 2016-2017-ci illərdə də işlərim çox yaxşı gedirdi. Sadəcə, "Maşın" şou məni Azərbaycan tamaşaçısına digər tərəfdən - şəxsiyyət kimi tanıtdı. Özü də çox geniş kütləyə tanıtdı. Biri var tək internetdən istifadə edən, məni izləyən öz publikama, biri də var digərlərinə də.
"Maşın" şounun toy qiymətlərinə təsiri oldu?
- Təsiri oldu. Tələbat artdıqca, qiymət də istər-istəməz dəyişir. Amma çox deməzdim, müəyyən qədər hə.
Xəyanət görmüsən?
- Mən insanlarla münasibət qurarkən çox ehtiyatlı yanaşıram. Müəyyən qədər sərhəd saxlayıram. Düzünə qalsa, amma xəyanətlə qarşılaşmışam.
Fobiyan var?
- Fobiyam yoxdur, amma çox kompleksli insanam. Gedib bir yerdə rahat oturub, istirahət etmək istəyirəm. Kənardan çox diqqət göstəriləndə rahatlığım pozulur, çox narahat oluram. Orada istəyirəm məni tanımasınlar. Xarici ölkələrdə belə şeylərə adi yanaşırlar.
Səni ən çox nə qorxuda bilər?
- Məni bir anda illərlə qazandığın hörmətin itməsi qorxuda bilər. Elə bir vəziyyət ola bilər ki, həmin təhlükə ilə qarşı-qarşıya qala bilərsən. Müəyyən zirvəyə qalxıb, dibə düşməkdənsə heç qalxmamaq yaxşıdır. İnsan gərək gəlib çatdığı yerin dəyər-qiymətini bilə.
Xarici görünüşücə davakar insana bənzəyirsən. Axırıncı dəfə nə vaxt əlbəyaxa olmusan?
- 2009-cu ildə kütləvi bir dava olub. O zaman çox az tanınırdım. Üzdən, demək olar ki, heç kim tanımırdı. Dostlarımızın nə isə problemi düşmüşdü. Onda da gördüm ki, neçə ildir boş-boşuna idman etməmişəm (gülür).
Talıbı özündən nə çıxarda bilər?
- Şər, böhtan! Yalandan, olmayan bir şeyi üzümə durub desələr, məni çox tez özümdən çıxarda bilərlər. Dalca danışıb, üzümə başqa cür olmaq da məni özümdən çıxarda bilər.
Yeni avtomobilin də mübarək ...
- Çox sağol! Onun qiymətini bir az çox şişirdib yazıblar. Maşındır da, qiyməti çox da yüksək deyil.
Deyirlər "Talıb Tale "Maşın" şoudan qazandığı avtomobili satıb"...
- Satmaq deyəndə ki, bu maşınla "barter" etmişəm, üstündə də müəyyən məbləğdə pul vermişəm. O maşın mənim üçün çox dəyərli idi. Sadəcə olaraq, təbiət adamı olduğum, dağlara çıxdığım üçün mənə hündür maşın lazım idi.
Atanın sağlamlıq vəziyyəti necədir?
- Müalicəsi gedir. Elə bir xəstəlikdir ki, böyrək çatımazlığı. Geriyə dönüşü olmayan bir xəstəlikdir. Böyrək köçürməsi ilə bağlı, təəssüf ki, həkimlər məsləhət görmədilər. Keçən həftə halı tamami ilə pisləşmişdi. Gecə ilə getdim. İndi şükür, müalicəsi gedir.
MilliYol.Az