Arvadını yandıraraq öldürən şəxs hakim qarşısına çıxarılıb
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittihamla M.Müzəffərov özün təqsirli bildiyini deyib.
Müzəffərov söyləyib ki, keçmiş arvadı ona xəyanət edib.
Müttəhim iddia edib ki, arvadı sosial şəbəkədə də kimləsə danışıb: "Araşdırdım və həmin adamı da tapdım. Sonra boşanmaq üçün məhkəməyə müraciət etdim və boşandıq. Onu öldürmək istəmirdim. Dedim ki, məndən uzaq ol. Rayondan Bakıya qohumunun evinə gəlib. Lakin bir yerdə dayana bilmirdim. Fikirləşdim ki, gedib onunla danışım və niyə belə etdiyini soruşum".
Təqsirləndirilən M.Müzəffərov qeyd edib ki, benzin alıb, keçmiş arvadının işlədiyi mağazaya gedib.
O söyləyib ki, məqsədi arvadını tanınmaz hala salmaq olub: "Benzini onun sifətinə töküb tanınmaz hala gəlməsini istədim. Mağazaya girib benzini üzünə tökdüm və onu yandırdım. Həmin zaman polisin gələcəyini düşündüm və oradan uzaqlaşdım".
Məlum olub ki, M.Müzəffərov həyat yoldaşından boşanandan sonra bir müddət aliment ödəməyib.
Suallara cavab verən Müzəffərov keçmiş həyat yoldaşını boşanandan sonra döydüyünü etiraf edib: "Bir qədər keçəndən sonra mərhum uşağı da götürüb evdən qaçdı".
Qeyd edək ki, hadisə bu il Bakının "Memar Əcəmi" metrostansiyasının yaxınlığında mağazada baş verib.
Həmin ünvanda M.Müzəffərov həyat yoldaşı Aytəkin Müzəffərovanı bezinlə yandırıb.
Hadisə qısqanclıq zəminində baş verib. Aytəkin Müzəffərova ərindən ayrılaraq mağazada işləməyə başlayıb. Bundan qəzəblənən Məsud Müzəffərov Bakıya gələrək arvadını qısqanclıq zəminində xüsusi amansızlıqla öldürüb. Başına benzin tökərək əlindəki alışqanlıq ona od vurub.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan M.Müzəffrovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
MilliYol.Az