Eduard Streltsovu Xruşov həbs etdirib, nazir Furtseva istədiyinə çatıb, Arkadi Volski isə xilas edib
Onun cəmisi 17 yaşı olanda ən yaxşı Avropa futbolçularının siyahısında adı 7-ci pillədə olub. 1956-cı ildə Olimpiya çempionu, 1965-ci ildə SSRİ çempionu, 1968-ci ildə SSRİ kubokunun sahibi, 1967 və 1968-ci illərdə SSRİ-nin ən yaxşı futbolçusu, 1955-ci ildə SSRİ çempionatında ən məhsuldar futbolçu, SSRİ-nin əməkdar idman ustası Eduard Streltsov SSRİ-nin futbol tarixində silinməz izlər buraxıb. Onu “Ağ Pele” də adlandırıblar. Milyonlarla azarkeşin yaddaşında əfsanəvi futbolçu kimi qalan Streltsov sıravi sovet vətəndaşlarının yaddaşında sovet rejiminin qurbanlarından biri kimi qalıb.
Eduard Streltsov 1937-ci il iyulun 21-də Moskva vilayətində, Perovo qəsəbəsində anadan olub. Atası frezer zavodunda, anası isə uşaq evində işləyib. 1941-45 müharibəsi başlayanda atası cəbhəyə yollanıb. 1943-cü ildə qısamüddətli ezamiyyətə gəldikdən sonra yeniden xidməti yerinə qayıdıb və bir daha ailələrinə dönməyib. O, elə cəbhədəykən başqa bir qadınla ailə həyatı qurub. Müharibə illərinin çətinlikləri gələcək futbolçunun həyatından da yan keçməyib. Anası infarkt keçirdikdən sonra Eduard yediillik təhsini başa vuraraq vaxtilə atasının işlədiyi zavodda çilingər işləməyə başlayıb.
Onun futbola həvəsi hələ uşaqlıq illərindən başlayıb. Məhəllə oyunlarında özündən yaşca böyüklərə qoşulub və kiçik olmasına baxmayaraq oyun zamanı hamıdan fərqlənib. Yaşayışın, həyat tərzinin ağır olmasına baxmayaraq Eduardın futbola marağı sönməyib.
Frezer zavodunda işləyərkən Streltsovun futbol talantı zavod stadionunun direktorunun diqqətindən yayınmayıb və o, 17 yaşlı Eduarda futbol butsiləri bağışlayıb. Həmin dövrdə belə butsilərə sahib olmaq Streltsov üçün əlçatmaz sayılıb.
Turnirlərdə uğurlu oyunları ilə seçilən Streltsovu “Torpedo” komandasına götürüblər. Onun uğurlu futbol karyerası da məhz bu komandadan başlayıb. O, komandasına qələbə gətirən ilk qolunu SSRİ çempionatının “Torpedo” -“Dinamo” (Tbilisi) matçında vurub.
Eduard Streltsov çox qısa bir müddətdə məşhurlaşıb, milyonlarla azarkeşin sevimlisinə çevrilib. O, heç bir müzakirə olmadan SSRİ-nin yığma komandasına seçilib. Xarici səfərlərdə, beynəlxalq turnirlərdə, çempionatlarda Streltsovun oyunu həmişə diqqət mərkəzində olub.
Futbolçunun həyatında maraqlı məqamlar da az olmayıb. 1957-ci ildə SSRİ yığması dünya çempionatında iştirak etmək üçün seçmə turlardan uğurla keçib. Sonuncu həlledici oyun isə Polşa yığması ilə olub. Matç neytral zonada, Leypsiqdə keçirilib. SSRİ yığmasında oynayan “Torpedo”nun iki oyunçusu Streltsov və İvanov Moskvanın Belarusiya vağzalında oyunçuları Leypsiqə aparan Moskva-Berlin qatarına gecikiblər. Beləliklə, SSRİ yığması oyuna yarımçıq heyətlə yollanıb. Amma Streltsov və İvanov çıxış yolu tapıblar. Onlar maşınla Mojaysk stansiyasında özlərini qatara çatdıra biliblər. Baş məşqçi futbolçular qarşısında şərt qoyub. Yalnız vurduğunuz qollar və qələbə sizin bu hərəkətinizi bağışlaya bilər. Beləliklə, oyun başlayıb. Polşalı müdafiəçinin kobudluğu nəticəsində Streltsov ayağından ağır zərbə alıb. Meydançaya həkim dəvət olunub. Həkim ilk yardım göstərdikdən sonra məşqçiyə bildirib ki, zədə ağırdır, futbolçu oyundan çıxmalıdır. Amma Streltsov həkimlə razılaşmayıb və oyunu davam etdirib. Bir ayağının yaralı olmasına baxmayaraq, Streltsov ilk qolunu rəqib komandanın qapısından keçirib. Az keçməmiş onun dəqiq ötürməsi ilə ikinci qol da vurulub. SSRİ yığmasının baş məşqçisi Kaçalin təəcübünü gizlədə bilməyib:
- Eduard, mən heç vaxt sənin iki ayağın sağlam olanda belə oynadığını görməmişəm. Sən bir ayaqla daha yaxşı oynayırsan...
Daha maraqlı bir məqam. Yoldaşlıq görüşlərinin birində oyun başlananda Streltsov meydançanın ortasında ora-bura qaçaraq, demək olar ki, oyuna müdaxilə etməyib. Rəqib komanda bundan istifadə edərək qapıdan iki top keçirib və belə zənn ediblər ki, qarşılaşdıqları komanda zəifdir. İkinci hissədə də Sterltsov meydançada özünü sanki məşq edirmiş kimi aparıb. Və oyunun sonuna 15 dəqiqə qalmış Sterltsov 3 dəqiq zərbə ilə qapıdan 3 top keçirərək təkcə rəqib komandanın oyunçularını yox, azarkeşləri də şok vəziyyətinə salıb.
Streltsov digər tanınmış futbolçular kimi zəngin həyat tərzinə can atmayıb. Digərləri kimi onun bahalı maşını, dəbdəbəli mənzili, bağı olmayıb. Amma onu fərqləndirən bir cəhət olub ki, o əyləncələrdən qalmayıb. Xüsusilə xanımlar yaraşıqlı futbolçunu dəlicəsinə seviblər. Bu sevgilərdən biri Streltsovun həyatını alt-üst edib.
Kremldə qəbulların birində ziyafət zamanı Streltsov həmin dövrdə Moskvanın birinci katibi (sonralar SSRİ-nin mədəniyyət naziri) Yekaterina Furtsevanın qızı ilə tanış olub. Streltsov üçün bu tanışlıqda heç bir məqsəd olmayıb. Qarşı tərəf, Svetlana Furtseva isə futbolçuya öz sevgisini etiraf edib. Streltsov bu sevgini qəbul etməyib, dəfələrlə katib qızına sevdiyi xanımın olduğunu söyləyib. Məsələyə Xruşovla xüsusi yaxınlığı olan Furtseva qarışıb. O, qızının Streltsovla ailə qurmasına ciddi-cəhdlər göstərib. Ancaq Streltsov qəti qərarından geri dönməyib, imtina edib. Təbii ki, Furtseva kimi hər şeyə qadir, iddialı bir xanım olan Furtsevaya futbolçunun bu hərəkəti olduqca pis təsir edib. Və o qisas üçün məqam gözləyib...
1958-ci ildə İsveçdə keçiriləçək və Streltsovun da iştirak edəcəyi dünya çempionatına bir neçə həftə qalmış baş verən hadisələr Streltsovun həyatını bütövlükdə dəyişib.
Həmin ərəfədə istirahət günlərinin birində Streltsov və digər iki futbolçu Tatuşin və Oqonkov təyyarəçi dostlarının bağına yığışıblar. Onlarla birlikdə bir neçə qız da bu məclisdə iştirak edib. Məclis gecə yarıya qədər davam edib. Hədsiz dərəcədə alkoqollu içkilər qəbul edən futbolçular səhərisi heç özləri də gecə baş verənləri xatırlamayıblar. Bir neçə saatdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hər üç futbolçunu milis şöbəsinə aparıblar.
Həmin gecə məclisdə iştirak edən qızlardan biri səhər tezdən milis şəbəsinə zorlanmağı ilə bağlı şikayət ərizəsi yazıb. Ərizədə göstərilib ki, o, Oqonkov tərəfindən zorlanıb. Bir neçə saatdan sonra ərizə dəyişdirilərək zorlanmanın Streltsov tərəfindən olduğu göstərilib. İstintaq başlanıb. Tatuşin bağ evini tez tərk etdiyindən onu buraxıblar. Oqonkov da istintaq zamanı heç bir günhın sahibi olmadığı üçün azadlığa buraxılıb. İstintaq ərəfəsində şikayətşi öz ərizəsini geri götürüb. Amma bu, heç nəyi dəyişməyib. İstintaqın gedişinə Dövlət Təhlükəsizliyi Komitəsi nəzarət edib. Xruşova bu haqda məlumat verəndə əlini stola çırparaq, “uzun müddətli həbsə getməlidir” deyə hökmünü verib. Beləliklə, məhkəmə Streltsovu 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Və həm də beləliklə, Furtseva istədiyinə nail olub.
Streltsov 5 ilini həbsxanada keçirdikdən sonra azadlığa çıxıb. 1963-cü ildə o, “ZİL” zavoduna işə düzəlib. Problemlərinin həllində ona zavodun partiya təşkilatı komitəsinin katibi, sonralar adı Azərbaycanda da məşhur olan Arkadi Volski kömək edib, qayğı göstərib.
Streltsov 1965-ci ildə yenidən doğma komandası “Torpedo”ya qayadıb. Komandanın uğurlar qazanmasında böyük rol oynayıb. Sonralar isə o, “Torpedo”nun uşaq komandasına başçılıq edib, gələcəyin futbolçularını yetişdirib.
Hazırda Moskvadakı “Torpedo” stadionu Eduard Streltsovun adını daşıyır. Stadionun girişində futbolçunun heykəli ucaldılıb.
Əfsanəvi futbolçu Eduard Streltsov 1990-cı ildə xərçəng xəstəliyindən vəfat edib.
MilliYol.Az