Bakıda evlərə basqın edən keçmiş məhkumlardan ibarət dəstə növbəti dəfə hakim qarşısına çıxarılıb
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Kamal Fərhadov, Səyavuş Şəfiyev, Ramil Quliyev və Elçin Aslanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Fikrət Qəribovun icraatında olan prosesdə zərərçəkmiş 70 yaşlı Viktor Məmmədov ifadə verib.
Viktor Məmmədov təqsirləndirilənlərdən iki nəfəri üzdən tanıdığını deyib.
O bildirib ki, həmin şəxslər qapını döyüb qonşu olduqlarını deyiblər:
"Dedilər ki, 6-cı mərtəbədə qalırıq. Mən də 8-ci mərtəbədə qalırdım. Guya mənim evimdən onların evinə su axırdı. Qapını açanda məni tutub boğmağa başladılar. Bıçaq da çıxardılar. Dedilər ki, nə qədər pulun var?"
Zərərçəkmiş bildirib ki, evindən 4 min manat və 550 dollar aparıblar. O, dəymiş zərərin ödənilməsini istəyib.
Təqsirləndirilən Kamal Heydərov törətdikləri əməli etiraf edib, ancaq bildirib ki, bəzi məsələlər düzgün qeyd edilmir:
"6-cı dəfədir ki, "srok"a gedirəm. Hamısı da tərtəmiz olub. Bir dənə də əyri və yalan ola bilməz. Mən nə eləmişəmsə, etiraf edirəm. Bu işi də eləmişik. Birinci qapını döyüb evə su axdığını dedik. Evdə tək olduğunu öyrənəndən sonra aşağı düşüb bir də qayıtdıq. Heç bir müqavimət də göstərmədi. İçəri girəndə paltaryuyan maşının üçündə bıçaq var idi. Götürüb dedim ki, səni öldürə bilərəm, amma lazım deyil. Nə pul varsa verməsini istədim. Pulu götürüb çıxdıq".
Məhkəmə iclası oktyabrın 18-də davam etdiriləcək.
İttihamda yazılır ki, Elçin Aslanov 2017-ci il mayın 12-də Səyavuş Şəfiyevlə birlikdə Qəbələ rayonunda yaşayan Çiçək Məmmədovanın mal tövləsinə gizlicə girərək orada gizləniblər. Bir gün sonra, mayın 13-də ev sahibi evdən çıxdıqdan sonra tövlədən çıxaraq evə giriblər və oradan 3 min manatlıq qızıl üzük və boyunbağı götürüblər.
Daha sonra isə həmin il mayın 26-da Elçin, Kamal və Səyavuşla birgə Binəqədi rayonunda yaşayan Azər Məmmədovun evinə giriblər.
İttihama görə onlar yaşlı kişi olan Azərə bıçaqla xəsarət yetirib ayaqlarını “skoç”la bağlayıblar. Daha sonra evdən 2352 manat pul və 3 min manat dəyərində qızıl aparıblar. Bundan əlavə isə iyunun 14-də Ramillə Kamal Xətai rayonunda yaşayan Maksimov Yuri Aleksandroviçin evinə girib, onu girov saxlayaraq oradan 13 min manatlıq pul və qızıl aparıblar.
Daha bir cinayət əməlini isə 2017-ci ilin oktyabrın 22-də törədiblər. Səyavuşla Kamal Bakıda yaşayan Viktor Məmmədovun evinə qonşu adı ilə girib oradan 3375 manatlıq quldurluq ediblər.
Elan olunmuş ittihamla təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər. Onlar pulun miqdarının şişirdildiyini deyiblər və bıçaqdan istifadə etmədiklərini, zərərçəkmişlərə fiziki təzyiq göstərmədiklərini söyləyiblər. Amma quldurluq etdiklərini etiraf ediblər.(Musavat.com)
MilliYol.Az