“Ədəbiyyatın məqsədi təkcə şeir, roman yazmaq deyil, insana, cəmiyyətə məna axtarışında kömək etməkdir. Məna dedikdə, mən yazarın kiməsə ağıl verməsini nəzərdə tutmuram. Ədəbiyyat insanı olduğu mərtəbədən bir üst qata ucaltma sənətdir”
Şair Aqşin Yenisey belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Yazarlar “Hər yer ədəbiyyat” aksiyasına başlayıblar. Bu kimi addımlarla nəyəsə nail olmaq mümkündürmü, ümumiyyətlə, bu haqda fikriniz nədir?
- Təkcə ədəbi deyil, bütün ictimai aksiyaları dəstəkləyirəm. Aksiyalar cəmiyyətin ölmədiyinin əlamətidir. Ədəbiyyat özü bir etirazdır, aksiyadır, yaradılışa, həyatda olub-bitənlərə qarşı...
Gənclərin məlum aksiyasına gəlincə, ad düzgün seçilməyib. Hər yer ədəbiyyat ola bilməz, olmamalıdır. Ədəbiyyat hamam suyu deyil. Ədəbiyyat təklərin, təkliyin özünüifadəsidir, künc hadisəsidir, düzdür, bu, bir az çeynənmiş fikirdir, ancaq Çörçill demiş, bəşəriyyət hələ bundan yaxşısını kəşf etməyib. Hərdən mənə elə gəlir ki, bu aksiya ilə gənclər ədəbiyyat adı altında dolanışıq davası aparırlar, çünki biz də doyunca araq içmək üçün vaxtilə ədəbiyyatdan istifadə etmişik. Ancaq bir məsələ var ki, zorla, təkidlə, canfəşanlıqla özündən yazıçı, xalqdan oxucu düzəltmək mümkünsüzdür. Faydasız işdir. Uzağı, hansısa şeirsevər deputat, ya özü də gizlincə şeir qoşan bir iş adamı çağırıb adama iki şiş kabab alır, vəssalam. Bu iki şiş kababla da cəmiyyət müəllifə başa salır ki, yedin, içdin, di, get hoppan, mənə sən yox, əsər lazımdır. Amma yenə deyirəm, cəmiyyəti diri saxlamaq baxımından bütün aksiyalar faydalıdır. Udan tərəf həmişə cəmiyyət olur.
- Həmin aksiyadan belə görünür ki, gənclər kitablarının alınmamasına, oxunmamasına etiraz edirlər. Niyə onlar özlərinə yer tapa bilmirlər?
- Gəncləri burda müzakirə mövzusuna çevirmək istəmirəm. Ortada əsər yoxdursa, oxucu üçün yazarın pasport yaşının bir mənası da yoxdur. Oxunmamaq dərdinin iki ucu var, ya sən Şopenhauer kimi dahisən, anlamadıqları üşün oxumurlar, ya da Müzəffər Güngörməz kimi boş nağarasan, anlasalar da oxumaq istəmirlər. Yazı adamı fikirləri ilə cəmiyyətin öncülü olmalı olduğu kimi, iddiaları ilə də cəmiyyətin ən axırıncısı olmalıdır. Bunların yeri dəyişəndə çarşı qarışır. Cəmiyyətdə özünə yer axtaran yazıçı, şair axmaq adamdır. Yaradıcı adam yaşadığı cəmiyyətin itkini olmalıdır, cəmiyyət özü həmişə onu axtarmalıdır ki, yerinə qoya bilsin.
- Sanki dünya miqyasında da, artıq ədəbiyyata dair inkişaf meyili hiss olunmur, ya da mənə elə gəlir...
- Deməzdim. Biz, sadəcə, bir dəyərlər sistemindən başqa bir dəyərlər sisteminə keçirik deyə cəmiyyətimiz, xalqımız, dövlətimiz hələ yeni daşları yerinə oturtmaqla məşğuldur. Beş il əvvəl kim inanardı ki, Azərbaycanda “TEASpress” kimi bir nəşriyyat yaranacaq və sürətlə dünya ədəbiyyatını, elmi-kütləvi əsərləri Azərbaycan dilində nəşr edəcək. İkincisi, ədəbiyyatın məqsədi deyə bir şey var. Kimi yaza-yaza bu məqsədi anlayır, kimi də bu məqsədi anlayandan sonra yazmağa başlayır. Bu məqsədi anlamaq üçün müəyyən zaman kəsiyi mütləq qurban verilməlidir. Biz də daha çox birincilər üstünlük təşkil edir.
Ədəbiyyatın məqsədi təkcə şeir, roman yazmaq deyil, insana, cəmiyyətə məna axtarışında kömək etməkdir. Məna dedikdə, mən yazarın kiməsə ağıl verməsini nəzərdə tutmuram. Ədəbiyyat insanı olduğu mərtəbədən bir üst qata ucaltma sənətdir. Fikrimi kütləviləşdirim. Məsələn, miflər vardı, insanlar onu aşıb, allahlar dəsti, panteonlar yaratdılar, daha sonra panteonları da aşanlar oldu, məsələn, allahlar hindlilərə bəs etmədi, onlar yoqanı yaratdılar və drahmaya, daha geniş fəzaya açıldılar. Biz, yəni ibranilər allah mərhələsində ilişib qaldıq. Bu gün Azərbaycan yazarının borcudur ki, oxucunu daha geniş ədəbiyyat kosmosuna götürsün. Görünən o ki, bizim yazarın özünü yedəyə qoşub bu ənənəçilikdən çıxarmaq lazımdır.
- Bəs indən sonra mümkündürmü ki, yenidən ədəbiyyat dönəminə qayıdaq?
Biz əsl ədəbiyyat dönəmində yaşayırıq. Azərbaycan tarixində, bəlkə də, heç vaxt indiki qədər ədəbi material bolluğu, söz azadlığı olmayıb. Azərbaycanlılar, söz azadlığı dedikdə, bunun yalnız siyasi tərəfinə baxırlar.
Ancaq “Qoca və Dəniz”i yazmaq üşün ABŞ-da kimin prezident olmasının bir əhəmiyyəti yox idi. Əslində, bu gün hər yer ədəbiyyatdır, gözə dəyməyən yazıçıdır, şairdir.
- Biz niyə oxumağa yox, yazmağa meyilliyik. Belə desək, yazan oxuyandan daha çoxmuş kimi gəlir. Nə fikirləşirsiz?
- Bu, xalq olaraq yetmiş illik bir susdurulmanın nəticəsidir. Bu gün hamının yazmasına, sadəcə, sevinmək lazımdır. Bu, o deməkdir ki, insanların söz azadlığının sərhədləri genişlənib. Sovet vaxtı ancaq hökumətin icazəli, imtiyazlı adamları yaza bilərdilər. İndi ucqar bir kənddə horra qarışdıran bir qardaşımız mənim yazımın altına heç bir məsuliyyət hiss etmədən ağzına gələni yazır. Üstəgəl, Allah verəndən bir siyahı da yazır ki, get oxu, sonra gəl. Buna sevinirəm. Bu, mənim üçün insan azadlığıdır, ən avam azərbaycanlının təhqiri də mənim üçün müqəddəsdir. Yazır, fikir bildirir, söyür, etiraz edir, bundan gözəl nə ola bilər ki? Belə şeylərə qıcıqlananlar istedadından bədgüman olanlardır.
- Böyük bir ədəbiyyat keçmişi olan Azərbaycan sanki hansısa səbəbdən yavaş gedir. Bunu nə ilə izah edərdiniz?
- “Fikriniz yanlışdır” demək istəyirəm. Bu yay Bakıdan Ankaraya qayıdanda özümlə Azərbaycan dilinə tərcümə olunmuş xeyli kitab gətirdim, onların bəzilərinə mən burda Türkiyə türkcəsində hələ rast gəlməmişəm. Ədəbiyyatımızda proses doğru istiqamətdə gedir. İlk növbədə sürətlə dünya ədəbiyyatı Azərbaycan dilinə tərcümə olunmalıdır. Sovet dövrünün boşluqları doldurulmalıdır. Dünyanı oxumadan dünyaya oxutdura bilmərik. Bu işin də yazılmamış qanunu budur. Şəxsən mən də naşir olsam, yerli müəlliflərə 20 faizlik kvota ayıraram. Çığır-bağırlar isə həmişə olub və olacaq.
- Bəs Azərbaycanda nəsr sahəsinin axsaması nədən irəli gəlir. Bir az poeziya sahəsində irəlidəyikmiş kimi gəlir...
- Azərbaycan nəsri həmişə mövzu qıtlığı çəkib. Ənənəvi mövzular ənənəvi üslubda yazılıb. Bu tendensiya bu gün də davam edir, ən pisi də odur ki, ədəbi tənqidimiz ənənəçidir, yeniliyə nifrət püskürür. Yeniliyin açığına həmişə köhnəliyi yuxarı başa keşirir. Dünya ədəbiyyatına mövzuları, adətən, ədəbi tənqid, fəsləfə, elmi-texnoloji yeniliklər verir. Bizdə mövzu ədəbiyyata ədəbiyyatdan gəlir. Nəticədə, məsələn, balaca-balaca Əkrəmlər, Anarlar, Elçinlər seriyası yeni pencəklərdə qarşımıza çıxır. Axırıncı dəfə yeni mövzu adına Əsəd Cahangir və Həmid Herisçi cütlüyü post-insan deyə bir şey atdı ortaya. Araşdıranda məlum oldu ki, bunların post-insan dediyi məfhum imam Əlinin əsgər yoldaşı kimi bir şeydir. Yeni deyib, az qala, neandertala qədər gedəcəkdilər, dua-zad yazdırıb birtəhər sakitləşdirdik.
Mən Yaponiyada oxumuş azərbaycanlı alimin öz evində “Sofiya” kimi bir süni zəka yaradıb özünə arvad eləməsi haqqında hekayə yazmışam. Əminəm ki, çap olunanda birinci ədəbi tənqid soruşacaq ki, hanı bunun başının örpəyi, çiyninin səhəngi? Şeirə gəlincə, şeir ruhu təkcə Azərbaycanda deyil, bütün müsəlman dünyasında həmişə öndə olub, bunun da yeganə səbəbi dindir, “Quran”ın avazıdır. Məsələn, mən 5 yaşımdan ölü basdırıram, yəni uşaqlığım kənd camaatı ilə birlikdə qəbiristanlıqlarda keçib. Hətta indi də tək qalanda alt şüurumda Yasin oxuyan mollanın səsini eşidirəm. Poeziyamızın mənbəyi budur. Bizdə qadın poeziyası zəifdir, bir-iki fenomeni çıxmaqla. Bilirsiniz niyə? Çünki qadınların kişilərlə qəbiristanlığa ölü basdırmağa getməsi qadağandır. Mənbədən məhrumdurlar.
- Sizcə, SSRİ kimi bir dönəmin içindən keçməsəydi, Azərbaycan ədəbiyyatı indi hansı yerdə dayanmışdı. O dönəm bizim qazancımız oldu, ya çox şey itirdik?
- İtirdik, həm də şox şey itirdik. İlk növbədə, adına yazıçı, şair deyilən simanı itirdik. Simasızlıq bir xalqın ədəbiyyatı üçün fəlakətdir. Təkcə Almaz Yıldırımın nəfəsini ciyərlərinə çəkə bilsəydi, ədəbiyyatımız indi dünyanı çoxdan fəth etmişdi.
MilliYol.Az