Ramiz Əmirli: “Macarıstanda milli azlığımızı tanıtmaq üçün xarici işlər naziri Mövlud Çavuşoğludan dəstək istədim”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 8-9 oktyabrda Macarıstanda rəsmi səfərdə olub. Ərdoğanla birlikdə Macarıstana gələn nümayəndə heyətinə Prezident sözçüsü İbrahim Kalın, xarici işlər naziri Mövlud Çavuşoğlu, ticarət naziri Ruhsar Pekcan, nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan, Prezident Administrasiyası informasiya rəhbəri Fəxrəddin Altub, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Cevdet Yılmaz daxil olub.
Səfərdə Türkiyə prezidenti macar həmkarı Yanoş Aderlə, Macarıstan parlamentinin sədri Laszlo Köver və baş nazir Viktor Orbanla görüşüb. Görüşlərdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün atılması lazım olan addımlar müzakirə edilib. Türkiyə-Avropa İttifaqı (Aİ) münasibətləri, qeyri-müntəzəm miqrasiya və terrorizmlə mübarizə məsələləri müzakirə edilib.
Səfər çərçivəsində Ərdoğan baş nazir Orbanla birlikdə paytaxt Budapeştdə Gül Baba türbəsinin rəsmi açılışını həyata keçirib.
O, həmçinin Türkiyə-Macarıstan Biznes Forumunda da iştirak edib.
“Qardaşlıq” Macar-Azər Birgə Cəmiyyətinin, Macarıstandakı Azərbaycan diasporunun sədri Ramiz Əmirli də forumda iştirak edib və prezident Ərdoğanla görüşüb. R.Əmirlinin “Yeni Müsavat”a verdiyi məlumata görə, onu cəmiyyətin sədri olaraq tədbirə rəsmi dəvət ediblər.
R.Əmirli Türkiyə prezidentinin Macarıstan səfərinin, keçirilən görüşlərin çox səmərəli olduğunu bildirdi: “Ayın 8-də cənab Ərdoğan Macarıstanda yaşayan və qonşu Avstriyadan, eləcə də Almaniyadan gələn yüzlərlə türklə “Four Seasonsn Hotel”inin önündə görüşdü, söhbət elədi. Ərdoğanla bərabər Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu da görüşdə iştirak etdi. Oktyabrın 9- da saat 10-da Macarıstan-Türkiyə rəsmi Forumu oldu. Forum “Marriotta” hotelində baş tutdu. Bu görüşə qatılan yeganə azərbaycanlı idim. Görüşə “Qardaşlıq” Macar-Azər Birgə Cəmiyyətinin sədri kimi rəsmi dəvət almışdım. Görüşü rəsmi olaraq Macar Milli Ticarət evinin müdiri cənab Ligetfalfi Gabor acdı. O, son zamanlar iki ölkə arasında genişlənən ticarət əlaqələrindən danışdı. Macarıstanda fəaliyyət göstərən Türk İş Adamlar Birliyinin (DEİK) müdiri Adnan Polat da maraqlı çıxış etdi. Macarıstanın xarici və ticarət naziri Siyyarto Peter forumda çıxışında iki ölkə arasında son zamanlar ticari dövriyyənin 5 milyard avro olmasını vurğuladı. O, dedi ki cənab Ərdoğanla danışdığımız kimi, qısa zamanda bu dövriyyənin 6 milyard dollar avro olacağına söz verdik”.
Ramiz Əmirli söylədi ki, Macarıstanin Baş naziri Orban Viktor isə çıxışında bu iki qohum xalqın daha sıx əlaqələr qurması üçün bütün imkanlardan istifadə etməyin gərəkli olduğunu vurğulayıb: “Orban Viktor Avropada ikiüzlü siyasətdən də danışdı. Dedi ki, Avropada bütün ölkələr sabitlik və inkişaf istəyir, amma bunları etmək üçün atılan addımlarda tərəflərdən heç də səmimiyyət görmür. Ona görə də çox zaman başqa Avropa ölkələri ilə əlaqələr qurmaq istəkləri heç də həmişə uğurlu alınmır. O.Viktor həmçinin dedi ki, macar dövləti bəzi şeylərdə heç kiməsə güzəşt etmək fikrində deyilik. “Bir millət kimi bizim mentalitetimiz burdakı dövlətlərin çoxundan fərqlidir” deyən baş nazir bildirdi ki, öz millətlərinin mənafeyini heç də başqa ölkələrin mənafeyinin güdazına vermirlər. Baş nazir qeyd etdi ki, hər il 150 nəfər gənc türk tələbələrinin Macaristana gəlib, macar dövlətinin hesabına oxuması üçün müvafiq sənədə imza atıb. O, əgər lazım gələrsə, gələcəkdə bu sayı daha da artırmağa hazır olduqlarını dedi.
Cənab Ərdoğan isə iki xalqın kök qohumu olduğunu vurğulayaraq dedi ki, Avropanın mərkəzində Türkiyəyə daha yaxın olan bir qardaş dövlətin olması sevindiricidir. Sitat: “Var qüvvəmizlə çalışıb istənilən əlaqələrimizi genişləndirməliyik, ticari dövriyyəni 6 milyard avroya qaldırmaq haqqında anlaşdıq”.
Ərdoğan İstanbul-Budapeşt hava uçuşlarının sayının gündə 4 uçuş xəttinə qaldırmaq haqqında fikir olduğunu da açıqladı. Türkiyə prezidenti iqtisadi əlaqələrin bütün sahələri üzrə gələcək planlardan da söz açdı”.
R.Əmirlinin sözlərinə görə, prezident Ərdoğan Gül Baba Türbəsini ziyarət etmək üçün Budaya da gedib: “Fürsətdən istifadə edərək mən də cənab Ərdoğanla görüşdüm, əl tutub salamlaşdım. 35 ildir Macarıstanda yaşadığımı dedim. O, bundan məmnunluq ifadə edərək, “maşallah” dedi. Sonra Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüm oldu.
Söhbətimizdə çox vacib olan məsələlərə toxunduq. Mən ondan rica etdim ki, Azərbaycan və Türkiyə milli azlığımızın tanınması üçün bizə dəstək versin. Bizlər üçün bu çox vacib bir məsələdir. Macarıstanla Azərbaycanın və Türkiyənin çox gözəl münasibətləri ola-ola niyə milli azlığımız hələ tanınmasın? Çavuşoğlu məndən burada Azərbaycan türklərinin çox olub-olmadığını soruşdu. Məlumat verdim ki, Türkiyə türkləri qədər çox deyilik, amma kifayət qədər varıq. Əgər milli azlığımız tanınarsa onda bələdiyyələrdə və parlamentdə nümayəndələrimiz olacaq. Burada doğulub böyüyən türk, azərbaycanlı gənci üçün böyük imkanlar açılar. Cənab Çavuşoğlu mənimlə razılaşdı. Sonra mən türk lobbisin rəhbəri, yaxın dostum Məmməd İnçəoğlu ilə birlikdə milli azlığımızı tanıtmaq üçün bu yöndə birgə işə başlamağımız barədə qərara gəldik”.
MilliYol.Az