Sərdar Turqut,
“Habertürk”ün Vaşinqton təmsilçisi, 09.10.2018
Tramp administrasiyası, keçmiş ABŞ administrasiyalarının Fələstinə tanıdığı haqları belə geri alaraq, İsrailin əzici üstünlüyünü təmin etmək üçün lazım olan bütün addımları atır.
Əgər mövcud hakimiyyət daxilində pərdə arxasında nələrin olduğunu bilməsəniz, İsrail məsələsində Trampı kukla kimi oynadanları tanımasanız, nələrin baş verdiyini anlaya bilməzsiniz.
Baş verən bütün bu hadisələrin arxasında gizli təşkilat kimi işləyən “İsrael Victory Project” (“İsrail Qələbə Layihəsi” – tərc.) durur.
“İsrail Qələbə Layihəsi”nin (İQL) qısa tarixinə və Prezident Trampı addım-addım ovucunun içinə necə aldığına baxaq.
Daniel Pipes
Hər şey 2017-ci ilin fevral ayında Yaxın Şərq Forumunun (Middle East Forum) sədri Daniel Pipesin “Commentary” jurnalında yazdığı bir məqalə ilə başladı. Pipes bu məqaləsində yaxın perspektivdə Fələstin üzərində mütləq qələbəyə aparacaq yolda baş verəcək bütün hadisələri, o cümlədən Qüdsdə olacaqları bir-bir sıralayırdı.
İlin sonuna doğru həm ABŞ Konqresində, həm də İsrail parlamentində İsrail Qələbə Qrupu (İQQ) yaradıldı.
Başlanğıcda Konqresdəki qrupun 33, Knessetdəki qrupun isə 26 üzvü vardı. Sonra isə hər iki qrupda da üzvlərin sayı artdı və onlar paralel işləməyə başladılar.
Daniel Pipesin sədrlik etdiyi Yaxın Şərq Forumunun mütəxəssisləri həm ABŞ-da, həm də İsraildə liderlərə brifinqlər verməyə başladılar. Bu brifinqlərdə görülməsi lazım olan işlər diqtə edilirdi.
Bu zaman Benyamin Netanyahuya nə etməli olduğu ilk dəfə anladıldı. Ayrıca, Ron Dermer, Devid Vridman, Ceyson Qrin Blatt ve Viktoriya Kotes kimi nüfuzlu şəxslərlə də danışıldı.
İstəklər bir-bir həyata keçirildi
“İsrail Qələbə Layihəsi”nin istəkləri arasında aşağıdakılar vardı:
– Qüdsün İsrailin paytaxtı olaraq qəbul edilməsi (Məlum olduğu kimi, Tramp ABŞ səfirliyini Qüdsə daşıyaraq bu istiqamətdə addım atdı);
– İsrailin tam və əbədi varlığını qəbul etməyən fələstinlilərlə əlaqələrin kəsilməsi (ABŞ XİN FAT-ın Vaşinqton bürosunu bağladı);
– İsrail-Fələstin məsələsilə bağlı BMT ilə bütün əlaqələrə yenidən baxılması (Tramp bu məsələ ilə əlaqədar ABŞ-ın BMT-yə verdiyi pulun hamısını kəsdi);
– Fələstin administrasiyasına verilən bütün maliyyə yardımlarının durdurulması (Tramp Fələstin administrasiyasına verilməkdə olan 200 mln. dolları kəsdi, əlavə olaraq Şərqi Qüdsün xəstəxana şəbəkəsinə verilməkdə olan 25 mln. dolları da durdurdu);
– Fələstin Dövləti anlayışının tamamən rədd edilməsi (Tramp bunu da edir).
Yəni, anlayacağınız odur ki, Tramp İsrail-Fələstin münasibətlərilə əlaqədar müstəqil qərarlar verə bilmir, o, sadəcə bir layihənin əlində olan oyuncaq kimidir.
Buna görə də Türkiyənin bu məsələ ilə bağlı haqlı çıxışları Vaşinqtondakı bu gizli əlaqələr üzündən çoxsaylı reaksiyalara səbəb olur.
Tərcümə Strateq.az-ındır
MilliYol.Az