Suriyaya göndərilən S-300 raket komplekslərindən İran hərbi kontingentinə dəstək üçün istifadə olunmayacaq
MilliYol.Az Yenicag.ru-ya istinadən xəbər verir ki, Rusiya ilə İsrail arasında əldə olunmuş anlaşmaya əsasən, Rusiya komandanlığı Suriyaya göndərilən S-300 raket komplekslərinin yerləşdirilməsi üçün Homs bölgəsindəki T-4 hərbi bazasında məskunlaşan İran kontingentinin ərazini boşaltmasını əmr edib.
Qeyd edək ki, “The New York Times” bu ilin aprelində Suriyada dislokasiya olunmuş İranın əsas hərbi bazalarının yerləşdiyi xəritəni yayımlamışdı. Həmin xəritədə İranın Suriyadakı hərbi bazalarının T-4, Əş-Şəriət, Kisva və Dəməşq hava limanında olduğu göstərilmişdi.
Bu ilin aprelində İsrail hava məkanında İrana məxsus PUA-nın vurulmasından sonra Tel-Əviv T-4 hərbi bazasına cavab zərbələri endirmişdi. İsrailin həmin hərbi bazaya təkrar aviahücumu isə iyul ayında baş tutmuşdu.
Azad Suriya Ordusundakı (ASO) mənbələrin məlumatına görə, Suriya qüvvələrinin sentyabrın 17-də Rusiyaya məxsus İl-20 təyyarəsini vurmalarından sonra Əsəd rejiminə verilən S-300 raket komplekslərinin batareyalarından biri məhz T-4 hərbi bazasında yerləşdirilib.
Bildirilir ki, Suriyadakı Rusiya hərbi kontingenti artıq ölkənin ən böyük və yüksək səviyyədə mühafizə olunan T-4 bazasına daxil olub. Bununla əlaqədar tək İran hərbçilərinin deyil, Əsəd qüvvələri bölmələrinin də bazadan çıxarıldığı vurğulanır.
T-4 kimi də tanınan Tias aviabazası Palmira şəhərindən 60 kilometr şərqdə yerləşir. Bazada 54 anqar, hər biri 3 kilometr uzunluğunda olan iki əsas və iki yardımçı uçuş zolağı var.
MilliYol.Az