Azərbaycan Milli Məclisində Cinayət Məcəlləsinin 147-ci (Böhtan), 148-ci (Təhqir) və 148-1-ci (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddələrinin sanksiyalarına yeni cəza növünün əlavə edilməsi təklif edilir
Azərbaycan Milli Məclisində Cinayət Məcəlləsinin 147-ci (Böhtan), 148-ci (Təhqir) və 148-1-ci (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddələrinin sanksiyalarına yeni cəza növünün əlavə edilməsi təklif edilir.
“Report”un əldə etdiyi məlumata görə, hər iki maddənin sanksiyaları sırasına “Azadlığın məhdudlaşdırılması” cəzasının da əlavə edilməsi təklif edilir.
Təklifə əsasən hər üç maddənin sanksiyaalrı sırasına 1 ilədək azadlığın məhdudlaşdırılması cəzası əlavə edilir.
Hazırda qüvvədə olan varianta görə isə, 147-ci maddədə (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) sanksiyalar 1000 manatdan 1500 manatadək miqdarda cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalarından ibarətdir.
Maddə 148-də də (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) cəzalar yuxardakı sanksiyalar qədərdir.
Maddə 148-1-də isə (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə) sanksiyalar hazırda 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə cəzalarından ibarətdir.
Xatırladaq ki, “azadlığın məhdudlaşdırılması” cəzası ötən il Cinayət Məcəlləsinə yeni cəza növü kimi əlavə olunub.
MilliYol.Az