DGK-də əsas vəzifələrə əvvəllər olduğu kimi yenə yüksək vəzifəli məmurların yaxınları təyin olunurlar
Bu da Səfər Mehdiyevin “qanunları pozanlara güzəşt olmayacaq”,- kimi gurultulu bəyanatının reallıqdan uzaq olduğunu göstərir.
Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini vəzifəsindən sədri postuna gətirilməsi gömrük orqanlarının fəaliyyətində müsbət dəyişikliklərə nail olmaq üçün edilsə də, ötən 5 ay ərzində baş verənlər gözlənilən ümidlərin doğrulmadığı qənaətini yaradır.
“Reytinq” qəzetinin əməkdaşına verilən məlumata görə, Səfər Mehdiyevin fəaliyyətində ən çox mübahisəyə səbəb olan “Stuktur islahatı və kadr dəyişiklikləri” adı ilə görülən işlərdir. Məsələn, Komitə sədri 100/1185Ş saylı, 14 Avqust 2018-ci il tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini vəzifəsinə Coşqun Əhmədzadəni təyin edib. Bu təyinatı şərh edən məlumatlı mənbə bildirir ki, DGK-də əsas vəzifələrə əvvəllər olduğu kimi yenə yüksək vəzifəli məmurların yaxınları təyin olunurlar. Yeganə fərq ondan ibarətdir ki, əvvəllər gömrük orqanlarında rəhbər vəzifələrə Fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxslər təyin edilirdilərsə, indi ayrı-ayrı yüksək vəzifəli məmurların qohumları təyin olunurlar.
Qeyd edək ki, S. Mehdiyevin əmri ilə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini təyin edilən Coşqun Əhmədzadə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğlu, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı oğludur. Coşqun Əhmədzadə bu vəzifəyə təyin edilməzdən əvvəl Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsində çalışıb və həmin zaman qanunun ziddinə olaraq biznes strukturu yaratmaqdan da çəkinməyib. Belə ki, C. Əhmədzadə 23 Yanvar 2012-ci ildə “Corasuni” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib. Bunun Gömrük Məcəlləsi ilə ziddiyyət təşkil etməsinə baxmayaraq, hələ də C. Əhmədzadənin bu əməlinə hüquqi qiymət verilməyib.
Xatırladaq ki, rəsmi sənədlərdə “Corasuni” MMC-nin hüquqi ünvanı kimi göstərilən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 68 eyni zamanda Coşqun Əhmədzadənin daimi qeydiyyatda olduğu və yaşadığı evin ünvandır. Belə bir faktın sənədlərlə sübut olunmasına baxmayaraq Komitə sədri Səfər Mehdiyevin buna münasibət bildirməməsi DGK-də hökm sürən hüquqi nihilzmdən xəbər verir. Bu, eyni zamanda S. Mehdiyevin “qanunları pozanlara güzəşt olmayacaq”,- kimi gurultulu bəyanatının reallıqdan uzaq olduğunu göstərir.
DGK-də baş verənlərdən məlumatlı olan şəxsin sözlərinə görə, C. Əhmədzadənin Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini təyin edilməsində atasının və əmisinin yüksək vəzifələr tutması ilə yanaşı, Komitə sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş İsmayıl Xəlil oğlu Hüseynov da önəmli rol oynayıb. Çünki bu iki şəxs bir müddət Avtonəqliyyat Baş Gömrük İdarəsində bir yerdə işləyiblər. İsmayıl Hüseynov rəis, Coşqun Əhmədzadə isə onun müavini olub.
S. Mehdiyevin gömrük orqanlarını K. Heydərovun kadrlarından təmizləməsi, onların yerinə başqa oliqarx-məmurlara bağlı şəxslərin gətirilməsinə səbəb olan “Stuktur islahatı və kadr dəyişiklikləri” ilə bağlı geniş araşdırmamızla yaxın saylarımızın birində tanış ola biləcəksiniz.
MilliYol.Az