Kanadanın Freyzer adlı İnstitutu iqtisadi azadlıq reytinqi açıqlanıb
Məlumata görə, sözügedən qurumun100-dən çox ölkəni təmsil edən tədqiqatçılarla birgə hazırladığı reytinq mərkəzi hökumət qurumlarının say tərkibi, mülkiyyət hüququnun müdafiəsi və məhkəmə azadlığı, pul siyasətinin sərtlik dərəcəsi, xarici ticarət azadlığı, kreditlərin, məşğulluğun və biznesin tənzimlənməsi meyarlarına əsaslanır.
İqtisadi azadlıq reytinqinin ilk onluğunda Gürcüstan da var. Bu ölkə 7-ci sırada qərarlaşıb. Ən azad ölkə Honkonqdur. Onu Sinqapur və Yeni Zelandiya, İsveçrə, İrlandiya, ABŞ təqib edir.
Nə qədər qəribə olsa da, Azərbaycan iqtisadi azadlıq reytinqində 106-cı yerdə qərarlaşıb. Bunun əksinə Ermənistan isə siyahıda 29-cu yerdə qərarlaşıb. Reytinqə görə, Türkiyə 86-cı, Rusiya 87-ci, İran 130-cudur.
İqtisadçı-ekspert Əli Əlirzayev isə hesab edir ki, sözügedən institut möhtəbər mənbə sayıla bilməz. Onun sözlərinə görə, dünyanın nüfuzlu maliyyə təşkilatlarının hazırladığı iqtisadi reytinq siyahılarında Azərbaycanın mövqeyi ilbəil yaxşılaşır.
Freyzer İnstitutunun ortaya qoyduğu göstəricilərdə isə bunun tam əksi olması qərəzdən başqa bir şey deyil:
“Təbii ki, Ermənistanın bu siyahıda Azərbaycandan ön mövqedə dayanması gülünc bir yanaşmadır. Küçələrə çıxmaqla, 3-5 adamla mitinq etməklə iqtisadi azadlıq olmur. Sözsüz ki, adıçəkilən institut Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı kimi nüfuzlu bir qurum deyil. Onların apardığı araşdırmadan da görünür ki, bu təşkilat heç də professional səviyyədə fəaliyyət göstərmir. Mən hətta düşünürəm ki, siyahının hazırlanması prosesinə ermənipərəst qüvvələrin də müdaxiləsi olub. Eyni zamanda, erməni lobbisinin də bu məsələyə müdaxilə etdiyini istisna etmirəm. Bu baxımdan açıqlanan siyahını qeyri-ciddi sənəd kimi qəbul edirəm”. (hafta.az)
MilliYol.az