Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri olan şəxslərin əksəriyyəti hazırda müxtəlif ölkələrdə səfir postunu tutublar
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunduqdan sonra onun yerinə Leyla Abdullayeva təyin olundu. İlk olaraq məlumat üçün qeyd edək ki, Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub.
Orta təhsilini Bakıda alıb və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb.
Leyla Abdullayeva
2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub. Azərbaycan Respublikasının NATO yanındakı Nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb.
Bəs XİN-in bundan öncəki mətbuat xidməti rəhbərləri sonradan hansı vəzifələrə təyin olunublar?
Yuxarıda qeyd etdiyimiz kimi Leyla Abdullayevadan öncə XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsində təmsil olunan Hikmət Hacıyev hazırda Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavinidir.
H.Hacıyev 1979-cu ildə Gəncədə anadan olub. BDU-nun beynəlxalq münasibətlər fakültəsinin məzunudur, habelə Belçikanın ULB universitetində təhsil alıb. O, həmçinin ABŞ-ın Stenford Universitetinin və Norveç Xarici İşlər Nazirliyinin Siyasi Araşdırmalar Universitetlərinin məzunudur.
2000-ci ildən XİN-də işləyirdi. 2014-cü ildə nazirliyin mətbuat xidmətinin rəhbəri təyin olunmuşdu. Ondan fərqli olaraq daha öncə XİN-də mətbuat xidmətinin rəhbəri vəzifəsində təmsil olunan əksər diplomatlar, hazırda xarici ölkələrdə səfir postunu tutublar.
Hikmət Hacıyevdən öncə bu vəzifəni tutan Elman Abdullayev 1976-cı ildə Gəncədə anadan olub. Gəncə şəhər 14 saylı orta məktəbi bitirib, ali təhsilini Misirin Qahirə Universitetində alıb. Magistr dərəcəsinə ABŞ-ın Kaliforniya Dövlət Universitetində yiyələnib.
1999-cu ildən Azərbaycan XİN-də işləyirdi, Yaxın Şərq idarəsində, Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyində xidmət edib, Los-Ancelesdəki Baş konsulluğunda konsul vəzifəsində çalışıb.
18 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilıb.
2000-ci illərin əvvəllərində XİN-in mətbuat əlaqələndiricisi olan Mətin Mirzə 2006-cı ildə mətbuat xidmətindən gedəndən sonra XİN-də digər vəzifələrdə çalışıb. 2008-2011-ci illərdə Azərbaycanın İndoneziyadakı səfirliyində müşavir işləyib.
2013-cü ilin sentyabrında isə Mətin Mirzə Azərbaycanın Çindəki səfirliyinə müşavir vəzifəsinə göndərilib.
XİN-in mətbuat katiblərindən Tahir Tağızadə 2007-ci ildə Azərbaycanın Çexiyadakı səfir postuna təyinat alıb, 2014-cü ildə isə Böyük Britaniyaya səfir göndərilib.
2007-ci ildən mətbuat xidmətinə rəhbərlik etməyə başlayan Xəzər İbrahim isə 2009-cu ildə Azərbaycanın ABŞ-dakı səfirliyinə müşavir vəzifəsinə göndərilib, ardınca isə 2011-ci ildə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib. Hazırda isə Azərbaycanın Türkiyədəki səlahiyyətli səfiridir.
2009-ci ildən XİN mətbuat xidmətinin rəhbəri postuna gətirilən Elxan Poluxov da sonradan səfir vəzifəsinə yüksəlib. Belə ki, iki il sonra yəni 2011-ci ildə ölkə prezidentinin sərəncamı ilə o, Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.(“Yeni Müsavat”)
pia.az