Şamaxıdakı dəhşətli qətlə görə həbs edilən şəxs hakim qarşısına çıxarılıb
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Natiq Binyətovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin bacısı Narıngül Binyətova şahid qismində ifadə verib.
Narıngül Binyətova söyləyib ki, ayağında problem olduğu üçün çox gəzə bilmir. Hadisə baş verən gün də evdə olub və yataqda uzanıb.
"Mən həyətdə səs-küyü eşitdim. Amma mübahisə edənlərin kim olduğunu bilmirdim. Anam və atam da yanımda idi. Sonra həyətdən silah səsləri eşitdim. Anam və atam da çölə çıxdı. Sonra polis əməkdaşları gəldi"- deyə şahid bildirib.
Mərhumun hüquqi varisi, həyat yoldaşı Tünzalə isə şahidin yalan danışdığını deyib.
O bildirib ki, şahid yalandan özünü xəstəliyə vurub: "Mən başa düşə bilmirəm ki, bu nə deməkdir. Natiqin bir qardaşı gəlir ki, xəstədir. İndi də bacısı gəlir ki, bəli, ağrıyır, xəstədir. Necə olur ki, Narıngül toyda oynayır, evdə həyətdə göyərti yığır, amma bura gələndə xəstədir".
Tünzalə işin ədalətli araşdırılmasını tələb edib.
Daha sonra məhkəmədə mərhumun qardaşı oğlu Tural Hacıyev şahid qismində dindirilib.
Hadisənin birbaşa şahidi olmadığını deyən Tural Hacıyev söyləyib ki, əmisi qızı ona zəng edərək hadisə barədə məlumat verib.
"Biz qohumlarına hadisə yerinə getdik. Amma polislər orada olanları aparmışdı"- deyən şahiddən hadisəni kimin törətdiyi soruşulub.
Şahid deyib ki, məhəllədə olan uşaqlar hadisənin gah Natiq, gah da böyük qardaşı tərəfindən törədildiyini söyləyiblər.
Məhkəməyə digər şahidlər gəlmədiyindən onlar barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
Növbəti məhkəmə iclası oktyabrın 12-də keçiriləcək.
Natiq Binyətov ona qarşı elan edilmiş ittihamla özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, günah ölən şəxsdə olub. Binyətov mərhumu xüsusi amansızlıqla öldürmədiyini deyib
Sərbəst ifadə verən Binyətov söyləyib ki, qətlə yetirdiyi şəxs də onların yaşadığı kəndə gələrək heyvandarlıqla məşğul olub. O bildirib ki, qətli törətməsinə səbəb mərhumun içkili olması və söyüş döyməsi olub.
Anket məlumatlarında yazılır ki, 22 yaşlı Natiq subaydır, ilk dəfədir cinayət əməli törədib. O, orta məktəbi 4-cü sinifə qədər oxuduğunu, yaşadığı rayonda təsərrüfatla məşğul olduğunu, çobanlıq etdiyini söyləyib.
Hadisə rayonun Acıdərə yaşayış massivində baş verib. Çobanlıqla məşqul olan, rayonun Quşçu kənd sakini, 1980-cı il təvəllüdlü Zaur Seyidağa oğlu Hacıyev qonşusu, 1996-cı il təvəllüdlü Natiq Şirinbala oğlu Binyətov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.
İlkin məlumata görə qətlə yetirilən çoban Zaur Hacıyevin iti Natiq Binyətovun itini parçalayaraü öldürüb.
Bunu görən Natiq Binyətov da Zaur Hacıyevin yaşadığı evə gədərək ov tüfəngi ilə onun itini öldürüb.
Sonradan hər iki çobanın arasında mübahisə yaranıb və Natiq Binyətov özü ilə gətirdiyi ov tüfəngi ilə Zaura 7 dəfə atəş açıb. Zaur Hacıyev hadisə yerində ölüb.
N.Binyətov hadisə yerindən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılıb.
Natiq Binyətov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
MilliYol.Az