Azərbaycanın sabiq baş prokuroru, ölkəmizin Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov növbəti dəfə medianın diqqətini üzərinə çəkəcək davranış nümayiş etdirib
Strateq.az xəbər verir ki, bir neçə gün əvvəl xidməti işiylə bağlı Bakıya gələn Eldar Həsənov gözlənilmədən Nardaran kəndinə gedərək, keçmiş həmkarı – sabiq respublika prokuroru, Ədalət Partiyasının sədri İlyas İsmayılovu bağ evində ziyarət edib, ona oğlu Etimad İsmayılovun Türkiyədə qətlə yetirilməsi ilə bağlı başsağlığı verib.
Həmin vaxt İlyas İsmayılovgildə olan Strateq.az-ın əməkdaşı müşahidə edib ki, Eldar Həsənovun qəfil ziyarəti son bir neçə ildə hakimiyyətin soyuq münasibətini aşkar şəkildə öz üzərində hiss edən İlyas İsmayılov üçün də gözlənilməz olub və o, bu ziyarətin Eldar Həsənova ziyan vura biləcəyini ona xatırladıb.
Qarşılığında isə Eldar Həsənov başsağlığı üçün gələn hər kəsi heyrətləndirəcək cavab verib: “Siyasi mövqelərimiz fərqli ola bilər, ancaq el adətinə, milli ənənələrimizə hörmət hər birimizin borcudur. Belə məsələlərdə iqtidar-müxalifət bölgüsü ola bilməz. Bundan başqa da, çoxlarından fərqli olaraq, mən dəqiq bilirəm ki, Siz öz milli təssüb və cəsarətinizlə mərhum Heydər Əliyevi və tərəfdarlarını 1988-ci ildə həbsdən, repressiyadan qoruyan, eləcə də işlədiyiniz müddətdə Prokurorluq sisteminin şərəfini daim uca tutan, ona nüfuz gətirən adamsınız. İndi belə bir gününüzdə də yanınızda olmayacağıqsa, bəs haçan olacağıq?!”
Xatırladaq ki, bu, səfir Eldar Həsənovun İlyas İsmayılova qarşı ilk belə ağayana jesti deyil. Bu ilin 20 martında – İlyas İsmayılovun 80 yaşı tamam olan vaxtda da, çoxlarından fərqli olaraq, ortaya cəsarətli mövqe qoymuş və İlyas İsmayılovu açıq mətnlə təbrik etmişdi.
MilliYol.Az