Andrea-Kendal Teylor
Devid Şulman
“Foreign Affairs”
04 oktyabr 2018-ci il
Rusiya və Çinin fəaliyyəti ABŞ-ın mərkəz mövqe tutduğu qlobal dünya nizamına meydan oxumaq məsələsində onların yaxınlaşdığını göstərir. Ötən ay Çin soyuq müharibə dövründən bu yana Rusiyanın keçirdiyi ən böyük hərbi təlimlərdə iştirak edib. Hərbi manevrlər başlayanda Rusiya prezidenti Vladimir Putin və ÇXR sədri Si Tsinpin (Xi Jinping) Vladivostokda münasibətlərinin növbəti ictimai nümayişini həyata keçirməklə, birlikdə araqla fəsəlli yeyiblər. Hərbi əməkdaşlığın genişlənməsi ilə yanaşı, beynəlxalq qurumlarda və yüksək səviyyədə tez-tez baş tutan görüşlərdə iki ölkənin birgə fəaliyyəti dünya nizamı baxımından onların razılıq əldə etdiyini göstərir. Bu ümumi fikirdə mərkəzi yeri belə bir inanc tutur ki, demokratiyanın zəifləməsi Qərbin təsirinin azalmasını tezləşdirə və həm Rusiyanın, həm Çinin geosiyasi məqsədlərini irəlilədə bilər.
Rusiya və Çin demokratiyaya dəstək səylərini – xüsusilə ABŞ-ın səylərini – ABŞ-ın təsirini genişlətmək və onların rejimini dağıtmaq cəhdi kimi nəzərdən keçirir, həmçinin müntəzəm şəkildə qərb demokratiyasının inkişafına mane olmağa çalışırlar. Bu səylər yeni deyil, amma onların miqyası və intensivliyi dəyişir. Rusiya xüsusilə 2014-cü ildə qərb demokratiyaları ilə mübarizə aparır. Moskva və Pekin öz gücünü ABŞ-ın fonunda ölçdükləri üçün onlar qərb demokratiyasının zəifləməsini öz mövqelərini yüksəltmək vasitəsi kimi qiymətləndirirlər. Məsələn, 2016-cı ildə Kremlin ABŞ-da prezident seçkilərinə müdaxiləsi ən azından Amerika demokratiyasını qismən ləkələmək məqsədi güdüb və Moskvaya imkan yaradıb ki, Vaşinqtonun başqa ölkələrə necə seçki keçirmək lazım gəldiyini göstərməyə hüququ çatmadığını sübut etsin. Öz növbəsində Çin liderləri öz ölkələrində Lenin-kapitalist idarəetmə formasının beynəlxalq legitimliyini möhkəmlətmək üsulu kimi demokratik normaları tədricən zəiflətməyə çalışıblar.
Artan təhlükə
Bu səylər çoxdan həyata keçirilsə də, demokratiyaya təhlükə iki amilin fəaliyyəti nəticəsində artır. Birincisi, Rusiya və Çinin xarici siyasi taktikaları özündə yeni sinenergetik xarakter daşıyır. Rusiya həyasız və qarşıdurmalı xarici siyasət yürüdür. Çin bu vaxta kimi daha yumşaq strategiyadan istifadə edib, riskdən qaçmağa çalışıb, iqtisadi əlaqələrin və təsirin möhkəmlənməsinə kömək edən sabitliyə üstünlük verib. Bu iki yanaşma müxtəlif olsa da, bir-biri ilə düz gəlməsə də, onlar birlikdə demokratiyaya daha dağıdıcı təsir göstərir, nəinki təkbaşına. Seçkilərə müdaxilə, korrupsiya və dezinformasiya kampaniyaları da daxil olmaqla Rusiyanın demokratik qurumlara hücumları bəzi subyektlərin demokratiyaya bağlılığını zəiflədir. Ancaq Çin alternativ uğur modeli təqdim edir. Daha da vacibi odur ki, bu modelin mübarizə aparan hökumətlərə gətirdiyi gəlir zəif demokratiyaların Qərbdən uzaqlaşmasına imkan yaradır. Analoji şəkildə demokratik qurumların və demokratiyaya dəstəyin zəifləməsi üzrə Rusiyanın həyata keçirdiyi səylər olmasaydı, Çinin fəaliyyəti daha az nəticə gətirəcəkdi.
Rusiya və Çinin xarici siyasi taktikası yeni tərzdə yaxınlaşır və bu yaxınlaşma sinenergetik xarakter daşıyır.
Bu dinamika Şərqi Avropa və Balkanlarda daha çox hiss olunur. Rusiyanın burada bu yaxınlarda demokratiya və AB-nin nüfuzdan salınması üzrə həyata keçirdiyi addımlar Çinin iri infrastruktur investitisiyaları ilə tandemdə işləyir. Rusiyanın çoxdandır demokratik tərəqqini pozmağa çalışdığı Serbiyanı götürək. Hazırda ölkə Çinin “Bir qurşaq, bir yol” təşəbbüsü çərçivəsində Avropadakı nəqliyyat layihələrinin maliyyələşdirilmə planlarında mərkəzi rol oynayır. Serb liderləri Çinin maliyyə dəstəyini ölkə daxilində özlərini irəlilətmək imkanı kimi nəzərdən keçirirlər. Onlar Avropa fondlarının tələb etdiyi sərt qaydalara riayət etmədən infrastrukturun yaxşılaşdırılmasını təmin edirlər. Yaranmış vəziyyət belə bir yalnış fikir formalaşdırıb ki, Çin indi böyük AB ölkələri ilə müqayisədə Serbiyaya daha çox investisiya edir. Bu iqtisadi təzyiq vasitələri Rusiyanın AB-nin çatışmazlıqları barədə israrlı həyəcan təbili ilə üst-üstə düşəndə Serbiyanın AB üzvlüyü üçün tələb olunan, qanunun aliliyinin möhkəmlənməsi kimi islahatları keçirmək qətiyyətini qırır. Serbiyada müxtəlif maraqlara və koordinasiyanın olmamasına baxmayaraq, Rusiya və Çin qarşılıqlı bir-birini möhkəmlədir.
Çin və Rusiya həmçinin demokratik qurumların dəstəyini müqavimət göstərilməli xarici təsir kimi təsvir etmək üçün artan millətçilik dalğasından və suverenlik diskursundan faydalanmağa çalışır. Rusiyanın Yaxın Şərqdə etdiyi kimi Çin də artıq çoxdandır bu narrativi Cənub-Şərqi Asiyada, xüsusilə Kamboca kimi avtoritar hökumətlərdə reklam edir. Bu cür mesajlar getdikcə Avropada daha çox səs-küy doğurur. Moskva burada qeyri-liberal populistlərin və AB əleyhdarlarının narrativlərini gücləndirməyə çalışaraq, onları milli suverenliyin vətənpərvər müdafiəçisi kimi təqdim edir. Rusiya AB-də inteqrasiyaya qarşı millətçi ab-havanı qızışdırır, “Brexit” və Kataloniyanın müstəqilliyi ilə bağlı dəstək kampaniyalarına müdaxilə edir. Bu, Kremlin Avropada fikirayrılığını qızışdırmaqla bağlı məqsədini irəlilədir, AB-nin birliyinə zərbə vuraraq, onu qətiyyətsiz oyunçuya çevirir.
Cari geosiyasi dəyişikliklər Rusiya və Çin tərəfdən demokratiyaya təhlükə törədən ikinci amildir. Tarix (həmçinin politoloqlar Karles Boys və Seva Qunitskinin araşdırması) sübut edir ki, dünyaya bir və ya bir neçə avtoritar dövlət başçılıq edəndə daha çox ölkə avtoritar olmağa başlayır. Məsələn, soyuq müharibənin başlanğıcında Sovet İttifaqının gücü bütün dünyada avtoritarizmin yayılmasına səbəb olub. Kommunizmin məğlubiyyəti və ABŞ-ın zəfəri, əksinə, demokratiyanın yayılmasına və avtokratik idarəetmə altında olan ölkələrin azalmasına gətirib çıxarıb. Geosiyasi tendensiyaların dəyişməsi o deməkdir ki, demokratiyanı möhkəmlədən amillər bu gün əks istiqamətdə işləyir, avtoritarizmin yayılması üçün daha əlverişli şərait yaradır.
Çin və Rusiya artıq çoxdandır dost diktaturaları birlikdə dəstəkləyir, bu rejimlərin dayanıqlılığını artırırlar. Onlar blokadada olan avtoritar hökumətlərin möhkəmlənməsi üçün kredit və investisiyalardan istifadə edirlər. Məsələn, Rusiyanın Venesuelada, Çinin Kambocada etdiyi kimi. Onlar həmçinin heç bir şərt irəli sürmədən maliyyə yardımı və silah təklif edirlər, bununla da insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin möhkəmlənməsi üzrə qərbin təzyiq vasitələrini məhv edirlər. Onlar başçılıq etdikləri ölkələrin daxilində öz nəzarətini möhləmlətməyə can atan hökumət və liderlərə aktiv şəkildə sağ qalma strategiyalarını ötürürlər. Hər iki ölkə Qərbin dəstəklədiyi inqilab təhlükəsinə inanır və buna sadəcə öz rejimlərinin “diffuzion müdafiəsi” ilə cavab veriblər. Onlar həmçinin başqa dövlətləri inandırıblar ki, Qərbin iştirakı təhlükəlidir. Çin hüquq mühafizə və müşahidə taktikalarının ixracatçısına çevrilib, Çin şirkətləri isə üzün tanınması sistemlərini satır və avtoritar dövlətləri telefon və internet aktivliyinə ən effektiv şəkildə necə nəzarət etmək lazım gəldiyini öyrədir.
Lakin geosiyasi dəyişikliklər bu cür birbaşa cəhd spektrini tamamlayır, çünki Rusiya və Çin daha çox dövlətlə qarşılıqlı fəaliyyət göstərir. Çinin artan gücü və Rusiyanın inadkarlığı o deməkdir ki, onlar dərhal bir çox dövlətlə qarşılıqlı fəaliyyət yönündə ticarət və himayədarlıq şəbəkələrini genişlədirlər – soyuq müharibə başa çatdıqdan sonra ABŞ da belə edib – avtoritar tendensiyaların inkişafı üçün daha çox imkan yaradırlar. Həmfikir avtokratlara dəstəkdən başqa, Rusiya və Çinin beynəlxalq aktivliyi də demokratiyanı zəiflədə bilər. Araşdırmalar göstərir ki, Qərblə geniş əlaqələr soyuq müharibədən sonra demokratiyanı və onun konsolidasiyanı təşviq edib. Rusiyanın, xüsusilə Çinin artan əlaqələri hazırda qlobal avtoritarizm dalğasını gücləndirə bilər.
Geosiyasi dəyişikliklər həmçinin o deməkdir ki, Rusiya və Çin demokratiyanı zəiflətmək üçün bilərəkdən avtokratiyanın inkişafında iştirak etməməlidir. İdarəetmə modellərinin ixracı ilə bağlı hərtərəfli düşünülmüş strategiyalar olmadan belə Çinin iqtisadi artımı və Rusiyanın inadkarlığı modellərinin uğurlu olması barədə başqa liderlərə güclü mesaj ötürür və qanuni rejim haqqında təəssüratları dəyişir. Başqaları Putinin təklif etdiyi idarəetmə modelini yamsılamağa çalışır. Məsələn, Macarıstanın baş naziri Viktor Orban (Victor Orban) və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, deyəsən, güclü Putinin taktikasına valeh olublar və nəzarəti gücləndirmək üçün onun repertuarından elementlər qəbul ediblər. İndi Si Tsinpinin şəxsi hakimiyyətini möhkəmlətdiyi bir vaxtda Çin sistemi daha çox Rusiya sisteminə oxşayır. Böyük fərqlər mövcud olsa da, Si və Putin birlikdə uğur və avtoritar idarəetmənin faydası barədə başqa liderlərə güclü mesaj göndərirlər.
Dayanıqlılığın möhkəmlənməsi
Uzun müddət qərb liderləri elə güman ediblər ki, dərin inamsızlıq və rəqabət Rusiya və Çin arasında nifaqa səbəb olacaq. Lakin bu proqnoz özünü doğrultmayıb. Əvəzində ölkələrin strategiyaları güclü, mümkün olduğu qədər qəsdsiz tərzdə bir-birini qarşılıqlı möhkəmlətməyə başlayıb. Nəticədə Rusiya və Çin bütün dünyada avtoritar tendensiyaları möhkəmlədir, liderlərin demokratiyadan imtina etməsinə səbəb olur və indiki avtokratların hakimiyyətdə qalmaq imkanlarını asanlaşdırırlar.
Çin və Rusiyanın anti-demokratik fəaliyyətinə görə onlara birbaşa müqavimət göstərmək cəhdləri çətin ki, nəticə versin. Bu səylər sadəcə onların əməkdaşlığını daha da möhkəmlədəcək. Hərçənd bu tendensiyaya qarşı çıxmaq üçün Qərbin istifadə edə biləcəyi vasitələr var. Pozitiv demokratik idarəetmə modellərinə dəstəyə əlavə olaraq ABŞ və tərəfdaşları Çin və Rusiya üzrə müstəqil coğrafiyanın inkişafına dəstək, habelə avtoritarizm və onunla əlaqəli millətçi liderlərin təsirini işıqlandıra biləcək araşdırma jurnalistikası və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi yolu ilə ən çox riskə məruz qalan ölkələrin demokratik dayanıqlılığının möhkəmləndirilməsi üzrə səylərini artırmalıdır. Ölkənin tənzimləyici mühiti, vətəndaş cəmiyyəti, siyasi partiyaları və müstəqil KİV-ləri nə qədər güclü olsa, avtoritar dövlətlərin demokratik qurumlara hücumları bir o qədər qeyri-effektiv olacaq, avtoritar narrativlər və modellər bir o qədər cəlbediciliyini itirəcək. Çin və Rusiya təsirinə qarşı ən effektli silah ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə daxili elektorata öz demokratiyalarına qaşı xarici dağıdıcı aktivliyə müqavimət göstərmək imkanının verilməsinə yönəlmiş fəaliyyət olacaq. (Xpressa.net)
MilliYol.Az