Sərdar TURQUT
“Habertürk”, Türkiyə
ABŞ-ın Xarici işlər naziri Mayk Pompeo regionda İran əleyhinə koalisiya formalaşdırmaq üçün BMT-də Körfəz Əməkdaşlıq Təşkilatı ölkələrinin təmsilçilərilə görüşlər keçirir. Buna paralel olaraq, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Küveytə səfəri də Vaşinqtonda yaxından izlənilir.
Küveyt bir müddətdir ki, Qətərlə yaşanan böhranın həlli üçün çalışır. Səudiyyə Ərəbistanı isə irəli sürdüyü 13 maddəlik şərtləri qəbul edilmədiyi halda, problemə fərqli həll tapılmasına qarşı olduğunu hər fürsətdə Vaşinqtona çatdırır.
Biz gözləyərik
Səudiyyə Ərəbistanının Xarici işlər naziri Xarici Əlaqələr Şurasındakı (Council on Foreign Relations) çıxışında bunu açıqca ifadə edib və “Gözləməyə səbrimiz var, lazım olarsa, 50 il belə gözləyə bilərik” deyib.
ABŞ isə İran məsələsilə bağlı tələsir, çünki İsrail durmadan təzyiq edir. Baş nazir Netanyahu, İranın gizli atom bombası istehsalı mərkəzinin olduğunu ünvanı ilə birlikdə açıq söyləyincə, İsrailin İrana qarşı hərəkətə keçməsi üçün ABŞ-a etdiyi təzyiq daha da artıb.
ABŞ Körfəz Əməkdaşlıq Təşkilatı ölkələrindən əlavə, İordaniya və Misirlə də işləyərək, onları da İran əleyhinə koalisiyaya aktiv şəkildə daxil etməyə çalışır. İsrail onsuz da Aralıq dənizindəki təbii qaz yataqları ilə bağlı ABŞ-ın da aktiv dəstəyi ilə Misirlə əməkdaşlıq edir.
Orta Şərq strateji əməkdaşlığı
Xarici İşlər Nazirliyinin mətbuat katibi Hizer Nauert ABŞ-ın regionda yeni Orta Şərq strateji əməkdaşlığı yaratmaq üçün fəaliyyətdə olduğunu açıqlayıb. Bu əməkdaşlığın İsrail və Səudiyyə Ərəbistanının maraqlarını qoruyacaq strateji ortaqlıq olacağı məlumdur.
ABŞ hazırda Türkiyənin bu təşəbbüsə verəcəyi reaksiyanın necə olacağını bilmir, ancaq Türkiyənin hadisələrin bu istiqamətdə inkişaf etməsindən elə də xoşlanmayacağı təxmin edilir.
Anlaşılan odur ki, regionun yaxında hüzura qovuşması atılan bu addımlara görə çox çətin görünür.
MilliYol.Az