Vladimir Skosıryev
Nezavisimaya gazeta, 01.10.2018
ABŞ müdafiə naziri Ceyms Mettis Çinə oktyabra nəzərdə tutulmuş səfəri təxirə salıb. Bu, məcburi addım idi. Vaşinqtondakı anonim qaynaqlara görə, Pekində Pentaqon başçısını qəbul etməkdən imtina ediblər. İki dövlət arasında təhlükəsizlik üzrə danışıqların kəsilməsi onların münasibətlərinin bütün yönlərdə kəskin pisləşməsini rəmzləşdirir. Təşəbbüsçü Çin hərbçilərini RF-dən silah almağa görə sanksiyalara məruz qoyaraq və Pekini Konqresə seçkilərə müdaxilədə ittiham edərək Çin idxalına tarifləri yüksəltmiş ABŞ olub.
ÇXR xarici işlər naziri Van İ BMT Baş Assambleyasının cari sessiyasını işıqlandıran reportyorların şüuruna sakitlik notları gətirməyə cəhd edib. O deyib ki, Pekin və Vaşinqton arasında ixtilafdan xoflanmaq üçün səbəb yoxdur. Amma eyni zamanda xəbərdarlıq edib ki, Çin ticarət sahəsində şantaja, ya qısqıya uymayacaq.
Bununla belə, Reuters-in xəbər verdiyi kimi, ABŞ administrasiyasının baş məmuru anonimlik şəraitində xəbər verib ki, gərginliyin yayılması baş verir. Və bu, hər iki tərəf üçün təhlükəli ola bilər.
Özü də gərginliyin təşəbbüsçüsü məhz ABŞ olub. O, Cənubi Çin dənizinə iki mərcan qayasının yaxınlığına 12 millik zonaya yönəldilən “Decatur” raketli esmines göndərib.
Çin dayaz yerdə və mərcan qayalarının yerində meydana çıxmış tökmə adaları hərbi bazaya çevirib. Orada HHM raketləri, radarlar və arabir aerodromlar üçün sığınacaq qurulub. Adətən, Pentaqon bu adalara gəmi, ya kəşfiyyat təyyarəsi göndərəndə Çin hərbçiləri amerikalılara xəbərdarlıq edirlər: “Siz Çin ərazisindəsiniz. Dərhal uzaqlaşın!” Amma Amerika dənizçiləri və təyyarəçiləri bu əmri yerinə yetirmirlər. Amerika məmurunun CNN-ə dediyi kimi, ABŞ HHQ və HDQ-nin əməliyyatı Çinin dənizdəki hədsiz dərəcədə ərazi iddialarına meydan oxumağa və Amerikanın azad gəmiçilik prinsiplərinə tərəfdarlığına nəzərdə tutulub.
Başqa sözlə, Britaniyanın “EXPRESS” qəzetinin yazdığı kimi, amerikalılar xəbərdarlıq edirlər: “Təkcə qüvvə işlətməsəniz, bu yerlərdə üzməyimizə mane ola bilməzsiniz”. Üçüncü dünya savaşının başlanması riskini də məhz bu doğurur.
Mettisə gəlincə, o, Çinin böyük məmurlarıyla qarşılıqlı təhlükəsizlik problemini müzakirə etmək üçün əvvəlcə ÇXR paytaxtına səfər etməyi planlaşdırmışdı. Danışıqların saxlanılması dərhal bir neçə cəbhədə fikir ayrılıqlarının gücləndiyini əks etdirir. ABŞ prezidenti Donald Tramp nahaq deməyib ki, ehtimal ki, ÇXR sədri Si Szinpinlə dostluğu bitib. Tramp sentyabrın 24-də əvvəlki məhdudiyyətlərə əlavə olaraq Çin idxalatına 200 milyard dollar həcmində 10 faizlik tariflər qoyub. Pekin bundan sonra Vaşinqtonla nəzərdə tutulmuş ticari danışıqlardan imtina edib. Çinin ticarət danışıqçısının müavini Van Şouven deyir: “Bıçağı xirtdəyinizə dayamış adamla necə danışıqlar aparmaq olar?”
ABŞ hökuməti sonra Rusiyadan qırıcılar və raket sistemləri aldıqları üçün Çin hərbçilərinə sanksiyalar qoyub. Trampın Çini Amerika Konqresinə qarşıdakı seçkilərə müdaxilədə ittiham etməyi gərginliyin kəskinləşməsinin daha bir simptomu olub. Prezident bildirib: “Onlar istəmirlər ki, mən, ya da biz qalib gələk, çünki mən ticarətdə Çinə haçansa meydan oxumuş ilk prezidentəm”.
Deməli, bəs gərginlik nəylə qurtara bilər? Rusiya EA Uzaq Şərq İnstitutunun baş elmi əməkdaşı Aleksandr Lomanov “NG” ilə söhbətdə deyib: “Amerika tərəfi iqtisadi münasibətlərin özülünü bilə-bilə sökür ki, Çinə siyasi, hərbi və ideoloji sahələrdə basqı üçün əl-qolu açılsın. Axı hələ 1990-cı illərdə hesab olunurdu ki, Çin və ABŞ arasında ticarətdə böyük qarşılıqlı asılılıq bütün etibarlı münasibətlərin sabitləşdiricisi rolunu oynayır. Yəni iqtisadiyyat, ticarət və yatırımlar güclü toqquşma və ziddiyyətlərin olmayacağına zəmanət rolunu oynayır. Soyuq savaş dövrünə xas olan hərbi qarşıdurma, ideoloji polemika dayanır. Çin analitikləri də, KİV-ləri də bunu vurğulayıb”.
Ekspert yada salıb ki, Si Szinpin hələ hakimiyyətə gələnədək 2012-ci ildə ABŞ-a səfər edib. Və bax, o zaman ilk dəfə fikir meydana çıxıb: böyük dövlətlər arasında yeni tipli münasibətlər qurmaq. Bu, sonralar rəsmi status alıb. Yəni Si ABŞ-a özəl tipli imtiyazlı qarşılıqlı münasibətlər təklif etməyə səy göstərib. O, qarşılıqlı sayğı, mənfəət, münaqişəsizlik əsasında qurulmalıdır.
Və budur, indi bu konstruksiya Amerika tərəfinin təşəbbüsüylə demontaj dövrünə girib. Çin bununla bağlı heç nə edə bilməz. Lomanov ehtimal edir ki, yəni Çin tərki-silah ola, ticarətin saxlanması xatirinə amerikalıların ən sərt şərtlərinə gedə bilərdi. Amma hər şeyə əsasən, Amerika Çinə siyasi, hərbi və iqtisadi sahədə daimi basqıya keçməyə hazırdır.
Ekspert yekun vurub: “Çin bu prosesə nəzarət etmir. Tərki-silaha bənzəməyən təmkinli mövqe tutmağa çalışır. Amma Çin-Amerika münasibətlərində hələlik yeni hüdudlar görünmür”.
MilliYol.Az