Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında növbəti oyununu keçirib
Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv III tur çərçivəsində Rusiya yığması ilə qarşılaşıb. Oyun rəqibin qələbəsi ilə başa çatıb – 3:0. İlk 2 setdən 25:21 hesablı üstünlüklə ayrılan qonşu ölkə voleybolçuları sonuncusunu daha az fərqlə öndə bitirib - 25:22.
Bu, Azərbaycan yığmasının dünya çempionatında ikinci məğlubiyyəti olub. Faiq Qarayevin baş məşqçi olduğu kollektiv ilk turda ABŞ-a da eyni hesabla uduzub. Ötən tur isə Cənubi Koreya üzərində qələbə qazanmaq mümkün olub - 3:1.
Bu qələbədən sonra xallarını 8-ə çatdıran Rusiya C qrupunda liderliyə yüksəlib. Azərbaycan isə 3 xalla 4-cü sıradadır.
Azərbaycan millisi oktyabrın 3-də Trinidad və Tobaqo ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 08:40-da başlayacaq. Oktyabrın 4-də saat 11:10-da isə rəqib Tailand olacaq.
MilliYol.Az