Binədəki qəzada xəsarət alanlarin son vəziyyəti açıqlandı
Səhiyyə Nazirliyi Bakının Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanlarla bağlı son durumu açıqlayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasında 12 nəfər müalicəsini davam etdirir:
“Onların 5-i reanimasiya şöbəsində yerləşdirilib ki, həmin şəxslərin də 2-sinin vəziyyəti ağırdır. Xəstəxananın travmatologiya şöbəsində 2-si uşaq olmaqla 7 nəfər müalicəsini davam etdirir”.
Nazirlik rəsmisinin sözlərinə görə, indiyədək xəstəxanada 3 xəstə üzərində cərrahiyyə əməliyyatı həyata keçirilib. S.Əhmədova qeyd edib ki, qəza zamanı yaralanan şəxslərdən 6-sı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilmişdi. Onlardan 2-si artıq ambulator yardım alaraq evə buraxılıb.
Elmi Tədqiqat Travmatologiya İnstitutuna yerləşdirilmiş 3 nəfərdən 1-i ambulator yardım alaraq evə buraxılıb. Qalan iki nəfərin vəziyyəti orta ağırdır. Xəstələrdən birinin çiynində sınıq olduğu üçün onun əməliyyat ediləcəyi gözlənilir.
Xatırladaq ki, oktyabrın 1-də saat 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “10-TG-106” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza nəticəsində 34 nəfər xəsarət alıb. Onlardan 1 nəfəri – 13 yaşlı məktəbli oğlan dünyasını dəyişib. Hadisə nəticəsində 5 nəfəri azyaşlı olmaqla 27 nəfər yaralı 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişdi.
MilliYol.Az