Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını boğub öldürməkdə ittiham olunan Elvin Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını boğub öldürməkdə ittiham olunan Elvin Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, prosesdə şahid qismində mərhum Günel Qəhrəmanlının bacısı Vüsalə Cavadova dindirilib. Təqsirləndirilən şəxsin üzünü görmək istəmədiyini deyən şahid bacısının günahsız olduğunu bildirib və istintaqa verdiyi ifadəsini təsdiq edib.
Məhkəmə prosesi oktyabrın 8-də davam edəcək.
İttihama görə, hadisə bu il yanvarın 22-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. Cəlilabad rayon sakini E.Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb. Qətlin qisqanclıq zəminində törədildiyi bildirilir. E.Qəhrəmanlı arvadının başqa oğlanla telefonda danışdığını eşidib. Daha sonra isə telefonda onların mesajlaşmalarını oxuyub. Bundan sonra arvadını yastıqla boğaraq qətlə yetirib.
E.Qəhrəmanlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, 1993-cü il təvəllüdlü E.Qəhrəmanlının G.Qəhrəmanlı ilə birgə nikahdan iki övladı var. Onlardan biri 7, digəri 5 yaşındadır.
MilliYol.Az