Milli Məclisin deputatı Qüdrət Həsənquliyev azərbaycanlı siyasətçi və məmurların ingilis dili biliklərini aşağı qiymətləndirir
“Mən sovet dövründə orduda xidmət edəndə azərbaycanlı əsgərlər rus dilində, tutaq ki, ermənilərə nisbətən pis danışırdılar. Bakı, Sumqayıt və Gəncə sakinləri istisna idi”, - virtualaz.org-un müxbiri Milli Məclisdən xəbər verir ki, bugünkü plenar iclasda Q.Həsənquliyev belə deyib.
Bu gün isə, onun sözlərinə görə, digər xarici dilləri, o cümlədən ingilis dilini mükəmməl bilmək vacibdir.
“Azərbaycanın hakimiyyətyönümlü və müxalif partiyalarının nümayəndələrinin ingilis dili bilikləri çox aşağı səviyyədədir. Ermənilər və gürcülər bizim ölkə təmsilçilərinə nisbətən ingiliscə daha yaxşı danışırlar. Buna görə də, hesab edirəm ki, siyasi xadimlər üçün pulsuz ingilis dili kursları təşkil olunmalıdır”, - millət vəkili qeyd edib.
Onun təklifinə cavab olaraq, Milli Məclisin spikeri Oqtay Əsədov deyib ki, bir neçə il öncə o, parlament üzvləri üçün pulsuz ingilis dili kursları təşkil etmək təklifi ilə çıxış edib. “Lakin bu təşəbbüsə yalnız üç-dörd deputat qoşulmuşdu”, - O.Əsədov sözünü yekunlaşdırıb.
MilliYol.Az