Rusiya Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Bondarev Rusiyanın Suriyada əməliyyatlara başlamasından bu yana 112 rus əsgərinin həyatını itirdiyini bildirib
Reyting.az bildirir ki, Bondarev Rusiya Silahlı Qüvvələrinin Suriyada əməliyyatlara başlamasının üçüncü ildönümü münasibətilə mətbuat bəyanatı verib.
Sovetlər Birliyi dövründə Əfqanıstanda ilk üç il ərzində təxminən 4 min 800 əsgər, ən azı 60 tank və 400 zirehli vasitə ilə 15 təyyarə, 97 helikopter itirdiklərini xatırladan Bondarev deyib:
"Hazırda silahlı qüvvələrimiz Suriyada 112 əsgər itirib. Bu əsgərlərin təxminən yarısı “An-26” təyyarəsinin qəzası və “İl-20” təyyarəsinin vurulması ilə ölüb. Bundan başqa, 8 təyyarə, 7 helikopter və bir neçə zirehli maşın itirmişik".
Bondarev 2003-2006-ci illərdə İraqda həyata keçirdiyi əməliyyatlarda ABŞ rəhbərliyindəki koalisiyanın 2 min 515 hərbçi, 10-20-ə yaxın tank, ən azı 50 zirehli maşın, 15 təyyarə və təxminən 80 helikopter itirdiyini bildirib.
Rusiyanın “An-26” tipli hərbi təyyarəsi bu il martın 6-da Hmeymim hərbi hava bazasında texniki səbəblərlə düşmüş, içində olan 39 Rusiya əsgəri həyatını itirmişdi.
Suriyada sentyabrın 17-də kəşfiyyat uçuşu keçirən və 15 əsgər daşıyan Rusiyanın “İl-20” təyyarəsi Aralıq dənizi üzərində Suriya hava müdafiə raket sistemi ilə vurulmuşdu.
MilliYol.Az