Yasin AKTAY
“Yeni Şafak”, Türkiyə, 29 sentyabr 2018-ci il
İndiyə qədərki ABŞ prezidentləri arasında ən dürüst olanı, mübahisəsiz, Trampdır. O, söylədikləri ilə ABŞ xarici siyasətinin üzərinə indiyə qədər geydirilmiş bütün dəbə uyğun geyimləri çıxarır, taxılmış maskaları atır və nəhəng bir gücün dünyaya ürküdücü baxışını bütün çılpaqlığı və zidiyyətlərilə birgə ortaya qoyur.
Əslində o, cəsarət tələb edən dürüstlüyü ilə ABŞ-ın bütün mənfəətçiliyini da etiraf etmiş olur. Deyir ki, bundan sonra ancaq bizə dost olan ölkələrə yardım edəcəyik. ABŞ-ın ancaq öz maraqlarını düşünməli, enerjisini başqa ölkələri müdafiə etməyə sərf etməməli olduğunu söyləyərkən, sanki, indiyədək işlərin belə getmədiyinə eyham vurur.
Bütün dürüstlüyünə rəğmən, təbii ki, işin bu qismi həqiqəti ifadə etməkdən çox uzaqdır. Sadəcə məsələyə özünün və ya amerikalıların necə baxdığına dair baxışını dürüstcə əks etdirmiş olur.
Yoxsa, ABŞ-ın indiyədək marağı olmayan heç bir işin içinə girmədiyi elana ehtiyacı olmayan məlum bir şeydir.
Trampın gözünə batan şey ABŞ-ın beynəlxalq əlaqələrindən digər millətlərin və dövlətlərin də qazanclı çıxmasıdır. O, məsələyə öz qazancına baxmayaraq, ortağının qazancını gözündə böyüdən acgöz ortaqlar kimi baxır. Baxmayaraq ki, öz qazancı ortağının qazancına bağlıdır. Belə ki, ortağı qazanmasa, özü də qazana bilməyəcək.
İş dünyasında da çoxsaylı ortaqlıqlar belə acgözlüyə görə pozulmurmu? Rasionallıq nə qədər inkişaf etsə də, insanlar arasındakı münasibətlərdə bu bəsit, arxaik, ibtidai duyğulardan, tamah və həsəddən xilas ola bilmir.
Dövlətlərarası münasibətlər başqa cür və daha rasional əsasda aparılmalı olsa da, çox müxtəlif faktorlar dövrəyə girərək, yenə məlum tamah və həsəd hissini işə salar. Buna artıq “milli tamah”, “milli həsəd” də deyə bilərsiniz.
Tramp administrasiyasının qloballaşmanı yox sayaraq, ondan “artıq vaz keçərək”, nəhayət, çatıb dayandığı beynəlxalq əlaqələr məntiqi sadəcə ABŞ-ın qazanclı çıxacağı, özündən başqa heç kimin qazanclı olmayacağı bir alış-verişdir. Gündəlik ticarətdə belə – sadəcə bir tərəfin qazanclı çıxdığı alış-verişi davam etdirmək mümkün olmaz.
Qloballaşma bu davranışla, həqiqətən, bitirmi? Bu suala sonra dönərik. Ancaq ABŞ-ın bu davranışı əslində, bir baxımdan, yeni dünya nizamının astanasında olduğumuzu göstərir.
Qloballaşmadan geri dönüş olmaz. Qloballaşma artıq ABŞ-a rəğmən davam edən bir prosesdir, lakin hansı istiqamətdə gedəcəyi beynəlxalq aktyorların təsirlərilə müəyyən olunacaqdır.
İki gündür ki, Strateji Düşüncə İnstitutunun (SDİ) TİKA, Türk Tarix Qurumu və Azərbaycan Tarix İnstitutu ilə birlikdə təşkil etdiyi Qafqaza həsr olunmuş strateji konfransla bağlı Bakıdayıq.
Qafqaz geniş və dünyanın ən önəmli coğrafiyalarından biridir. Çindən Avropaya qədər uzanan geniş coğrafiya üçün enerji təklifini təmin edə biləcək bir bölgədir. Ancaq bu xüsusiyyəti üzündən eynilə Orta Şərq kimi hüzuru və sabitliyi davamlı olaraq hədəfdədir.
Qafqazın bütünlüklə sabitliyə qovuşması, buradakı neft və təbii qazın Avropa, Çin və Hindistana etibarlı şəkildə çatdırıla bilməsi bu bölgənin xalqlarını yenidən canlandıra bilər.
Əslində hadisələrin, yaxşı baxılarsa, enerji qaynaqlarına sahib olan bütün ölkələrin qazanclı çıxacağı belə inkişafı enerji təklifinə təkbaşına hökm etmək istəyən Rusiya tərəfindən təhdid olaraq qəbul edilir.
Beləliklə, həll edilə bilməyən məsələlərlə boğuşaraq birləşə bilməyən Qafqaz, Rusiya üçün öz təhlükəsizliyini təmin etmənin bir yolu olaraq görülür.
Ermənistanın Qarabağı işğal etməsini dəstəkləyərək, onunla Azərbaycan arasında yaratdığı problem bugünədək Rusiya tərəfindən Azərbaycan və Qazaxıstan neftinin Türkiyə üzərindən ölkəmizə və Avropaya nəql edilməsini əngəlləyən qüsursuz bir “problem-həll” mexanizmi olaraq işlədilmişdir.
Toplantı iştirakçılarından biri (Rusiya – tərc.) bu yolla, demək olar ki, region üçün Ermənistandan İsrail, Qarabağdan da Fələstin yaratmış durumdadır. Faktiki olaraq, İsrail və Fələstinin Orta Şərq sülhü üçün oynadığı rolun bənzəri bu yolla Ermənistana oynadılmış olur. Ermənistan, işğal etdiyi torpaqlarla birlikdə bütün regionun bütünləşməsi önündə təbii bir əngəl yaradır.
Halbuki bu bütünləşməni təmin etmək yeni bir dünyanın qurulmasına öncüllük etmək deməkdir və bu fürsət Türkiyə ilə Rusiyanın əməkdaşlığı üfüqündə görünür. Bu üzdən, paradiqmanı (dəyərlər və dəyərləndirmə sistemini – tərc.) dəyişdirmək lazımdır. Öz hərbi və ya iqtisadi təhlükəsizliyini regional aktyorların inkişafını əngəlləmək üzərində deyil, onların önünün açılması, onların önünün açılmasına liderlik edilməsi üzərində yenidən dizayn etmək lazımdır.
Rusiya neft təklifi üzərində inhisarçılıq yaratmaq üçün heç bir ehtiyacı olmadığı halda Qazaxıstan və Türkmənistan kimi ölkələrdən bu ölkələr özlərinin alternativ nəql yollarını yaratmağa ehtiyac duymasınlar deyə, neft və qaz alır. Bu, bir tərəfdən onun özünə baha başa gəlir, digər tərəfdən də inhisarçı məntiqi üzündən region xalqlarına etimad yaradan liderliyə girişməsinə imkan verməməkdədir. Alternativ yollardan biri isə Xəzər-Bakı-Tbilisi-Ceyhandır.
Hazırda yeni bir şərait mövcuddur. Hər kəsin qazanclı çıxacağı yeni bir nizam Türkiyə və Rusiyanın Qafqazda əməkdaşlığından keçəcəkdir. Son zamanlarda hər iki ölkənin yaxınlaşması və əməkdaşlığının Suriyada bütün dünyanın təqdirlə qarşıladığı necə bir həll yolunun önünü açdığı görüldü. Bu əməkdaşlıq daha strateji və daha qurucu bir səviyyəyə qaldırılmalıdır.
Qafqaz çoxmillətlidir, lakin mədəni ortaqlıqları daha çoxdur. Bunun heç önəmi yoxdur. Çünki mədəni yaxınlıq əməkdaşlığın daha yaxşı işləyəcəyinin təminatı olmadığı kimi, müxtəlifliklər də birgə yaşamağa əngəl deyil. Avropa bütün mədəni ortaqlıqlarına rəğmən, yüz illərlə bir-birini yeyərək, öz daxilində vuruşub. Bu gün isə bütün müxtəlifliklərə rəğmən, kifayət qədər yaxşı işləyən birlik praktikasını ortaya qoymuş durumdadır. Eyni şeyin Qafqazda olmaması üçün bir səbəb yoxdur.
Qafqazı problemlər məkanı olaraq deyil, fürsətlər məkanı olaraq görmək və elə də dəyərləndirmək lazımdır.
SDİ özünün yenilənmiş kadrları ilə bu sahəyə dair xeyirli bir iş görmüş oldu. İki gün davam edən konfransda başda Türkiyə, Rusiya və Azərbaycan olmaqla, bütün Qafqaz ölkələrindən gələn iştirakçılar Qafqazın dünəni, bu günü və gələcəyinin strateji baxışla hərtərəfli müzakirə edildiyi məhsuldar bir işə imza atmış oldu. Allah razı olsun.
MilliYol.Az