ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) tarixdə ilk dəfə Azərbaycan məmurunu dindirə bilər
Həmin məmur "Bakılifttəmir” İB-nin başçısı Qüdrət Şükürovdur.
Xatırladaq ki, ABŞ-ın “United Technologies Corporation” şirkəti ətrafında böyük qalmaqal yaranıb. Hətta şirkət sentyabrın 12-də bu ölkənin Qiymətli Kağızlar Komitəsinə (SEC) 13.4 milyon dollar cərimə ödəməyə razılaşmışdı da.
Buna səbəb şirkətin törəmə müəssisəsi olan “Otis Elevator Co.” lift istehsalı şirkəti tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı “Liftremont” kimi gedir) rüşvət verilməsidir.
SEC bildirir ki, “Otis Elevator Co.” Bakının dövlət balansında olan binalarını liftlə təchiz etmək üçün Bakı Lift-Təmir İstehsalat Birliyinin məmurlarını rüşvətlə ələ alıb. Bununla da ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktını pozub. “United Technologies Corporation” Azərbaycan məmurlarına rüşvət verdiyini nə təsdiq, nə də təkzib edir.
SEC şirkətə qarşı təhqiqatı daxili inzibati sərəncam çərçivəsində aparıb və işin məhkəməyə göndərilməməsi üçün “United Technologies Corporation”a cərimə ödəməyi təklif edib. Şirkət təkliflə razılaşıb və 13.9 milyon dolları dövlətə ödəyib.
SEC bildirir ki, 2012-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın ictimai yaşayış binalarının yeni liftlərlə təchiz edilməsinə dair tender elan edib. “Otis Elevator Co.” bu tenderi udmaq üçün Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərliyinə rüşvət verməyə razılaşıb. Rüşvətin verilməsi və liftlərin alınması üçün kağız üzərində subpodratçı şirkətlər və vasitəçilər üzərindən qurulmuş sxemdən istifadə olunub.
MilliYol.Az